30 iyul Beynəlxalq Dostluq Günüdür
Nəcib və misilsiz hisslərin təzahürü olan dostluq bəşəriyyət üçün böyük əhəmiyyətə malikdir. Bəzən həyatımızı, düşüncələrimizi, hisslərimizi, sevinclərimizi və məyusluqlarımızı paylaşa
biləcəyimiz birinə ehtiyac duyuruq. Dünyanın elə bir guşəsi yoxdur ki, orada dostsuz-yoldaşsız yaşamaq mümkün olsun.
Təbii ki, hamı ilə dost olmaq mümkün deyil. Bu baxımdan dost seçimində ilk öncə ağlımız, yəni həyata baxışımız dost olacağımız insanla uyğun olmalıdır. Bizi başa düşə bilən, hisslərimizi paylaşan, lazım olanda bizə dəstək olan, hər şeydən əvvəl bizi incitmədən səhvlərimizi söyləyən insanlarla dost olmalıyıq.
Bəlkə elə buna görədir ki, 2011-ci ildə Paraqvay Respublikasının təşəbbüsü ilə BMT-nin Baş Məclisi iyulun 30-nu Beynəlxalq Dostluq Günü elan edib. Qurumun üzvü olan ölkələrdə Dostluq Gününün qeyd olunmasının Baş Məclis tərəfindən tövsiyə edilməsi həm də xalqlar, ölkələr, mədəniyyətlər arasında sülh səylərini ruhlandırmaq və icmalar arasında körpülər qurmaq ideyasından irəli gəlirdi.
Yaxınlıq və oxşarlıq...
Dostluğun formalaşmasında ən vacib amillərdən biri yaxınlıqdır. İnsanlar bir-birinə fiziki cəhətdən yaxın olduqda, məsələn, eyni məhəllədə yaşayırlarsa, eyni məktəbdə oxuyur və ya eyni iş yerində işləyirlərsə, daha çox dostluq edirlər. Bundan əlavə, oxşarlıq da dostluğun inkişafında rol oynayır. Biz ümumi maraqları, dəyərləri və münasibətləri paylaşdığımız biri ilə dost olmağa meyl edirik.
Qarşılılıq və güvən...
Qarşılılıq dostluğun mühüm aspektidir. Balanslaşdırılmış duyğular, dəstək və lütf mübadiləsi dostlar arasındakı bağı gücləndirir. Dostluqda güvən də vacib ünsürdür. Çünki güvən əsl dostluğun mühüm göstəricilərindən sayılır.
Emosional dəstək və empatiya...
Dostluğun əsas funksiyalarından biri emosional dəstək verməkdir. Dostlar dinləmək, empatiya qurmaq və həyatdakı çətinliklərin öhdəsindən gəlməyə kömək etmək üçün yanımızdadırlar. Belə ki, başqalarının keçirdiyi hisləri başa düşmək və bölüşmək bacarığı güclü bir dostluq əlaqəsinin olduğunu sübut edir.
Münaqişələrin həlli və ünsiyyət...
Dostlar münaqişələrdən və fikir ayrılıqlarından qorunmur. Onların baş vermiş münaqişələri necə həll etmələri və hi?slərini ifadə etmələri dostluq münasibətinə əhəmiyyətli dərəcədə təsir göstərir. Effektiv ünsiyyət, aktiv dinləmə və konfliktləri konstruktiv həll etmək bacarığı sağlam dostluq münasibətlərinin qorunması üçün vacibdir.
YeganÉ™ BAYRAMOVA