EN

İrandan ilginc iddia: “Rusiya Azərbaycanı tamamən itirir...”

Cənub qonşumuz mövcud durumdan razı deyil; "Rusiya Azərbaycanı əslində 2 il öncə itirib"

İranın "Mehr" xəbər agentliyi Rusiyanın Azərbaycana qarşı atdığı addımlar və bunun nəticələri ilə bağlı təhlil materialı dərc edib. Tribunainfo.az xəbər verir ki, "Qafqaz böhran astanasındadır; Moskva ilə Bakı arasındakı gərginlik nə qədər davam edəcək?" başlıqlı yazıda bir sıra detallara toxunulub.

Agentlik dərc etdiyi məqaləsində qeyd edir ki, mövcud vəziyyət ikitərəfli münasibətlərin və Qafqaz regionunun gələcəyini qeyri-müəyyənliyə sürükləyib. "Diplomatik mübahisələrdən tutmuş media toqquşmalarına, hərbi insidentlərdən tutmuş təhlükəsizlik toqquşmalarına qədər bütün bunlar iki ölkə arasında münasibətlərdə dərin və genişlənən çatlardan xəbər verir".

Agentlik yekunda əlavə edib ki, iki ölkə arasında münasibətlər "idarə olunan rəqabət" dövrünə qədəm qoyacaq.

İran mediasının yazdıqlarında nə qədər həqiqət payı var? Moskva Bakını itirirmi, yoxsa geridönüş mümkündür?

Sona

 Sona Əliyeva

Olaylar.az xəbər verir ki, siyasi təhlilçi Sona Əliyeva "Yeni Müsavat"a açıqlamasında bildirib ki, İran Rusiyanın Azərbaycanı itirməsinə üzülür: "Əgər bu, beş il öncə baş versəydi, bəlkə də Tehrandakı molla rejimi ən pis halda buna sevinərdi. İndi regionda vəziyyət fərqlidir.  Rusiya və İran məcburi müttəfiqə çevrilib. Ukrayna-Rusiya və İran-İsrail savaşları Tehranla Moskvanı eyni hava balonundan nəfəs almağa təhrik edir. İran hələ də Azərbaycanın Qarabağ məsələsini həll etməsini həzm edə bilmir. Çünki Bakı 35 illik problemi həll etməklə nəinki Rusiyanın, həm də İranın təsir dairəsindən tamamilə uzaqlaşmaqdadır. Rusiya Azərbaycanı əslində 2 il öncə, rus sülhməramlı kontingenti Xankəndini tərk edərkən itirib. Artıq geriyə yol yoxdur. Azərbaycan indi Qərblə yaxınlaşır. Əslində Bakı yeni siyasi həmlə ilə Türk Birliyinin daha da qüdrətlənməsi və üçüncü qütbə çevrilməsi üçün vaxt udmağa çalışır. Azərbaycan İran və Rusiya ilə məsafəli davranaraq tarixi şansı reallığa çevirməyə, hər iki qonşusunun üzərində müəyyən diplomatik hakimiyyət qazanmağa səy göstərir. Hətta bir sıra hallarda Ankara-Bakı tandemi ilə bu, mümkünə də çevrilir. Rusiya Ukrayna bataqlığında çabalayır. Necə deyərlər, bu xəmir hələ çox su aparacaq. Düşünürəm ki, Rusiyadakı millətçilərin anti-azərbaycanlı şüarları da bir çox nüanslardan xəbər verir. Artıq Dərbəndin etnik əhalisi olan azərbaycanlılarla bağlı skinhedlərin hədyan çıxışları da Kremldən verilən sifarişdir.  Ruslar Azərbaycanı öz təsir dairəsinə qaytarmaq üçün müəyyən çirkin oyunlara əl atırlar. Ancaq bu, heç bir fayda verməyəcək. Bakının irəlilədiyi siyasət qatarı indi bütün dünyanın əsas oyunçularını meqalayihələrə doğru aparır. İran və Rusiya isə köhnə imperiya təfəkküründən əl çəkmək istəmir. Onlar anlamalıdırlar ki, Rusiya və İran artıq öz bölgələrində dublyor oyunçulardır. Rusiya nəinki Bakını, hətta İrəvan və Tiflisi də itirəcək".

