Türkiyə Jurnalistlər Cəmiyyətinin nümayəndə heyəti "Şərq"in qonağı olub
Türkiyə Jurnalistlər (Gazeteciler) Cəmiyyətinin nümayəndə heyəti Azərbaycana səfərləri çərçivəsində "Şərq"in qonağı olublar. Qonaqları "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı qarşılayıb. Redaksiyamıza təşrif buyuran heyətin arasında - Qəzetçilər Cəmiyyətinin sədr müavinləri Mustafa Yoldaş və Ali Oruc, maliyyə katibi Əli Topçu, idarə heyətinin üzvü Zeynəb Gürcanlı Ürektürk, nəzarət heyətinin üzvü Figen Balcı, üzvlər Yıldıray Arslan, Korhan Ön, layihə əməkdaşı Nursu Yıldız və "Yeniçağ" Media Qrupun rəhbəri Aqil Ələsgər olub.

Səfər məqsədlərindən danışan Qəzetçilər Cəmiyyətinin sədr müavin Ali Oruc zaman-zaman bu cür səfərlər həyata keçirdiklərini deyib. Bildirib ki, Azərbaycana gəlişlərində məqsəd burdakı məsləkdaşları ilə görüşmək, tanış olmaq, fikir mübadiləsi aparmaqdır: "Azərbaycan hazırda Ermənistanla sülh danışıqları aparır. Bir çox siyasi məsələlər müzakirə predmetidir. Biz də daha dolğun və dəqiq informasiyaları yerində öyrənmək, gedən prosesi müşahidə etmək məqsədi ilə Bakıya gəldik. Artıq bir sıra görüşlər keçirmişik. Sabah da təmaslarımız olacaq. Məqsədimiz bir yol açmaqdır. Bura səfər edən məsləkdaşlarımızın demək olar ki, hamısı öncələri Bakıda müəyyən vəzifələrdə çalışıblar. Mən ən son 2006-cı ildə Bakıda olmuşdum. Ötən illər ərzində çox ciddi dəyişiklik olub. Bakı çox inkişaf edib, çox dəyişib. Yollar, küçələr tər-təmizdir. Yenidən burada olmaq bizim üçün çox xoşdur".
Cəmiyyətin idarə heyətinin üzvü Zeynəb Gürcanlı Ürektürk də bildirib ki, Qəzetçilər Cəmiyyəti 1946-cı ildə təsis edilib. Onun sözlərinə görə, Qəzetçilər Cəmiyyəti jurnalistlərin hüquqlarını müdafiə etməklə yanaşı, yeni jurnalistlərin yetişdirilməsində də mühüm rol oynayır: "Cəmiyyətimiz Nazmi Bilginin rəhbərliyi ilə gənc jurnalistlərə əlimizdən gələn dəstəyi veririk. Onların yetişdirilməsində, iş həyatına hazırlanmasında yardımçı oluruq. Həmçinin, heç bir quruma bağlı olmayan müstəqil fəaliyyət göstərən jurnalistlərə də dəstək veririk. Cəmiyyətimizin öz mətbu orqanı var. Gənc jurnalistlərin məqalələrini öz qəzetimizdə dərc edərək onlara qonorar veririk. Bununla yanaşı, ehtiyacı olan jurnalistləri zəruri avadanlıqlarla təchiz edirik. Məqsədimiz Azərbaycanda da jurnalistlərlə görüşmək, onlarla təcrübəmizi paylaşmaq, mövcud vəziyyəti öyrənmək, hansı sahədə əməkdaşlığa ehtiyac olduğunu üzə çıxarmaqdır. İki ölkə arasındakı qardaşlıq əlaqələrin mətbuatımızda da əks olunmasını istəyirik".



"Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı türkiyəli məsləkdaşlarının çox önəmli bir missiya icra etdiklərini söyləyib və bu işdə hər cür dəstəyə hazır olduğunu vurğulayıb. Qonaqlarla Azərbaycan-Türkiyə media əlaqələri, mətbuat tarixi ilə bağlı müzakirələr aparıb. Baş redaktor ziyarətçiləri redaksiya nəzdində yaradılmış Mətbuat Muzeyi ilə tanış edib. Muzeyin ərsəyə gəlməsi və eksponatlar haqda ətraflı məlumat verən A.Aşırlı muzeydə mətbuatın bütün mərhələlərini əks etdirən dəyərli nümunələrin toplandığını deyib.


Akif Aşırlı baş redaktoru olduğu "Şərq" qəzeti barəsində də qonaqlara qısaca məlumat verib. Qəzetin 1996-cı ilin noyabr ayının 1-dən müxtəlif formatlarda bugünədək gündəlik dərc olunduğunu söyləyib. Türkiyəli jurnalistlər redaksiya daxilində belə bir Muzeyin yaradılmasını yüksək qiymətləndiriblər. Qeyd edək ki, nümayəndə heyəti səfər çərçivəsində Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü Cavid Vəliyevlə görüşüblər.