EN

Səhər düşünənlər axşam qərar verənləri geridə qoyur - SƏHƏR OXUSU

Elmi araşdırmalar sübut edir ki, insanların qərarvermə qabiliyyəti gün ərzində dəyişir və səhər saatları daha sağlam və düşünülmüş seçimlər üçün daha əlverişlidir.

Valyuta.az xəbər verir ki, səhər saatlarında verilən qərarlar adətən daha yavaş, lakin daha dəqiq olur.

Axşama doğru isə sürət artır, amma səhv ehtimalı yüksəlir. Bu, xüsusilə strateji və məsuliyyətli qərarlar üçün mühüm amildir.

Səhər saatlarının qərarvermədə üstünlüyü beyində baş verən bioloji proseslərlə də bağlıdır. Mütəxəssislər kortizol hormonunun - yəni “oyanma hormonunun” — səhər saatlarında daha yüksək səviyyədə olduğunu bildirirlər. Bu hormonun yüksəkliyi diqqəti və konsentrasiyanı artırır. Həmçinin, səhər saatlarında beynin planlama və qərarverməyə cavabdeh olan prefrontal korteks hissəsi daha aktiv olur, bu isə düşünülmüş və sistemli qərarlar üçün əlverişli şərait yaradır.

Beyin fəaliyyəti baxımından səhərlər “focus mode” adlanan rejimdə olur. Bu zaman diqqət toplama və analitik düşüncə yüksək olur. Günün ikinci yarısına doğru isə beyin “default mode” rejiminə keçir, bu isə daha çox emosional və reflektiv davranışlara səbəb olur. Məhz bu səbəbdən axşam verilən qərarlar daha impulsiv və bəzən daha riskli ola bilər.

Tarixdən də bu fərqliliyə uyğun nümunələr var. ABŞ-ın keçmiş prezidenti Barak Obama səhər saatlarında qərarvermə proseslərinə üstünlük verirdi. Hətta o, qərar yorğunluğunu azaltmaq üçün geyim seçimlərini belə sadələşdirmişdi. Eyni yanaşmanı "Facebook"un qurucusu Mark Zukerberq də tətbiq edir. Digər tərəfdən, İngiltərənin sabiq baş naziri Uinston Çörçill gecə saatlarında daha effektiv işləyirdi. Bu nümunələr göstərir ki, xronotip - yəni şəxsi bioloji ritm - də qərar keyfiyyətinə təsir edən faktordur.

Xronotiplər səhər və axşam adamlarını fərqləndirir. Səhər adamları (“larks”) planlama və diqqət tələb edən tapşırıqlarda daha uğurlu olur. Gecə adamları (“owls”) isə axşam saatlarında yaradıcılıq və spontan qərarlarda daha rahatdır. Ancaq uzunmüddətli və ciddi nəticələrə təsir edən qərarlar üçün səhər vaxtı daha çox üstünlük təşkil edir.

Araşdırmalar göstərir ki, səhər saatlarında verilən iqtisadi qərarlar da daha rasionallıqla müşayiət olunur. Maliyyə planlaması, investisiya, strateji təhlillər səhər saatlarında daha etibarlı nəticələr verir. Axşam saatlarında isə insanlar daha tez riskə gedirlər və bu, tez-tez düşünülməmiş seçimlərlə nəticələnə bilər.

Psixoloji praktikada “decision fatigue” - qərar yorğunluğu anlayışı mövcuddur. Gündəlik çoxsaylı seçimlər və qərarlar axşama doğru insanı psixoloji baxımdan yükləyir. Bu da nəticə etibarilə daha az diqqətli, daha emosional və bəzən daha zərərli qərarlar gətirir. Ən uğurlu insanlar bu təsiri azalda bilən şəxsi sistemlər qururlar. Obama və Zukerberq kimi şəxslər gündəlik qərarların sayını minimuma endirməyə çalışırdılar.

Səhər saatlarında fiziki aktivlik də beyin funksiyalarına ciddi müsbət təsir göstərir. Tədqiqatlar göstərir ki, 30 dəqiqəlik yüngül aerobika məşqi səhər saatlarında edilərsə, həmin gün ərzində qərarvermə qabiliyyəti və diqqət səviyyəsi artır. Bu, həm iş, həm də şəxsi həyat üçün faydalıdır.

Yeri gəlmişkən, bəzi insanlar “səhər erkən dur” trendinə sosial mediada görə qoşulurlar, amma bu, həmişə real məhsuldarlıq gətirmir. Effektivlik yalnız oyanmaq saatından deyil, həmin saatlarda beyin və bədənin fəaliyyətindən, şəxsi xronotipə uyğunluqdan və konkret həyat tərzindən asılıdır.

Mayya Hüseynova 

Chosen
62
valyuta.az

1Sources