BAKI, 27 iyul. TELEQRAF
"Mersin vilayətinin Silifke və Antalya vilayətinin Serik rayonlarında baş vermiş meşə yanğınları tamamilə nəzarət altına alınıb".
Teleqraf xəbər veir ki, bunu Türkiyənin kənd təsərrüfatı və meşə naziri İbrahim Yumaklı jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Uşak vilayətinin Sivaslı bölgəsindəki yanğına da gecə boyunca müdaxilə olunub və böyük ölçüdə söndürülüb. Antalya Gazipaşa rayonunda yanğının qarşısı alınıb, lakin ehtiyat tədbiri olaraq soyutma işləri davam etdirilir.
Nazie qeyd edib ki, hazırda yalnız Karabük vilayətinin Safranbolu və Bursa vilayətinin Kestel rayonlarında yanğınlar davam edir. O qeyd edib ki, vəziyyət bu bölgələrdə də getdikcə yaxşılaşır və əgər hava şəraiti dəyişməzsə, axşama doğru daha müsbət xəbərlər verilə bilər. Kahramanmaraş vilayətinin Onikişubat rayonunda isə yanğınla mübarizə tədbirləri davam etdirilir.
İbrahim Yumaklı ölkə üzrə cəmi 84 yanğınla mübarizə aparıldığını açıqlayaraq, riskli günlərin hələ də davam etdiyini və bu vəziyyətin yaxın 2-3 gün ərzində bitəcəyinin gözlənilmədiyini vurğulayıb. Onun sözlərinə görə, oktyabr ayına qədər fövqəladə vəziyyət rejimində qalmaq vacibdir.