Rusiya və ABŞ hazırda nüvə silahsızlaşdırılması üzrə heç bir danışıqlar aparmır. Bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin rusiyalı jurnalistlərə açıqlamasında bildirib.
News24.az xəbər verir ki, “Hazırda belə danışıqlar aparılmır,” — deyə Verşinin TASS-ın müvafiq sualına cavab verərkən qeyd edib.
Nazir müavini əlavə edib ki, Moskva hər zaman silahlanma yarışının məhdudlaşdırılması məsələlərinə sadiq olub və bu səbəbdən bu mövzuda irəli sürüləcək istənilən ideyanı nəzərdən keçirməyə hazırdır. “Hər bir halda, bizim üçün milli maraqların qorunması prioritet olaraq qalır. Təbii ki, hər hansı dialoq qarşılıqlı maraqlar nəzərə alınaraq aparılmalıdır,” — deyə o vurğulayıb.
Qeyd edək ki, bu ayın əvvəlində ABŞ Prezidenti Donald Tramp TASS-ın sualına cavabında Rusiyayla yaxın vaxtlarda nüvə silahsızlaşdırılması üzrə dialoqa başlamağı planlaşdırdıqlarını bildirmişdi. Tramp həmçinin Rusiya-ABŞ arasında qüvvədə olan Yeni START müqaviləsinin tezliklə başa çatmasının “dünya üçün problem” yaradacağını qeyd etmişdi.
Xeyrənsə Piriyeva