Vüqar Bayramov: “Qazaxıstanın BTC ilə neft ixracını yenidən nəzərdən keçirməsi önəmli iqtisadi hadisədir”
Qazaxıstan və Türkiyə prezidentləri Kasım-Jomart Tokayev və Rəcəb Tayyib Ərdoğan Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə Qazaxıstan neftinin ixracının artırılması perspektivlərini müzakirə ediblər.
Bu, iki dövlət arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclası zamanı müzakirə olunub.
Tərəflər enerji sahəsində əməkdaşlığa toxunublar. Tokayev türk şirkətlərini elektrik enerjisi kəsirinin azaldılmasına yönəlmiş layihələrdə iştirak etməyə dəvət edib. O, həmçinin “KazMunaiGas” və “Turkiye Petroleum” arasında əməkdaşlığın səmərəli olacağına əminliyini ifadə edib. Görüş zamanı hər iki tərəf Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı, ticarətin genişləndirilməsi və kənd təsərrüfatı sahəsində əməkdaşlıq məsələlərinə də toxunub.
Ümumilikdə, bunun əhəmiyyətini ekspertlər necə dəyərləndirir?
“Praktik olaraq Orta Dəhlizin, eləcə də Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun genişlənməsi...”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən millət vəkili Vüqar Bayramovun fikrincə, türk dövlətləri arasında əməkdaşlığın daha da güclənməsi müşahidə edilir: “Bir tərəfdən ölkələr enerji və nəqliyyat sahəsində əməkdaşlıq edirlər. Digər tərəfdən, artıq yeni investisiya fondlarının yaradılması da, praktik olaraq, ölkələrin qarşılıqlı olaraq sərmayə qoyuluşları həyata keçirməsinə imkan yaradır. Qazaxıstanın BTC ilə neft ixracını yenidən nəzərdən keçirməsi önəmli iqtisadi hadisədir. Bu, kəmərin faydalılığını daha da artıracaq. Qazaxıstanın böyük neft ehtiyatları var. Neftin Azərbaycan üzərindən Avropa bazarına çıxarılması ən qısa marşrutdur. Təbii ki, Türkiyə və Qazaxıstan türk dünyasının aparıcı dövlətlərindəndir. Sözsüz, iki ölkə arasında əməkdaşlıq bütövlükdə Mərkəzi Asiya, Qafqaz və Türkiyəni birləşdirən coğrafiyada əməkdaşlığın, strateji müttəfiqliyin dərinləşməsinə xidmət edir. Bu baxımdan, bir tərəfdən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu genişlənir ki, nəticədə həm Orta Asiya, həm Azərbaycan, həm də Türkiyə üzərindən daşınan yüklərin həcminin artmasına imkan yaranır, digər tərəfdən ölkələr qarşılıqlı olaraq iqtisadiyyatın fərqli sahələrində əməkdaşlığı gücləndirirlər. Sözsüz nəqliyyat-ticarət çox önəmlidir. Kənd təsərrüfatında da ölkələrin əməkdaşlıq imkanları çox böyükdür. Azərbaycan türk dövlətləri arasında münasibətlərin dərinləşməsinə töhfə verən ölkədir. Praktik olaraq Orta Dəhlizin, eləcə də Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun genişlənməsi, Azərbaycan da daxil olmaqla, türk dövlətlərinin geosiyasi mövqeyini daha da gücləndirir”.
Vidadi ORDAHALLI