EN

“Thales Alenia Space” və İtaliya Kosmik Agentliyi Ayda ilk insan forpostunu inkişaf etdirəcək

Bakı, 28 iyul, AZƏRTAC

“Thales Alenia Space” (TAS) aerokosmik qrupu və İtaliya Kosmik Agentliyi (ASI) arasında NASA-nın rəhbərlik etdiyi “Artemida” Ayın kəşfiyyatı proqramında mühüm addım olacaq ilk insan Ay forpostunun inkişafına dair müqavilə imzalanıb.

AZƏRTAC xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb. “Artemida” layihəsi Ayın səthinə sonrakı Mars missiyaları üçün sınaq meydançası kimi baxır. O, inkişaf etməkdə olan qlobal kosmos yarışının önündə İlon Maskın “SpaceX” şirkəti də daxil olmaqla onlarla özəl şirkətin cəlb olunduğu çoxmillətli bir səyə çevrilib.

Ayda gələcək daimi insan varlığı üçün mühüm element olan “Çoxməqsədli yaşayış modulu” NASA-nın Kennedi Kosmik Mərkəzindən buraxılacaq. ASI-nin prezidenti Teodoro Valente deyib: “Gələcək Ay modulu İtaliyanın həyata keçirdiyi uzunmüddətli investisiya vizyonunun bir hissəsidir və bizə yeni kosmik yarışda getdikcə daha fəal rol oynamağa imkan verir”.

Modul astronavtlar üçün təhlükəsiz, rahat və çoxfunksiyalı, digər sistemlər və komponentlərlə tam uyğunlaşan yaşayış mühiti təqdim edəcək. İnsan ekipajı olmadıqda belə, bu stansiya elmi tədqiqat təcrübələri aparacaq və Ayın səthində hərəkət etmək qabiliyyətinə malik olacaq. O, minimum 10 il istifadə müddəti üçün nəzərdə tutulacaq, ilk inkişaf mərhələsində Ayın sərt ekoloji şərtlərinə, yüksək radiasiya səviyyələrinə, azaldılmış cazibə qüvvəsinə və geniş yayılan tozlara məruz qalacaq texnologiyalara diqqət yetiriləcək.

İkiillik müqaviləyə əsasən, TAS alyansı ASI ilə birlikdə sahib olduğu ALTEC aerokosmik logistika və texnologiya qrupu, eləcə də İtaliyanın digər sənayeləri ilə işləyən əsas podratçı olacaq.

 

Chosen
7
1
azertag.az

2Sources