EN

Dəyirmi Masada sahibkarlıq və korrupsiyaya qarşı mübarizədə yeni hüquqi alətlərə diqqət çəkilib

“Ölkəmizdə korrupsiyaya qarşı mübarizə aparılır, siyasi iradə və institusional mexanizmlərlə yanaşı qanunvericilik, idarəetmə formaları, nəzarət imkanları genişlənir. İqtisadiyyat və sahibkarlıq fəaliyyətində korrupsiyaya qarşı mübarizə yönündə ən vacib hüquqi sənədlərdən biri Azərbaycan Respublikasının Rəqabət Məcəlləsidir”
Bu haqda Azərbaycan Respublikasının Qeyri-hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Hüquqi Tədqiqatlar Mərkəzi”  İctimai Birliyinin həyata keçirdiyi “Korrupsiyaya qarşı mübarizədə Rəqabət Məcəlləsinin rolu” adlı layihə üzrə keçirilən Dəyirmi Masada ictimai birliyin sədri, hüquq üzrə fəlsəfə doktoru, dosent Bəxşeyiş Əsgərov məlumat verdi. O, göstərdi ki, nisbətən yeni olan Rəqabət Məcəlləsinin məzmununu, mahiyyətini, tətbiqi qaydalarını sahibkarların, məmurların, bazar subyektlərinin bilməsi korrupsiya hallarının azalmasına yardım edən amillərdəndir. Bu halda əhali dövlətimizin antiinhisar siyasətinin mahiyyətini bilir, inhisarçılığın və korrupsiyanın aradan qaldırılmasına kömək edir.
 
B. Əsgərov həyata keçirilən layihənin və Dəyirmi Masanın məqsədi haqda iştirakçıları məlumatlandırdı.
 
Sahibkarların, dövlət qurumlarının əməkdaşlarının, Media və QHT nümayəndələrinin iştirak etdiyi tədbirdə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilat və İnformasiya Təminatı İdarəsinin prokuroru İlkin Babazadə, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin əməkdaşı Mehti Mehtizadə, Azərbaycan-Türkiyə İş Adamları Birliyi (ATİB) idarə heyətinin üzvü Nigar Ələsgərzadə, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Milli Təşkilatları Konfederasiyası Baş katibinin müavini Samir Hüseynzadə, Azərbaycan İstisad Universitetinin kafedra müdiri, iqtisad elmləri doktoru, professor İrşad Kərimov iqtisadiyyatın, bazar münasibətlərinin inkişafında və korrupsiyaya qarşı mübarizədə Rəqabət Məcəlləsinin rolu haqda, ədalətli rəqabət mühitin formalaşması üçün görülən tədbirlər haqqında geniş məlumat verdilər.
 
Tədbirdə BDU-nun hüquq fakultəsinin Cinayət hüququ və kriminologiya kafedrasının müəllimi Rəşad Mürşüdov “Rəqabət mühiti  və korrupsiyanın ümimi təzahürləri”, Azərbaycan İqtisadçılar İttifaqının üzvü, BDU Maliyyə və Menecment kafedrasının professoru, iqtisad elmləri doktoru Murad Tağıyev “Rəqabətin ölçmə üsulları”, “Caucasus Consulting” Şirkətlər Qrupunun təsisçisi Bəhram Atabəyli “Korrupsiyaya qarşı mübarizə: İsveç təcrübəsi”, BDU-nun Mülki proses və kommersiya hüququ kafedrasının müəllimi Hikmət Babayev “Şəffav bazar-güclü cəmiyyət: rəqabət və korrupsiya arasındakı tarazlıq”, “Hüquqi Tədqiqatlar Mərkəzi”  İctimai Birliyinin sədr müavini, hüquqşünas Tofiq Həsənov “Azərbaycan Respublikası Cinayət Məcəlləsində inhisarçılıq hərəkətləri və rəqabətin məhdudlaşdırılması”, layihənin hüquq eksperti Aydın Kərimov “Korrupsiya imtiyazların və güzəştlərin qanunsuz mənimsənilməsi, ədalətli rəqabətin qarşısının alınması mexanizmi kimi” mövzularında çıxış etmişlər.
 
Çıxış edənlər Rəqabət Məcəlləsinin qəbulunun və düzgün tətbiqinin əhəmiyyətini qeyd etməklə yanaşı, prosesin yeni olduğunu, dövlət məmurlarının, sahibkarların, nəzarət orqanlarının təcrübəsizliyini, sahibkarların Məcəllə haqda məlumatının az olduğunu, ictimai xidmət mexanizmlərinin formalaşmadığını, sahibkarların, dövlət qurumlarının, QHT və Medianın bu yöndə əməkdaşlığının zəif olduğunu bildirdilər.
 
Diskussiya və fəallıq şəraitində keçən Dəyirmi Masada qaldırılan problemlər təhlil edildi, verilən suallar cavablandırıldı.
 
Ümumi nəticəyə gəlindi ki, korrupsiya və Rəqabət Məcəlləsi haqda əhalinin məlumatlandırılması davam etdirilməli, iş adamları ilə əlaqələr genişləndirilməli, sahibkarlara pulsuz hüquqi və maliyyə xidməti göstərən strukturlar yaradılmalıdır.
Chosen
20
moderator.az

1Sources