Çərşənbə günü səhər tezdən Rusiyanın uzaq şərqində yerləşən Kamçatka yarımadasında 8,8 bal gücündə güclü zəlzələ baş verib. Bu, bölgədə 1952-ci ildən bəri qeydə alınan ən güclü yeraltı təkan olub. Zəlzələ nəticəsində Sakit okeanda 4 metrə qədər hündürlükdə sunami dalğaları yaranıb.
News24.az xəbər verir ki, zəlzələnin ardınca ABŞ və Yaponiya başda olmaqla bir sıra ölkələrdə sunami təhlükəsi ilə bağlı xəbərdarlıqlar edilib. ABŞ-ın Havay ştatında bəzi sahilyanı ərazilərdə evakuasiya əmrləri verilib. Kaliforniya və Alyaskanın sahilboyu bölgələri üçün də sunami xəbərdarlığı qüvvədə saxlanılıb. Prezident Donald Tramp, Alyaska və Sakit okean sahillərində vəziyyətin diqqətlə izlənildiyini bildirib.
Yaponiyanın Meteorologiya Agentliyi isə ölkənin Sakit okean sahillərində sunami təhlükəsi barədə əhalini xəbərdar edib. Evakuasiya tədbirləri xüsusilə Hokkaydo prefekturasında və Fukusima Atom Elektrik Stansiyası ətrafında həyata keçirilib.
Çin tərəfi də zəlzələnin sunamiyə səbəb olduğunu və bunun Şanxay, Zhoushan və Tayvan sahillərinə "ciddi təsirlər" göstərə biləcəyini açıqlayıb. Eyni zamanda, Çili, Ekvador və Solomon adalarında da sunami xəbərdarlıqları elan olunub.
Rusiya mediası, o cümlədən TASS xəbər agentliyi Kamçatka və ölkənin şərq sahillərində bir sıra yaşayış məntəqələrində evakuasiyaların həyata keçirildiyini bildirib.
Hazırda beynəlxalq seysmik xidmətlər və fövqəladə hallar qurumları vəziyyəti yaxından izləyir və əhaliyə ehtiyatlı olmaq çağırışı edilir.
Xeyrənsə Piriyeva