EN

Şəhid övladları üçün Avstriyada yay düşərgəsi təşkil edilib  

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və Avstriya Azərbaycanlıları Cəmiyyətinin təşkilatçılığı, “Azərbaycan Hava Yolları” (AZAL) QSC, “Azərlotereya” ASC və Azərbaycan Diasporuna Dəstək Fondunun tərəfdaşlığı ilə şəhid ailələrinin tələbə övladları üçün Avstriyanın Zalsburq və Vyana şəhərlərində “Əmanətə sədaqət” yay düşərgəsi təşkil olunub.

AZƏRTAC xəbər verir ki, düşərgədə yerli və xarici universitetlərdə təhsil alan və yüksək akademik göstəricilərə malik 22 şəhid övladı iştirak edir.

Düşərgənin ilk günündə Zalsburq Azərbaycan Evində düşərgənin açılış mərasimi keçirilib. Mərasimdə çıxış edən “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova “Əmanətə sədaqət” layihəsi çərçivəsində hər il həyata keçirilən həmin düşərgələrin layihənin şəhid övladlarının şəxsi və peşəkar inkişafına töhfə verən mühüm təşəbbüs olduğunu vurğulayıb. Daha sonra çıxış edən Avstriya Azərbaycanlıları Cəmiyyətinin rəhbəri Fərid Əzizov torpaqlarımızın azadlığı uğrunda şəhid olanların övladlarını qarşılamaqdan böyük qürur duyduqlarını bildirib.

Mərasimdə Avstriya və Sloveniyada yaşayan Azərbaycan diasporunun fəal üzvləri, eləcə də, Avstriyada fəaliyyət göstərən Türkiyə diasporunun nümayəndələri iştirak ediblər.

Günün ikinci yarısında peşəkar təlimçi Emir Turan iştirakçılar üçün “Motivasiya” mövzusunda interaktiv keçirib.

Düşərgənin ikinci günündə iştirakçılar UNESCO-nun Ümumdünya Mədəni İrsi Siyahısına daxil olan Hallştadt qəsəbəsini ziyarət edərək mədəni abidələrlə tanış olublar. Sonra iştirakçılar üçün Zalsburqda yerləşən Mirabell sarayına və Salzach çayı sahilinə ekskursiya təşkil olunub.

Düşərgədə olduqları müddətdə iştirakçılar karyera planlaması, şəxsi inkişaf, liderlik və motivasiya mövzularında peşəkar təlimlərə qatılacaq, həmçinin Avstriya mədəniyyətini yaxından tanıyacaq və tarixi bölgələrə maarifləndirici səfərlər edəcəklər.

Qeyd edək ki, düşərgə iyulun 28-dən avqustun 2-dək keçiriləcək.

Chosen
98
19
azerbaijan-news.az

10Sources