EN

Azərbaycan klublarına “başağrısı” olan “Şkendiya”

“Qarabağ” Çempionlar Liqasının III təsnifat mərhələsində Şimali Makedoniyanın “Şkendiya” komandası ilə qarşılaşacaq. İlk oyun avqustun 5-də səfərdə, cavab görüşü isə 12-də Bakıda olacaq.

II təsnifat mərhələsində özündən daha güclü və təcrübəli FCSB (Rumıniya) səddini aşan makedonlar tarixi uğura imza atmış oldu.

“Şkendiya”nın əsası 1979-cu ildə etnik albanlar tərəfindən qoyulub. Komandanın ləqəbi “qırmızı-qaralar”dır. “Şkendiya” ev oyunlarını 15 min nəfərlik tutumu olan “Ecolog Arena”da keçirir.

“Transfermarkt”da dəyəri 5,5 milyon avro olan makedonlar 16 ildir, ölkə çempionatında davamlı iştirak edir. Klubun kubok muzeyində 7 titul var – 5 liqa, 2 ölkə kuboku. Komandada üstünlük yerli oyunçulardadır. “Şkendiya”nın 10 legioneri var və bunlar Yamayka, Albaniya, Qambiya, Nigeriya, Kosovo, Seneqaldan olan əcnəbilərdir.

2024/25 mövsümündə Şimali Makedoniya çempionu olan “Şkendiya” həm də ölkənin ən titullu klubudur. Komandaya Yeton Bekyiri rəhbərlik edir. O, 2024-cü ilin yanvarından komandanın sükanı arxasındadır. Heyətin ən dəyərli oyunçusu müdafiəçi Klisman Kakedir. 26 yaşlı alban futbolçunun qiyməti 600 min avrodur.

Tarixində ilk dəfə 2011-ci ildə Çempionlar Liqasında iştirak edən “qırmızı-qaralar” Avropa arenasında böyük təcrübəyə malik olmasalar da, 2016/17, 17/18 və 19/20 mövsümlərində Avropa Liqasının pley-off mərhələsinə qədər yüksəlməyi bacarıblar. Komanda UEFA reytinqində 500 kollektiv arasında 284-cü sıradadır. Bu, Şimali Makedoniya klubları arasında ən yüksək göstəricidir.

“Şkendiya” avrokuboklarda daha öncə Azərbaycan təmsilçilərinə rəqib olub. 2016-cı ildə Avropa Liqasında “Neftçi”yə rəqib olan makedonlar Bakıda heç-heçə edib, evində qələbə qazanıb – 0:0, 1:0. Daha sonra “Qəbələ”yə qarşı iki dəfə yoxlama oyunu keçirən “Şkendiya” bir qələbə qazanıb (2:0), bir dəfə də uduzub (1:2).

Sonuncu dəfə 2020-ci ildə Avropa Liqasında I təsnifat mərhələsində “Sumqayıt”la üz-üzə gələn “Şkendiya” 2:0 hesablı qələbə sayəsində mərhələ adlayıb. Azərbaycan təmsilçilərinə qarşı rəsmi oyunlarda üstünlüyü olan makedonlar bu mövsüm Çempionlar Liqasında mübarizəyə I təsnifatdan başlayıb. Əvvəlcə Uelsin TNS kollektivini yarışdan kənarlaşdıran “Şkendiya” dünən isə FCSB səddini aşmaqla III təsnifata yüksəlib.

Şahin Cəfərov

Chosen
29
futbolpress.az

1Sources