EN

Nəzarətsiz ərazilərdə məsuliyyətsizlikdən ömrünü başa vuranlar... Qadağalar həyatda qalmaq üçündür

ain.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

Yay fəslini bəzi insanlar üçün ölüm fəsli də adlandırmaq olar. Havanın istisi hər kəsi dəniz sahilinə yönləndirir. Sərinləmək üçün dənizi seçənlər bəzən özləri də bilmədən ölümü seçmiş olurlar. Xüsusən son günlər fikir vermisinizsə, Xəzərin Novxanı sahillərində boğulma hallarının sayı artıb. Batıb ölənlər 16-20 yaşlı gənclərdir.

Bizə görünən hadisənin faciəvi hissəsidir. Ölən övladlarının paltarlarını qucaqlayıb ağlayan analar, qonşunu günahlandıran atalar və qohumlar… Heç kimi qınamıram, amma valideyn məsuliyyəti adlı bir anlayış var. Uşaq nə qədər yalvarsa da, qonşu nə qədər israr etsə də, valideyn “olmaz” deməyi bacarmalıdır. Bacarmalıdır ki, sonradan peşman olub, başına döyməsin. Bu, məsələnin bir tərəfi…

Məsələnin digər tərəfi, batanların Novxanıda Fövqəladə Hallar Nazirliyinin nəzarətindən kənar ərazilərdə olmasıdır. Unutmamaq lazımdır ki, FHN nəzarət etdiyi ərazilərdə dəniz mövsümü açılmamış dənizdə üzməklə bağlı qadağanı xəbərdar edən şarların yerləşdirildiyi qədər olan ərazilər yoxlanılır. Dənizin içində qaya parçaları, quyucuqlar və s. varsa, çimmək qadağan edilir.

Novxanı ərazisi ümumiyyətlə nəzarətsiz ərazidir. Yəni dənizin içində nə varsa, batanların gördüyü son kadrlar elə o olur…

Qış fəslini xatırlayın; bəzən xüsusi maşınlar həmin ərazilərdən qum daşıyırdı. Qışda dəniz geri gedir, qum daşınır. Yayda dəniz irəli gəlir və qum daşınan ərazilərdə dənizin içi kələ-kötür qalır ki, bu da potensial ölüm hadisəsinə zəmin deməkdir… Bütün bunları nəzərə alıb, ya həmin əraziyə getməyin, ya da gedib dənizə girməyin…

Suda boğulan insanın nə hiss etdiyini bilirsinizmi? Dənizin üzünə çıxa bilmirsən, su nəfəs yollarına dolmağa başlayır və sonrası mənə də məlum deyil…

Beləcə, övladlar bir göz qırpımında dənizdə ömrünü başa vurur və valideynlər övladını dənizdə itirməyin acısını bir ömür daşıyır...

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
5
icma.az

1Sources