EN

Nazirlər Şurası: İtaliya Avropa İttifaqı ilə ABŞ arasındakı razılaşmanı alqışlayır

Roma, 28 iyul, AZƏRTAC

İtaliya hökuməti Avropa İttifaqı ilə ABŞ arasında gömrük rüsumları və ticarət siyasəti ilə bağlı əldə olunan razılaşma xəbərini alqışlayır. Razılaşma Qərb daxilində gözlənilməz nəticələrə səbəb olacaq ticarət müharibəsi riskinin qarşısını alır.

AZƏRTAC xəbər verir ki, bu barədə İtaliya Nazirlər Şurasının yaydığı məlumatda qeyd olunur. Bildirilir ki, danışıqlar yolu ilə həll Avropa qurumlarının və İtaliya da daxil olmaqla ittifaqa üzv dövlətlərin Atlantik okeanının iki tərəfi arasında qarşıdurmanı qızışdırmağa çağıranların tələsinə düşmədən, böyük öhdəliklə və komanda şəklində işləməklə əldə olunan nəticədir. Anlaşma Avropa İttifaqı və ABŞ kimi bir-biri ilə sıx bağlı olan iki iqtisadi və biznes sistemi arasında münasibətlərin əsas aspekti olan sabitliyə zəmanət verir.

“İtaliya hökuməti hər hansı parçalanmanın hamımızı daha zəiflədəcəyini və qlobal çağırışlara daha çox məruz qalacağını anlayaraq Qərbin birliyini qorumaq məqsədini davam etdirəcək”, - deyə məlumatda qeyd olunur.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Chosen
17
1
azertag.az

2Sources