EN

® Həkim-infeksionist: Hepatit viruslarına qarşı mübarizə fərdi və kollektiv səylərlə mümkündür

Hər il iyulun 28-i dünyada Ümumdünya Hepatitlə Mübarizə Günü kimi qeyd olunur. Həmin günün əsas məqsədi hepatit viruslarının yaratdığı təhlükə barədə ictimaiyyətin məlumatlandırılması, xəstəliyə qarşı mübarizənin gücləndirilməsi və virusun yayılmasının qarşısının alınmasıdır. Hepatit qaraciyərin iltihabi xəstəliyi olub, müxtəlif növ viruslar tərəfindən törədilir. Həmin viruslar arasında Hepatit A, B, C, D və E virusları ən geniş yayılıb və insan sağlamlığı üçün ciddi təhlükə yaradır.

Mərkəzi Gömrük Hospitalının həkim-infeksionisti Mədinə Abdullayeva hepatit viruslarının növləri, yoluxma yolları və xəstəliyə qarşı effektiv mübarizə yolları barədə ətraflı məlumat verib.

- Həkim, hepatit nədir və niyə bu qədər təhlükəlidir?

- Hepatit qaraciyərin iltihabi xəstəliyidir və onun əsas səbəbi hepatit viruslarıdır. Həmin viruslar qaraciyər toxumasına zərər verərək, onun normal işləməsinə mane olur. Vaxtında müalicə olunmasa, hepatit uzun müddət ərzində xroniki hala çevrilə və nəticədə qaraciyər sirrozu, hətta xərçəng kimi ciddi fəsadlara aparıb çıxara bilər.

Hazırda dünyada təxminən 300 milyondan çox hepatit B və C viruslarının xroniki daşıyıcısı var. Təəssüf ki, həmin xəstəliklər hər il 1,5 milyondan çox insanın həyatına son qoyur. Hepatit virusları müxtəlif yollardan – qan, bədən mayeləri və ya çirklənmiş qida-su vasitəsilə yoluxa bilir. Ona görə də hepatitin qarşısını almaq üçün həm fərdi gigiyena qaydalarına riayət etmək, həm də müasir profilaktik tədbirlərdən istifadə olunması çox əhəmiyyətlidir. Hepatit virusuna heç bir halda laqeyd yanaşmaq olmaz, çünki həmin xəstəlik insan sağlamlığı üçün böyük təhlükə yaradır, amma düzgün tədbirlər və vaxtında müalicə ilə onun fəsadlarının qarşısı alınır.

- Hepatit viruslarının hansı növləri var və onlar bir-birindən necə fərqlənir?

- Hepatit virusları A, B, C, D və E virusları şəklində təsnif olunur və hər biri qaraciyərdə iltihaba səbəb olur. Amma onların yoluxma yolları, xəstəliyin gedişi və profilaktika üsulları fərqlidir. Hepatit A (HAV) ən çox qida və su vasitəsilə yayılır. Çirklənmiş su, düzgün yuyulmamış meyvə-tərəvəzlər və gigiyena qaydalarına əməl etməmək HAV-ın başlıca yoluxma səbəbidir. Hepatit A adətən kəskin xəstəlik şəklində keçir və sağaldıqdan sonra ömürlük immunitet yaranır. Onun peyvəndi var və çox səmərəlidir.

Hepatit B (HBV) qan, doğuş zamanı anadan uşağa və digər yollarla ötürülür. Hepatit B virusu uzun müddət gizli qala bilər və xroniki qaraciyər xəstəliklərinə, sirroza, hətta qaraciyər xərçənginə səbəb ola bilər. Onunla mübarizədə peyvənd ən etibarlı vasitədir.

Hepatit C (HCV) əsasən qan yolu ilə - qan transfuziyası və tibbi alətlərin sterilizasiyası qaydasına əməl edilməməsi nəticəsində yoluxur. Hepatit C virusu çox zaman uzun müddət əlamətsiz qalır və xroniki xəstəliyə çevrilə bilər. Təəssüf ki, onun peyvəndi yoxdur, amma müasir antiviral dərmanlarla tam müalicə edilməsi mümkündür.

Hepatit D (HDV) yalnız hepatit B virusu daşıyıcısı olan şəxslərdə yoluxa bilər. Yoluxma yolları B virusu ilə eynidir.

Hepatit E (HEV) əsasən çirklənmiş su vasitəsilə yayılır və adətən qısa müddətli kəskin xəstəlik törədir. Xüsusilə hamilə qadınlar üçün risk daşıyır. Peyvəndi bəzi ölkələrdə mövcuddur, amma geniş yayılmayıb.

Hər bir hepatit virusunun özünəməxsus xüsusiyyətləri, yoluxma mexanizmləri və profilaktika üsulları olduğundan onlarla mübarizədə fərqli strategiyalar tələb olunur. Hepatitlə mübarizədə əsas vasitə peyvəndləmə, təhlükəsiz gigiyena, qan təhlükəsizliyi və erkən diaqnostikadır.

- Hepatitlə mübarizədə hansı əsas addımları atmaq olar?

- Hepatitlə mübarizədə uğur qazanmaq üçün ilk növbədə profilaktika çox vacibdir. Hepatit A və B viruslarına qarşı peyvəndlər mövcuddur və bunlar effektiv qoruma təmin edir. Peyvənd olunmaqla həm özünü, həm də ətrafdakıları qorumaq olar. Digər vacib məqam – tibbi təhlükəsizlik qaydalarına ciddi riayət edilməsidir. Tibbi alətlərin sterilizasiyası, qan və bədən mayeləri ilə təmas zamanı ehtiyatlı olmaq, riskli davranışlardan uzaq durmaq hepatit viruslarının yayılmasının qarşısını alır. Həmçinin şəxsi gigiyenaya diqqət etmək, əlyuma qaydalarına əməl etmək, çirklənmiş qida və sudan uzaq durmaq vacibdir. Nəhayət, hepatit virusları ilə bağlı risk qruplarına daxil olanlar mütəmadi tibbi müayinələrdən keçməli, erkən diaqnostika və müalicə imkanlarından istifadə etməlidirlər. Müasir antiviral terapiyalar hepatitin ağırlaşmalarının qarşısını almaqda çox effektivdir. Başqa sözlə desək, hepatitlə mübarizə həm fərdi məsuliyyət, həm də cəmiyyət səviyyəsində koordinasiyalı tədbirlər nəticəsində mümkün olur. Hepatit xəstəliyinə qarşı mübarizə yalnız tibb müəssisələrinin yox, həm də hər bir fərdin məsuliyyətidir. Xüsusilə yüksək risk qruplarına aid olanlar tibbi personal, qan təchizatında çalışanlar, narkotik istifadəçiləri və uşaqlar mütəmadi müayinədən keçməli və peyvənd proqramlarına qoşulmalıdırlar.

Ümumdünya Hepatitlə Mübarizə Günü bizə xatırladır ki, hepatit viruslarına qarşı mübarizə həm fərdi, həm də kollektiv səylərlə mümkündür. Onun yayılmasının qarşısını almaq, insanların həyat keyfiyyətini yüksəltmək və ölüm hallarını azaltmaq üçün profilaktika, erkən diaqnostika və müasir müalicə üsullarının tətbiqi zəruridir.

Mərkəzi Gömrük Hospitalının

PR mütəxəssisi Dilarə Zamanova

 

Chosen
52
1
azertag.az

2Sources