EN

Norveçdə yaşayan lerikli gəncin yaradıcılıq uğurları

Lerikin Soru kəndindən olan Səlim Abbasovun rəsmləri Oslodakı nüfuzlu Beynəlxalq Uşaq İncəsənət Muzeyində sərgilənib. Böyük marağa səbəb  olan rəsmlərə  "Xarıbülbül" adı verilib.  

Sərginin təşkilində Norveçdəki Azərbaycan diasporunun böyük rolu olub. Muzeyin direktoru Angela Qolden Səlimin yaratdıqlarına baxandan sonra öz  heyranlığını  bildirib. Gənc rəssamın əsas məqsədi   sərgilədiyi əsərlərlə  Azərbaycanla bağlı həqiqətləri müxtəlif xalqlara çatdırmaqdır.

Səlim Abbasov 4 yaşında ailəsi ilə birlikdə Norveçə köçüb.  Atası İdrak Abbasov burada jurnalist, anası isə Norveçin uşaq hüquqlarının müdafiəçisidir. Səlim uşaq bağçasına getdiyinə görə Norveç dilini tez öyrənib. Bağçada, daha sonra məktəbdə özünə çoxlu dost qazanıb. Uşaq vaxtı futbol, üzgüçülük və rəsmə maraq göstərib.  Sonralar dərslərə və rəsmə daha çox diqqət verib. Xüsusilə 44 günlük Vətən müharibəsindən sonra Qarabağla bağlı rəsmlər çəkməyə və kitablar yazmağa başlayıb. İlk kitabı 11 yaşında işıq üzü görüb. İngilis və Norveç dillərində olan bu kitabı Qarabağa həsr edib.  Onun iki kitabı məhz bu mövzudadır.  Onu da qeyd edək ki, ilk kitabını həm Norveç Kralına, eləcə də Prezident İlham Əliyevə göndərib. Ümumilikdə isə 3 kitabın müəllifidir. Hazırda yeni əsərlər üzərində işləyir.

 Səlim  Beynəlxalq Bakalavr (IB) Liseyində təhsildən sonra  beynəlxalq diplomatiya üzrə ali təhsil almaq istəyir. Məqsədi gələcəkdə  yaxşı diplomat olub münaqişələri sülh yolu ilə həll etməkdir.

Zəfər ORUCOÜLU, 

Lerik rayon sakini

1Sources