Fazil Əhməd istedadlı həmkarımızdır. UNEC-in məzunudur, gənclik illərindən mediada çalışır. Zəhmətkeş, məsuliyyətli, milli düşüncəli insandır, gözəl ailəsi, savadlı övladları var. Yüksək gəlirli fəaliyyət sahəsi olmayan jurnalistikada illərdir, necə deyərlər, külüng çalır. Alnının tərini övladlarının yaxşı təhsilə, karyeraya malik olması üçün tökür. Bir Azərbaycan insanı üçün spesifik xüsusiyyətlərdir, təqdir olunmalı, dəstəklənməlidir. Fəqət təhsil sistemi elə hala düşüb ki, Fazil Əhmədin timsalında bizim kimi boğazından kəsib uşaq oxudanlar artıq dillənməyə bilmir. Tanınmış jurnalist vəziyyəti kəskin tənqid edərək yazır: “Azərbaycan artıq imtahanlar ölkəsinə çevrilib”.
Azərbaycanın imtahanlar ölkəsinə çevrilməsində ən böyük məsuliyyəti Dövlət İmthan Mərkəzi və şəxsən Mərkəzin sədri Məleykə Abbaszadə daşıyır. Məhz bu qurumun və onun başçısının hər cür tənqidi haqq edən fəaliyyəti sayəsində elə Fazil dostumuzun da yazdığı kimi, Elm və Təhsil Nazirliyinin dövlətin adından verdiyi və ali təhsili təsdiq edən yeganə sənəd olan diplomların imtahana buraxılış qəbzindən ötə heç bir funksiyası qalmayıb. Dəfələrlə yazmışam, bir daha təkrar edirəm. Bu, olduqca təhlükəli tendensiyadır, arxadaşlar! Cəmiyyətin sosial dinamikalarını yanlış istiqamətə sürükləmək, gəncləri sistemdən kənarlaşdıraraq marginallaşdırmaq gələcəyimizin altına mina basdırmaqdır.
Azərbaycanda DİM tərəfindən keçirilən heç bir imtahanın milli elmi potensialımızın inkişafına heç bir faydası yoxdur- bunu qətiyyətlə deyirəm. Əgər tərəqqi bir cəmiyyətin yenilik yaratmaq potensialı ilə bağlıdırsa, DİM bu potensialı şagird və tələbələri, məzunları test texnologiyaları öyrənməyə sövq etməklə, yaradıcı və tənqidi düşüncədən uzaq salmaqla, davamlı təhsildə rəqabəti süni şəkildə şişirtməklə məhv edir.
Azərbaycan vətəndaşı DİM-in silsilə imtahanları ilə şəxsiyyət kimi formalaşa, inkişaf edə, özünü aktuallaşdıra və reallaşdırma bilmir. Erkən yaşlardan başlayaraq çoxsaylı imtahanlara çəkilən yeni nəsil nümayəndələrində özünəinam zəifləyir, xroniki stress, narahatlıq, repetitor kurslarına gedən yollarda çəkilən əziyyət son nəticədə kütləvi depressiya və özünü dəyərsiz hissetmə halları yaradır. Ailələr təkcə repetitorlara deyil, psixoloqlara, həkimlərə, dava-dərmana da pul tökməli olurlar. İmtahan marafonunun iştirakçısına çevrilmiş valideynlər həm maddi, həm də psixoloji baxımdan yüklənir, bir evin içində başı Məleykə Abbaszadənin testologiyasına qarışmış uşaqları ilə normal ünsiyyət qura bilmir, ailədaxili emosional bağlar zəifləyir. Təhsilin sıradan çıxdığı, ailənin böhran keçirdiyi cəmiyyətlərdə yeniyetmələr kriminala, radikal təriqətlərə, intihara meyil etməli olurlar.
DİM cəmiyyətdə sosial ədalət duyğusuna ən ciddi zərbə vuran qurumdur. Repetitorluğun, “gizli kurilkumun”, “qara təhsil bazarı”nın gündən-günə genişlənməsi az-çox maddi imkanı olan ailələrin övladlarına testlərə hazırlaşmaq imkanı verir. Ölkənin hər yerində hazırlıq kursları, repititor bazarı sürətlə böyüyür. Orta və ali məktəblərin həndəvərlərində təhsil müəssisələri ilə yarışan kurslar açılır, müəllimlərin bir çoxunun həyətində hazırlıq keçmək üçün damlar inşa edilir. Bir nəfər üçün ayda ən azı 400 manat hazırlığa pul ödəmək olmayanlar, yaxud bir neçə uşaqdan yalnız birini hazırlaşdırmağa gücü yetən aztəminatlı ailələrin övladlarının təhsil hüququ havadan asılı qalır.
Nə verir bütün bunlar sonda Azərbaycan insanına?
Peşəkar inkişafla bağlı təşkil olunan test və müsahibələr:
- İnsanları sadəcə "imtahan verə bilən" varlığa çevirir.
- Praktiki bacarıqlar, təcrübə, intellektual çeviklik, məsuliyyət hissi kimi keyfiyyətlər nəzərə alınmır.
- Sistem "imtahanla yüksələn" əzbərçi, lakin peşəkar performansı zəif olan məmurlar yaradır.
- Yenilik və təşəbbüskarlıq ruhu öldürülür, çünki insanlar daim “keçid dövrü” psixologiyası ilə yaşayırlar.
- Taksi sürücülərindən tutmuş mühasiblərə, xırda inzibati vəzifələrdən başlamış hakimlərə qədər cəmiyyətdə və dövlət sistemində yer tutmaq üçün hər kəsin sertifikatlaşdırılması, qarşılığında hüquq verən rəsmi sənədlərin heçə sayılması bütövlükdə resursların dayanıqlılığını sarsıdır.
Ancaq bir məsələ var ki, yuxarıda söylədiklərim hələ onun yanında heç problem sayılmağa da layiq deyil. Məleykə Abbaszadənin sədri olduğu DİM-in sayəsində bu ölkənin parlaq zəkaları PLAN QURMAQ sərbəstliyindən və imkanından məhrum olublar. Tərəqqi- iqtisadi artım və texnoloji inkişafdan ibarət deyil, həm də fərdin və cəmiyyətin gələcəklə bağlı strateji düşünmə bacarığıdır. Bu çərçivədə plan qurma, yəni qarşıya məqsəd qoyma və ona doğru sistemli şəkildə hərəkət etmə, şəxsi inkişafın və ictimai yüksəlişin əsas şərtlərindən biridir. Plan quran insanın həyatı testlərdən ibarət ola bilməz, o prioritet müəyyənləşdirməlidir. Azərbaycan Prezidenti uzun illərdir ki, ölkəmizin insan kapitalının inkişafı üçün çalışır, bunu bir milli vəzifə sayır. İnsan kapitalının inkişafı istehlakçı cəmiyyətdən istehsalçı cəmiyyətə keçid deməkdir. Plansız insan istehsalçı ola bilməz! İstehsalçı cəmiyyət modelində həm dövlət, həm də vətəndaş plan qura bilməlidir. Qarşılıqlı məsuliyyət və qarşılıqlı proqnozlaşdırma ilə ictimai müqavilədə təsbit olunan hüquqlar reallaşmalıdır. Lakin bir-birindən ağır imtahan silsilələri ilə bütün sahələrdə daimi qiymətləndirməyə məruz qoyulan vətəndaş cəmiyyət içində sabitləşə və öz gələcəyindən arxayın ola bilmir, “macəradırsa, macəra” deyib xaricə üz tutmalı olur.