EN

Həbsxanada üzərində biz gəzdirən “zek”in cəzası ağırlaşdırıldı

Nizami Rayon Məhkəməsində cəzaçəkmə müəssisələrində qadağan olunmuş əşyalar saxlamaqda təqsirləndirilən Pənah Qəhrəmanovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Emin Axundovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
 

Məhkəmənin hökmü ilə ona cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 5 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Təqsirləndirilən şəxs hazırda Xəzər Rayon Məhkəməsinin 2024-cü il tarixli hökmü ilə azadlıqdan məhrumetmə növündə cəza çəkməsi nəzərə alınıb.


İttihama görə, Pənah Qəhrəmanov Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 1 saylı cəzaçəkmə müəssisəsində cəza çəkərkən qadağan olunmuş əşya sayılan - kustar üsulu ilə hazırlanmış, deşici xassəyə malik, soyuq silah hesab edilməyən 2 ədəd bizi hazırlayıb, sonra onu üzərində saxlayaraq gəzdirib. O, cəza çəkdiyi müəssisənin istehsalat sahəsindən yaşayış sahəsinə buraxılış zamanı müəssisənin əməkdaşları tərəfindən xüsusi ayılmış otaqda onun üzərində axtarış-baxış tədbirləri aparılıb. Bu zaman hər iki ayağın topuq nahiyəsində olan corabların iç hissəsində gizlətdiyi sözügedən bizlər aşkar olunaraq götürülüb.


Məhkəmə iclasında dindirilən Pənah Qəhrəmanov elan edilmiş ittihamla təqsirli bilərək ifadəsində göstərib ki, əvvəllər dəfələrlə məhkum olunub, hazırda Xəzər Rayon Məhkəməsinin 2024-cü il tarixli hökmü ilə Cinayət Məcəllədinin 234.1-ci (narkotik) maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. O, bizlərin üzərində aşkarlandığını təsdiq edərək qeyd edib ki, həmin əşyaları istehsalat sahəsindən tapıb və öz təhlükəsizliyini təmin etmək üçün üzərində saxlayıb.

 

Kamal Məmmədov 

Tarix: 31 İyul 2025, 09:02   
Chosen
22
pravda.az

1Sources