EN

Xroniki xəstəlikləri olan şəxslər bu risklərə qarşı daha həssasdır — Mütəxəssis

Yay aylarında məhsul və xidmətlərə tələbatın artması fonunda istehlakçı hüquqlarının pozulması hallarında da ciddi artım müşahidə olunur. Bu, xüsusilə qida təhlükəsizliyi və xidmət keyfiyyəti ilə bağlı sahələrdə özünü göstərir. Qida məhsullarının düzgün saxlanılmaması, günəş altında satışa çıxarılması, soyuducu şəraitin olmaması və digər bu kimi hallar istehlakçıların sağlamlığı üçün risk yaradır.  

Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Demokrat.az-a açıqlamasında deyib ki, yay aylarında yüksək temperatur qida təhlükəsizliyi baxımından xüsusi diqqət tələb edir:

“Ət, süd, yumurta, mayonezli yeməklər, içlikli şirniyyatlar və dəniz məhsulları kimi məhsullar yüksək risk qrupuna daxildir və mütləq şəkildə soyuducu şəraitində saxlanılmalıdır. Bu məhsullar düzgün saxlanılmadıqda bakteriyalar tərəfindən ifraz olunan toksinlər yaranır. Bu toksinlər bişirmə zamanı da yox olmur və qida zəhərlənməsinə səbəb ola bilər. Eyni zamanda, isti şəraitdə kiflənmə aflatoksinlərin yaranmasına yol açır ki, bu maddələr uzunmüddətli istifadədə qara ciyər və sinir sisteminə zərər verir”. 

Mütəxəssis əlavə edib ki, xüsusilə xroniki xəstəlikləri olan şəxslər bu risklərə qarşı daha həssasdır:

“Salmonella, listeria və digər bakteriyaların artması ilə ciddi sağlamlıq problemləri yarana bilər. Dəniz məhsulları isə xüsusi diqqət tələb edir açıq havada, birbaşa gün şüaları altında saxlanılmamalıdır. İstehlakçılar şübhəli məhsullardan uzaq durmalı və qaydalara əməl olunmadığını görərsə, aidiyyəti qurumlara məlumat verməlidirlər. Qida təhlükəsizliyi həm şəxsi, həm də ictimai sağlamlıq üçün həyati əhəmiyyət daşıyır”.

Leyla Turan
Demokrat.az
Chosen
33
demokrat.az

1Sources