EN

"Ekosistemlər həyat üçün vacib olan tarazlığı qoruyur" - EKOLOQ ŞƏRH ETDİ

"Təbiət insan həyatının ayrılmaz bir hissəsidir və onunla əlaqəmiz birbaşa sağlamlığımıza, emosional vəziyyətimizə və ümumi həyat keyfiyyətimizə təsir göstərir. Təbiət bizim üçün sadəcə gözəllik mənbəyi deyil, həm də yaşamaq üçün zəruri olan resursların təminatçısıdır. Biz nəfəs aldığımız oksigeni, içdiyimiz suyu və gündəlik istifadə etdiyimiz saysız-hesabsız təbii sərvətləri məhz təbiətdən alırıq. Ona görə də, təbiətin qorunması və davamlı şəkildə istifadəsi insanlığın gələcəyi üçün vacibdir". Bu sözləri SİA-ya açıqlamasında ekoloq Ənvər Əliyev deyib.

Onun sözlərinə görə, təbiət həm də psixoloji sağlamlıq üçün çox önəmlidir. Şəhər həyatının yaratdığı stres, səs-küy və gərginlik insan orqanizminə mənfi təsir göstərir. Araşdırmalar göstərir ki, insanlar təbiətdə vaxt keçirdikdə daha sakit, balanslı və xoşbəxt olurlar. Məhz buna görə də, yaşıllıq zonalarının qorunması və artırılması müasir şəhərsalmanın əsas prioritetlərindən biri olmalıdır: "Ekosistemlər həyat üçün vacib olan tarazlığı qoruyur. Meşələr karbon qazını udaraq iqlim dəyişikliyinin qarşısını alır, çay və göllər içməli su mənbəyi kimi çıxış edir, torpaq isə kənd təsərrüfatının əsasını təşkil edir. Əgər biz təbiətə laqeyd yanaşsaq, bu tarazlıq pozular və nəticədə həm insan sağlamlığı, həm də qlobal iqlim üçün fəlakətli nəticələr yaranar. Təbii sərvətlərin tükənməsinin qarşısını almaq üçün hər bir insan fərdi olaraq məsuliyyətli olmalı, tullantıların azaldılması, su və enerji qənaəti kimi addımlar atmalıdır. Təbiətin qorunması yalnız dövlətin və ya ekoloqların işi deyil. Bu, hər birimizin borcudur. Təbiət bizə əmanətdir və onu qorumaqla gələcək nəsillərə daha sağlam və yaşıl bir dünya buraxa bilərik".

Müəllif: Ziya Hikmətoğlu
Chosen
42
sia.az

1Sources