EN

Ayvazovskinin Qarabağa aidiyyatı yoxdur - Elxan Şahinoğlu

Rusiyanın işğal altındakı torpaqlarda həyata keçirdiyi mədəni siyasət ifşa olundu

Xankəndidə dəniz mövzulu rəsmləri ilə tanınan rus rəssam İvan Ayvazovskinin heykəli sökülüb. Heykəl 2021-ci il dekabrın 1-də "Rusiya şöhrət xiyabanı" layihəsi çərçivəsində qanunsuz şəkildə separatçılar və Rusiya sülhməramlıları tərəfindən ucaldılmışdı. Xatırladaq ki, bir vaxtlar Qarabağ bölgəsində qanunsuz ucaldılan bir çox binalar və "abidələr" 2023-cü ilin payızında separatçı rejimin süqutundan sonra yerlə yeksan edilib. 

Ayvazovski tanınmış rus dəniz rəssamı olsa da, heykəlin 2021-ci ildə Qarabağda Rusiya sülhməramlılarının iştirakı ilə və separatçıların nəzarətində olan ərazidə ucaldılması beynəlxalq hüquq baxımından qeyri-legitim idi. Bu kimi abidələrin məqsədi çox vaxt siyasi mahiyyətli və bölgədəki vəziyyəti legitimləşdirmə cəhdi idi. Halbuki, Azərbaycan tərəfi dəfələrlə bu cür addımların qeyri-qanuni olduğunu bəyan etmişdi. Ona görə də bu cür qondarma abidələrin sökülməsi vacibdir və Rusiya mediasının hadisə ətrafında şüvənçiliyi mənasızdır. 

Politoloq Elxan Şahinoğlu "Sherg.az"a deyib ki, Rusiya imperiyasının mövcud olduğu illərdə yaşamış erməniəsilli rəssam İvan Ayvazovskinin Qarabağa heç bir aidiyyəti yoxdur. Ekspert bildirib ki, Ayvazovski Krımda anadan olub, orada da vəfat edib: 

"Rusiya sülhməramlıları Qarabağa yerləşdikdən bir il sonra, yəni 2021-ci ildə işğal altındakı Xocalı ərazisində tələm-tələsik "Rusiya Şöhrət xiyabanı" yaratdılar və orada Azərbaycana aidiyyəti olmayan şəxslərin heykəllərini qoydular. Rus hərbçiləri orada Aleksandr Nevski, Denis Davıdov, Mixail Lermontov, Qavril Derjavin, Aleksandr Puşkin, Nikolay Karamzin, Lev Tolstoy, Anton Çexov, Vasili Şukşin və Mixail Şoloxovun büstlərini yerləşdirdilər. Azərbaycanda rus ədiblərinə, Lermontovdan tutmuş Puşkinə qədər böyük hörmət var, əsərləri məktəblərdə tədris olunur. Bakının mərkəzi bağlarının birində Puşkinə heykəl də qoyulub. Ancaq Rusiya hərbçilərinə kim səlahiyyət vermişdi ki, onlar Azərbaycanın işğal altındakı torpaqlarında büstlər qoysunlar?! Bu, Kremlin təxribatı idi. Bakıya dolayı mesaj vermişdilər ki, bölgədən çıxmayacaqlar. Ancaq vəziyyət dəyişdi, bölgədə nə rus hərbçiləri, nə də onların büstləri qaldı, yerdə qalanlar da təmizlənmək üzrədir".

Analitik qeyd edib ki, Kremlin nəzarətindəki media və siyasətçilər İvan Ayvazovskinin büstünün götürülməsi ətrafında haray-həşir salıblar: 

"Utanmazcasına bunu "vandalizm" adlandırıblar. İcazəsiz heykəl qoyduqları bəs deyil, hələ bizə qarşı ittiham irəli sürürlər. Azərbaycana qarşı qara təbliğatın başında yenə rusiyalı deputat Konstantin Zatulin dayanıb. Ümumi xora digərləri də qoşulub. Azərbaycan əleyhinə yayımladıqları xəbərlərdə Prezident İlham Əliyevin Mədəniyyət Nazirliyinə Azərbaycan dili və ədəbiyyatı ilə bağlı vəzifələrin həvalə olunması barədə imzaladığı fərmana da "ilişiblər". Rusiyadakı şovinistlər bu fərmana da siyasi don geyindirməyə çalışıblar. Hər bir dövlətin öz dilini təkmillləşdirmək hüququ var. Rusiyanın imperiya siyasəti bunu qəbul etmək istəmir. Hazırda rus şovinizmi ilə mübarizədəyik, geriyə yol yoxdur, Azərbaycan dilinin ölkə ərazisinin hər yerində tətbiqinə nail olmalıyıq".
Chosen
66
sherg.az

1Sources