Elxan

 Elxan Şahinoğlu

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bu gedişlə Rusiyanın bütövlükdə Azərbaycanı itirəcəyini düşünür: "Prezident İlham Əliyevin Şuşa Qlobal Media Forumundakı çıxışından aydın oldu ki, rəsmi Bakı Rusiya raketi ilə vurulan AZAL təyyarəsinə görə beynəlxalq ədliyyə sisteminə müraciət hazırlayır. Moskva Bakıya başqa seçim qoymadı. Kreml İlham Əliyevin səsləndirdiyi tələblərin heç birini yerinə yetirmədi, qəzadan ötən 7 ayda günahını etiraf etmədi, təyyarəni vuranları cəzalandırmadı, qurbanların və yaralıların ailələrinə təzminat ödəmədi. İlham Əliyev bu olayın üstündən sükutla keçməyəcəyini bir daha bəyan etdi. "7 aydır ki, biz cavab ala bilmirik" deyən dövlət başçısı Rusiya tərəfinin hər dəfə təkrarladığı "təhqiqat davam edir" cavabının məntiqsizliyinə işarə etdi. Kremlin 7 ay sonra fikrini dəyişəcəyini, yəni İlham Əliyevin haqlı tələblərini yerinə yetirəcəyini proqnozlaşdırmaq mümkün deyil. Rusiyanı idarə edənlərin üzr istəmək ənənəsi yoxdur. Halbuki Kreml vurulan təyyarə ilə bağlı üzərinə düşənləri etsəydi, iki ölkə arasındakı münasibətlər bugünkü gərgin vəziyyətə sürüklənməzdi. Kreml bilərəkdən Azərbaycanla münasibətlərdə gərginlik xəttini seçib, adını da qoyublar guya "Türkiyə və Böyük Britaniya kəşfiyyatı Rusiyanı Cənubi Qafqazdan sıxışdırmağa çalışır". Halbuki Vladimir Putinin, yumşaq desək, yanlış davranışı azərbaycanlı həmkarıyla 2022-ci ilin fevralında imzaladığı strateji tərəfdaşlıq sazişinin üstündən xətt çəkdi. İlham Əliyev Şuşa forumunda ukraynalı jurnalistin "Ukraynaya nə məsləhət görürsünüz" sualına konkret cavab verdi: "İşğalla barışmayın!" Dövlət başçısı bir neçə il əvvəl ona verilən oxşar suala eyni cavabı vermişdi. Təyyarə faciəsi yaşanmasaydı belə, rəsmi Bakının mövqeyi eyni olacaqdı. Azərbaycan üçün ərazi bütövlüyü həssas məsələdir. Rusiyanın indiki şovinist hakimiyyəti qonşularıyla, o cümlədən Azərbaycanla bərabərhüquqlu münasibətlər qurmaq istəmirlər. Kreml köhnə imperiya ənənəsini davam etdirməyə çalışır. Ancaq bugünkü reallıq fərqlidir. Rusiyaya qonşu dövlətlər, o cümlədən Azərbaycan kifayət qədər müstəqil siyasət yürüdürlər. Rusiyanın Azərbaycana təzyiqi nəticə verməyəcək. Biz Rusiya ilə normal qonşuluq münasibətlərinin tərəfdarıyıq. Ancaq əgər Kreml normal qonşuluq münasibətləri əvəzinə təzyiqə və təxribatlara üstünlük verməkdə davam edərsə, bütövlükdə Azərbaycanı itirəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
35
olaylar.az

1Sources