“Konstitusiya və Suverenlik İli” çərçivəsində Nəsimi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Hüquqla müalicə” adlı dəyirmi masa keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə səhiyyə, hüquq və ictimai sahələrdə çalışan mütəxəssislər iştirak edib, sağlamlığın hüquqi aspektləri və tibbin hüquqi çərçivədə inkişafı mövzusunda geniş fikir mübadiləsi aparılıb.
Dəyirmi masanın əsas məqsədi vətəndaşların sağlamlıq hüququnun Konstitusiya və qanunvericilik çərçivəsində təmin olunması, səhiyyə xidmətlərinə bərabər və ədalətli çıxış imkanlarının artırılması, habelə hüquqi və etik normaların tibb sahəsində tətbiqi ilə bağlı mövcud vəziyyətin və gələcək perspektivlərin müzakirəsi olub.
Tədbirdə çıxış edən Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva qeyd edib ki, sağlamlığın qorunması dövlət siyasətinin prioritet istiqamətlərindəndir: “Bu sahədə Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi strateji xətt bu gün də uğurla davam etdirilir. Ulu Öndər səhiyyəyə sadəcə bir xidmət sahəsi deyil, xalqın gələcəyinin təminatı kimi yanaşırdı. Onun rəhbərliyi dövründə səhiyyənin modernləşdirilməsi, yeni tibb müəssisələrinin tikintisi və tibbi kadrların hazırlanması istiqamətində mühüm addımlar atılıb”.
Gülarə Verdiyeva, həmçinin vurğulayıb ki, Prezident İlham Əliyev tərəfindən bu siyasət sistemli şəkildə davam etdirilir: “Regionlarda tibbi xidmətlərin keyfiyyəti artırılıb, müasir xəstəxanalar və modul tipli tibb müəssisələri istifadəyə verilib, elektron səhiyyə və rəqəmsallaşma sahəsində əhəmiyyətli irəliləyişlər əldə olunub. İcbari tibbi sığorta sistemi mərhələli şəkildə tətbiq edilərək əhalinin tibbi xidmətə bərabər çıxışı təmin edilib”.
Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın səhiyyə sahəsinə yönəltdiyi genişmiqyaslı sosial layihələr isə xüsusi diqqətə layiqdir. Onun təşəbbüsü ilə bir çox bölgədə yeni xəstəxanalar və müalicə mərkəzləri tikilərək əhalinin istifadəsinə verilmiş, eyni zamanda aztəminatlı ailələr, uşaqlar, xüsusi qayğıya ehtiyacı olan şəxslər və müharibə iştirakçıları üçün reabilitasiya və psixoloji dəstək proqramları həyata keçirilib. Fondun “Hər uşaq sağlam doğulsun” layihəsi, nadir xəstəliklər və onkoloji xəstəliklərlə bağlı müasir yanaşmalar ölkədə səhiyyənin humanist əsaslar üzərində qurulduğunu göstərir.





