EN

"Silahlar Ukraynanın əlinə keçərsə, savaş Rusiya ərazisinə keçəcək"

Rusiya Ukraynaya siyasi, humanitar və hərbi məsələlər üzrə fəaliyyət göstərəcək üç işçi qrupunun yaradılmasını təklif edib.

Rusiyanın əsas məqsədi nə ola bilər?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli bildirdi ki, hazırda Rusiya müxtəlif mövzularda manipulyasiyalar aparmaqla məşğuldur.

"Bu manipulyasiyaların arxasında duran əsas məqsəd Ukraynaya kapitulyasiya aktı imzalatmaqdır. Kreml hesab edir ki, sülh yalnız Rusiyanın müəyyən etdiyi şərtlər əsasında əldə olunmalıdır və bu, əslində Ukraynanın məğlubiyyətini və təslimçiliyini təsdiqləyən bir sənəd olacaq. Buna qarşı olaraq, Qərb dövlətlərində, xüsusilə də ABŞ və NATO daxilində artıq Rusiyanın bu neoimperialist və aqressiv siyasətinə qarşı narazılıq artır. Onlar düşünürlər ki, Rusiya əslində sülhə hazır deyil, sadəcə öz şərtlərini diqtə etməyə çalışır. Bu səbəbdən də Qərbin mövqeyi getdikcə sərtləşir. ABŞ Prezidenti Donald Trump Rusiyaya 50 günlük möhlət verib. Bu müddət ərzində sülh sazişi imzalanmalı və ya atəşkəs razılığı əldə olunmalıdır. Əks halda, ABŞ tərəfindən Rusiyaya qarşı yeni sanksiyalar tətbiq olunacaq.

Eyni zamanda ABŞ Ukraynaya ən müasir hücum silahlarının verilməsi planlarını da bəyan edib. Bu isə Rusiyanın strateji planları üçün ciddi təhdid yaradır. Əgər bu silahlar Ukrayna ordusunun əlinə keçərsə, savaş Rusiya ərazisinə keçə və daxili sarsıdıcı zərbələr ilə nəticələnə bilər".

Politoloq qeyd etdi ki, bu təhlükəni anlayan Kreml hazırda vaxt qazanmağa çalışır.

"Bunu da müxtəlif siyasi manipulyasiyalarla etməyə cəhd göstərir. Guya "Rusiya danışıqlara hazırdır" rəyini formalaşdırmağa çalışır. Ukraynaya siyasi, humanitar və hərbi məsələlərlə bağlı işçi qrupu yaradılması təklifi də bu strategiyanın bir hissəsidir.

Kreml düşünür ki, bu kimi "danışıqlara açıq" görüntüsü yaratmaqla Qərbin sərt mövqeyini yumşaltmaq və beləliklə əlavə vaxt qazanmaq mümkündür. Qazandıqları vaxt isə hərbi üstünlüyü artırmaq və sonda öz şərtlərini sülh adı ilə diktə etmək üçün istifadə olunacaq. Yəni, əsas məqsəd qərbi aldatmaq, Rusiyanın maraqlarını tam şəkildə təmin eləmək, vaxtı uzatmaq, danışıqlara hazır olma barədə yalançı, aldadıcı rəylər yaratmaqdan ibarətdir. Lakin Qərbin bu hiylələrə necə cavab verəcəyi yaxın zamanlarda daha aydın görünəcək", - deyə Elçin Xalidbəyli vurğuladı.

Xədicə BAXIŞLI

Chosen
21
1
redaktor.az

2Sources