188 bal burada, 202 bal orada—Nəticələrdəki uyğunsuzluq nə ilə bağlıdır?
Son günlər sosial şəbəkələrdə və imtahan iştirakçıları arasında narahatlıq doğuran məqamlardan biri Dövlət İmtahan Mərkəzinin elan etdiyi nəticələrlə OTK (Operativ Təhlil Komissiyası) sistemində görünən ballar arasındakı uyğunsuzluqdur. Abituriyentlərdən biri bizə bildirib ki, DİM-in saytında 188 bal göstərilən nəticə OTK sistemində 202 bal kimi qeyd olunub. Bu fərqin səbəbi ilə bağlı hələlik rəsmi açıqlama verilməyib, lakin məsələ ictimaiyyətdə suallar doğurur.
Demokrat.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi deyib ki, əsas və rəsmi göstəricilər Dövlət İmtahan Mərkəzinə (DİM) məxsusdur:
“OTK.az portalı isə Dövlət İmtahan Mərkəzinin rəsmi platforması deyil. Buna görə də həmin portaldakı nəticələrlə DİM-in rəsmi nəticələri arasında uyğunsuzluq ola bilər. Vətəndaşların nəzərinə çatdırılır ki, rəsmi və etibarlı nəticələr yalnız DİM-in rəsmi saytında yerləşdirilən nəticələrdir. OTK.az portalı bəzi abituriyentlərin imtihandan çıxdıqdan sonra yadda saxladıqları cavabları qeydə aldıqları və ya təxmin etdikləri sistem ola bilər. Lakin rəsmi nəticə cavab kartlarının optik oxuyucu vasitəsilə yoxlanılması əsasında müəyyən olunur. Bu səbəbdən abituriyentin OTK.az-da daha yüksək bal görməsi, lakin rəsmi nəticədə həmin balın çıxmaması mümkündür. Ola bilər ki, imtahan zamanı cavab kartında həmin sualın cavabı düzgün və ya ümumiyyətlə qeyd edilməyib. Bu isə nəticəyə birbaşa təsir göstərir. Yəni, rəsmi olaraq yalnız DİM-in təqdim etdiyi cavab kartı və nəticələr əsas götürülür”.
Leyla Turan
Demokrat.az