EN

Masazırda ümid verən oyun

“Sabah” Konfrans Liqasının III təsnifat mərhələsinə yüksəlib. “Bayquşlar” II təsnifatda Moldovanın “Petrokub” komandasına hər iki oyunda qalib gəlməklə mərhələ adlayıb – 2:0, 4:1.

Moldovada baş tutan ilk matçda inamlı qələbə qazanaraq şanslarını artıran “Sabah” azarkeşləri önündə də rəqibinə imkan tanımadı. Valdas Dambrauskasın rəhbərlik etdiyi kollektiv ilk hissədəcə oyunun və cütün taleyini həll etdi. Ardıcıl qollarla rəqibin müqavimətini qıran “Sabah” parlaq qələbə sayəsində adını növbəti mərhələyə yüksəldi.

Dambrauskasın gəlişindən sonra daha çox hücum futboluna üstünlük verən “Sabah” mövsümün ilk 4 rəsmi matçında 11 qol vurub. Bu, komandanın irəli xəttdəki effektivliyinin xəbərçisidir. Xüsusilə son oyunlarda Coy-Lens Mikelsin fəallığı mövsümöncəsi məşqçilər korpuisuna əlavə xoşbəxtlik gətirir.

“Sabah” hələ tam ideal oyun formasına düşməsə də, sərgilənən oyun, sürətli hücumlar və yaradılan fürsətlər gələcəyə nikbin baxmağa əsas verir. “Sabah” əvvəlki mövsümlərdə də müəyyən anlarda belə performanslarla diqqətdə olub, lakin stabilliyin olmaması komandanı enişə aparıb. 4 rəsmi oyuna nəzərən komandanın düzgün yolda olduğunu demək olar. Lakin növbəti turdakı rəqib daha çətin olacaq və “Sabah”ın həqiqi gücünü, nəyə qadir olduğunu məhz Bolqarıstan təmsilçisi “Levski” ilə matçlarda görəcəyik.

Şahin Cəfərov

Chosen
11
futbolpress.az

1Sources