Yaponiyada dəmir yolu operatoru JR East, Kamçatkada baş verən zəlzələdən sonra sunami təhlükəsi ilə əlaqədar yüksək sürətli Şinkansen qatarının hərəkətini qismən dayandırdığını elan edib.
Editor.az bu barədə xarici mediaya istinadla yazır.
Şinkansen xidməti ölkənin mərkəzi və şimal-şərq bölgələrində müvəqqəti olaraq dayandırılıb.
Qeyd edək ki, iyulun 30-da Kamçatkada baş vermiş zəlzələ ilə əlaqədar Yaponiya və ABŞ-ın Sakit okean sahilləri üçün sunami xəbərdarlığı edilib.Yapon seysmoloqları zəlzələnin maqnitudasını 8, amerikalı seysmoloqlar isə 8,7 bal gücündə qiymətləndiriblər.
Saxalin vilayətinin qubernatoru Valeri Limarenko sunaminin ilk dalğasının Severo-Kurilsk sahil bölgəsini vurduğunu bildirib. Kamçatkanın Yelizovski rayonu sahillərində, “Vodopadnaya” meteoroloji stansiyasının yaxınlığında hündürlüyü 3-4 metr olan sunami dalğası qeydə alınıb.
//Gülnarə Abasova, Editor.az