İki milyondan artıq insanın yaşadığı Qəzza zolağı aclığın bir addımlığındadır. Bu barədə beynəlxalq ərzaq təhlükəsizliyi üzrə əsas qurum olan IPC — İnteqrasiya olunmuş Ərzaq Təhlükəsizliyi Təsnifatı məlumat yayıb. Bildirilir ki, İsrailin tətbiq etdiyi məhdudiyyətlər və təhlükəsizlik sisteminin iflasa uğraması yardımın bölgəyə çatdırılmasını demək olar ki, mümkünsüz edib.
İsrailin xarici işlər naziri Qideon Saar isə bu ittihamları rədd edərək, “bu, beynəlxalq təzyiq kampaniyasının bir hissəsidir” deyib.
Yaranmış təzyiqlər fonunda İsrail humanitar dəhlizlərin artırıldığını və beynəlxalq hava yardımına imkan verildiyini açıqlayıb. Lakin BMT və yardım təşkilatları real vəziyyətin dəyişmədiyini və daha geniş tədbirlərə ehtiyac olduğunu bildirir.
Son günlərdə İordaniya və Birləşmiş Ərəb Əmirliklərinə məxsus təyyarələr bölgəyə hava vasitəsilə yardım atıb. Fransa və Almaniya da bu təşəbbüsə qoşulacağını açıqlayıb. Ancaq BMT bu üsulu təhlükəli və qeyri-effektiv hesab edir.
ABŞ Dövlət Departamentinin sözçüsü Təmmi Brus Prezident Donald Trampın elan etdiyi yeni yardım planının detalları ilə bağlı məlumat verməkdən imtina edib. O, yardımın HƏMAS-ın nəzarətinə keçməməsinin əsas prinsip olduğunu vurğulayıb.
Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, yalnız bu ay ərzində 60-dan çox insan, o cümlədən 24 azyaşlı aclıqdan və qidalanma ilə bağlı xəstəliklərdən ölüb. Ümumilikdə müharibənin başladığı gündən bu yana aclıqdan həyatını itirən uşaqların sayı 88-ə çatıb.
İndiyədək 60 min nəfərin öldüyünü bildirən Qəzza Səhiyyə Nazirliyi qurbanların yarısından çoxunun qadın və uşaqlar olduğunu açıqlayıb. İsrail bu rəqəmlərlə razılaşmasa da, öz versiyasını təqdim etmir.