Bakı, 29 iyul, AZƏRTAC
Dövlət İmtahan Mərkəzinin (DİM) həyata keçirdiyi “Gənc psixometrik” təcrübə proqramının ilk çağırışının rəsmi bağlanış mərasimi olub.
Bu barədə AZƏRTAC-a DİM-dən məlumat verilib.
Tədbir proqram iştirakçılarının qazandığı bilik və bacarıqların, həmçinin layihənin ümumi nəticələrinin auditoriyaya çatdırılması baxımından xüsusi əhəmiyyət kəsb edib.
Bağlanış mərasimində çıxış edən DİM-in İdarə Heyətinin sədri Məleykə Abbaszadə iştirakçılara öz tövsiyələrini verib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Daha sonra proqram müddətində həyata keçirilən işləri əks etdirən videoçarx nümayiş olunub və proqram iştirakçılarının onlara təqdim olunan datalar əsasında hazırladıqları layihələr barədə təqdimat edilib.
Bağlanış mərasiminin sonunda iştirakçılar proqram haqqında fikirlərini söyləyib və təcrübə proqramını uğurla başa vuran 15 nəfərə sertifikat təqdim olunub.
Xatırladaq ki, “Gənc psixometrik” təcrübə proqramı Azərbaycanda qiymətləndirmə sahəsinə marağın artırılması, bu sahədə bilikli və bacarıqlı gənc mütəxəssislərin yetişdirilməsi məqsədi daşıyır.