EN

İsrail bu dəfə də gözünü Şimali Kiprə dikdi! İki ölkə ilə hücum planları

İsrailin “Hayom” qəzeti, Şimali Kipr Türk Respublikasının (ŞKTR) İsrail üçün təhlükəsizlik problemi yaratdığını iddia edən təxribat xarakterli məqalə dərc edib.

Turkustan.az xəbər verir ki, “Şimali Kipr də İsrailin problemidir” başlıqlı məqalədə İsrailin Yunanıstan və Cənubi Kiprlə birgə bölgə üçün fövqəladə vəziyyət planı hazırlaması təklif olunur. Təhlildə ŞKTR-də yerləşən türk hərbi qüvvələrinin varlığı açıq şəkildə hədəf alınır.

Şay Qalın imzası ilə dərc olunan məqalədə qeyd olunur: “Şimali Kiprin azad edilməsi nə İsrailin vəzifəsi, nə də məqsədidir. Lakin bölgədən gələn təhdid kritik səviyyəyə çatarsa, İsrailin strateji mövqeyi dəyişməlidir. İsrail, Yunanıstan və Kiprlə koordinasiyalı şəkildə adanın şimalını azad etmək üçün təcili əməliyyat planı hazırlamalıdır. Kiprdəki kəşfiyyat və komanda mərkəzləri məhv edilməli, nəticədə türk qüvvələri adadan çıxarılmalı və Kiprin beynəlxalq səviyyədə tanınan suverenliyi bərpa edilməlidir.”

Məqalədə həmçinin, bu mümkün əməliyyatın “Poseydonun qəzəbi” adlandırıla biləcəyi qeyd edilir. Bu adın dənizlərin suverenliyi və mümkün ən pis ssenarinin yaratdığı dağıdıcı nəticələrə diqqət çəkdiyi vurğulanır. Məqalədə iddia olunur ki, İsrail münaqişə istəmir, lakin İranın nüvə infrastrukturu hədəf alınarsa, Aralıq dənizi sahilində inşa edilən Akkuyu Atom Elektrik Stansiyası da təhlükəyə çevrilə bilər.

Məqalənin davamında Türkiyənin ŞKTR-də 40 mindən çox hərbi qulluqçu saxladığı və bu sayın artmaqda olduğu iddia olunur. Bununla yanaşı, Türkiyənin bölgədə dəniz qüvvələrini gücləndirdiyi, xüsusilə Karpaz bölgəsində dəniz bazası qurmaq üçün hazırlıqlar apardığı da irəli sürülür. Türkiyənin Bayraktar TB2 və Akıncı tipli pilotsuz uçuş aparatlarını Geçitkale Hava Bazasında yerləşdirdiyi və bu PUA-ların İsrailin Şərqi Aralıq dənizindəki hava və dəniz fəaliyyətlərinə təsir göstərdiyi də qeyd edilir.

Aytən Yaşar/ Turkustan.az

Chosen
20
turkustan.az

1Sources