EN

1867 müəllim iş yerindən niyə imtina edib? - “Mənim kimi bir çoxu bu istəkdədir”

“O zaman müəllim hər hansı məktəbə təyinat alır və üç il həmin ərazidə işləməli olurdu. Təyinatdan imtina edənlərin diplomu qüvvədən düşürdü”.

Bunu "Yeni Sabah"a təhsil eksperti Etibar Əliyev bildirib.

O, müəllimlərin işə qəbulu (MİQ) üzrə vakansiya seçimində yenilikləri şərh edib. Sezar pizza

Xatırladaq ki, bu gün artıq ilk yenilik – MİQ üzrə müsabiqənin faktiki yaşayış rayonuna uyğun seçim mərhələsinə başlanılıb. Vakant yer tutduqdan sonra imtina edən namizədlərin növbəti vakansiya seçimlərində iştirakı təmin olunmayacaq.

Yeni qaydalara toxunan Etibar Əliyev bildirib ki, bəzi region məktəblərində 1 müəllim 2 və ya 3 fənni tədris etməyə məcbur qalır:

“21-ci əsrdə belə vəziyyətin mövcudluğu təhsil sistemindəki ciddi qüsurlardan xəbər verir. Region məktəblərində ixtisas müəllimlərinin çatışmazlığı imtahan nəticələrinin aşağı olmasına da səbəb olur. Əvvəllər ucqar rayonlara təyinat alan müəllimlər üçün müxtəlif imtiyazlar tətbiq olunurdu. Təəssüf ki, bu mexanizm artıq mövcud deyil. Yeni qərarlar qəbul olunmalı, bölgələrdə kadr çatışmazlığının qarşısı alınmalıdır. 

O zaman müəllim hər hansı məktəbə təyinat alır və 3 il həmin ərazidə işləməli olurdu. Təyinatdan imtina edənlərin diplomu qüvvədən düşürdü. Həmin dövrdə nizam-intizam var idi. İndi əksər müəllimlər şəhərdə dərs deməyə üstünlük verir, ucqar kəndlərə getmək istəmirlər. Çünki həmin ərazilərdə nə yol, nə də yaşayış şəraiti müəllimlər üçün uyğun deyil. Maaş da onları qane etmir”.

Ekspert hesab edir ki, bu problemin həlli üçün ciddi stimullaşdırıcı tədbirlər görülməlidir:

“Əgər müəllimlər imtahandan sonra yaşadıqları əraziyə yaxın yerlərə təyinat alsalar, bu zaman bölgələrdə müəllim çatışmazlığının qarşısı alına bilər. İşğaldan azad olunan ərazilərdə də məktəblər açılıb və həmin bölgələrə ixtisaslı kadrların cəlb olunması mühüm əhəmiyyət daşıyır. Özüm fəlsəfə müəllimiyəm və məmnuniyyətlə Qarabağ Universitetində dərs deməyə hazıram. Ancaq bu çağırışlara diqqət yetirilmir. Halbuki mənim kimi bir çox müəllim bu istəkdədir. 

Bu gün kənd məktəbləri sürətlə müəllimlərini itirir. Müəllimlərə yalnız maaş deyil, həyat şəraiti baxımından da dəstək göstərilməlidir. Həvəsləndirmək üçün torpaq sahəsi belə verilə bilər. Əks halda, kəndlərdə təhsil sistemi çökmək təhlükəsi ilə üz-üzə qalacaq”.

Etibar Əliyev qeyd edib ki, bu ixtisası seçən hər kəs millətinə xidmət etməyə hazır olmalıdır:

“Bu gün müəllim peşəsini seçənlərin əksəriyyəti qadınlardır. Kişi müəllimlərin sayı günü-gündən azalır. Qızlar da ucqar kəndlərə getmək istəmirlər. Halbuki bu ixtisası seçən biri başqa bölgələrdə işləməyi də nəzərə almalıdır. Əgər müəllim uzun müddət işsiz qalarsa, zamanla peşəsini də unudur”.

Qeyd edək ki, son 4 il ərzində faktiki yaşayış yerinin uyğun olmaması ucbatından 1867 nəfər namizəd uğur qazandığı vakansiyadan imtina edib.

Aydan Hacı 


Telegram kanalımız
Chosen
41
yenisabah.az

1Sources