Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə Dövlət Sərhəd Xidmətinin (DSX) mayoruna hücum etməkdə təqsirləndirilən idmançıların cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
KONKRET.az Musavat.com-a istinadən xəbər verir ki, ittihama görə, idmançılar Elnur Həmidov, Emil Hümbətov, Elçin Hüseynov, Elvin Məmmədov, Musa Əhmədov və Ramal Aslanov DSX mayoru, kikboksinq üzrə əməkdar məşqçi və əməkdar idman ustası Fuad Zeynalova hücum ediblər.
İnsidentdən sonra adıkeçən şəxslər saxlanılıblar. Məlum olub ki, onlar bu əməli Kikboksinq Federasiyasının I vitse-prezidenti Ramal Aslanovun sifarişi ilə törədiblər.
Məhkəmənin qərarı ilə Elnur Həmidov, Elçin Hüseynov və Musa Əhmədov barəsində həbs qətimkan tədbiri, Elvin Məmmədov barəsində isə polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Onlara Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddəsi ilə ittiham elan olunub.
Məhkəmə prosesində zərərçəkmiş şəxslərə söz verilib.
Zərərçəkən Fuad Zeynalov müttəhimləri bağışladığını deməklə şikayətim olmadığını diqqətə çatdırıb. Bundan əlavə nəsə demək istəməyib.
Məhkəmədə Fuad Zeynalovun ibtidai istintaqa verdiyi ifadə elan olunub. O, ibtidai istintaqa ifadəsində bildirib ki, Avropa Çempionatında iştirak etmək üçün Yunanıstanın Afina şəhərinə gedib. Çempionatda Ramal Aslanov da öz tələbələri ilə iştirak edib.
İdmançılar arasında mübahisə Afinada başlayıb:
“Azərbaycana qayıdandan sonra bir neçə nəfər məni izləyərək yaşadığım ünvana gəldi. Ramal Aslanov zəng edərək görüşüb söhbət etməyi təklif etdi. Dostum Anarla restorandan çıxarkən Elnur və Elçin mənə hücum etdilər. Anarı yerə yıxılan görüb onu səslədim. Ayağa qalxanda Ramal onu arxadan tutub saxladı. Beşbarmaqla Anarın alın nahiyəsindən zərbə endirdilər. Zərbənin təsirindən Anar yerə yıxıldı. Bundan sonra Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirildik. Alnımdan 10 dənə tikiş atmışdılar”.
Zərərçəkmiş Anar Süleymanov isə hər şeyin göz qabağında olduğunu deyib:
“Videogörüntülər var. Mənim şikayətim yoxdur, barışmışıq”.
Xatırladaq ki, hadisə bu ilin yanvar ayının 4-də Bakının Xətai rayonunda baş verib.
Məhkəmə prosesi iyulun 30-da davam etdiriləcək.