EN

“Google”da işlədi, “Vektor”u yaratdı: Azərbaycanlı mühəndisin ABŞ-da uğur hekayəsi

"İstedad başlanğıcdır, amma inkişaf və nəticə yalnız zəhmətlə gəlir", - deyir. Düşünür ki, istedadını kəşf edən və öz üzərində çalışan insan mütləq uğur qazanır. Bu yalnız riyaziyyat üçün deyil, həyatın bütün sahələrində keçərlidir. Biri riyaziyyatda güclüdürsə, digəri ünsiyyət bacarığı ilə istənilən problemi həll edə bilər, bir başqası isə biznes və ya ədəbiyyat sahəsində fərqlənir. Hesab edir ki, əsas olan insanın özünü tanıması, bacarıqlarını kəşf etməsi və onların üzərində çalışmasıdır.
Müsahibimiz ABŞ-də proqram mühəndisi kimi çalışan “Vektor” təhsil texnologiyaları platformasının müəllifi Altun Şükürlüdür.

Bakıda anadan olub və orta təhsilini paytaxt məktəblərindən birində alıb. Yeddinci sinifdən etibarən təhsilinə liseydə davam edib. Öz riyaziyyat bacarığını səkkizinci sinifdə kəşf edərək, müxtəlif olimpiadalarda iştirak etməyə başlayıb və bu sahədə bir çox uğura imza atıb. O, Beynəlxalq Riyaziyyat Olimpiadasında üç gümüş medal, Milli Riyaziyyat Olimpiadasında üç qızıl medal, Balkan Riyaziyyat Olimpiadasında iki bürünc medal qazanıb. Eyni zamanda, dörd dəfə “Putnam” Riyaziyyat Müsabiqəsinin Top500 siyahısına düşərək, beynəlxalq səviyyədə öz bilik və bacarıqlarını sübut edib. 17 yaşından ali təhsil üçün ABŞ-yə yollanıb. Purdue Universitetində kompüter və riyaziyyat elmləri üzrə bakalavr, Vircinia Universitetində isə magistr təhsili alıb.

Həmsöhbətimiz, həmçinin ABŞ-də “IXL Learning”, “Google”, “Block” kimi şirkətlərdə proqram təminatı mühəndisi kimi çalışıb.

“Müəllimim kəşf etməsəydi...”

- Müəlliminizin sayəsində riyazi bacarıqlarınızın kəşf olunduğunu deyirsiniz. Bu aydınlanma neçə yaşınızda baş verdi?

- Düzdür, məktəbin ilk illərindən riyaziyyat fənni mənə çox maraqlı gəlirdi. Amma getdikcə, daha asan oldu və məndə maraq yaratmamağa başladı. Az məşğul olmağıma baxmayaraq, nəticələrim sinif yoldaşlarımdan üstün idi. Lakin həmin dövrdə bu, mənə adi gəlirdi. Yeddinci sinfə qədər belə davam etdi. Yeddinci sinifdən sonra isə müəllimlərimin dəstəyi və yönləndirməsi sayəsində riyazi bacarıqlarımı kəşf etdim və bu fənnə olan meylim daha da artdı. Müəllimim mənə bu sahədə xüsusi istedadım olduğunu dedikdən sonra riyaziyyatla daha məqsədyönlü şəkildə məşğul olmağa başladım. Müəllimim bunu kəşf etməsəydi, bu sahəyə yönəlməzdim.

- Karyeranıza ABŞ-də 23 yaşınızda “IXL Learning”də başlamısınız. İlk işiniz sonrakı inkişafınıza necə təsir göstərdi?

- İş mühiti çox rahat və dəstəkləyici idi. İş saatlarımızı ölçən yox idi, şirkətin əsas tələbi tapşırıqları vaxtında və keyfiyyətli şəkildə yerinə yetirmək idi. Mənə konkret layihələr tapşırılırdı və fikirlərim dinlənilirdi. Hiss olunurdu ki, komanda üzvlərinin inkişafı və peşəkar böyüməsi həqiqətən önəmlidir. Kimsə səni işlə bağlı hansısa fikri icra etməyə məcbur etmirdi, bu da insanın özünü inkişaf etdirməsi üçün əlverişli şərait yaradırdı. Üstəlik, işlədiyimiz layihə də maraqlı idi. Uşaqlar üçün dərsliklərə uyğun rəqəmsal təhsil platforması hazırlayırdıq. Bu sistem uşaqlara həm ev tapşırıqlarını yerinə yetirmək, həm də dərsləri interaktiv şəkildə araşdırmaq imkanı verirdi.

“Google”da işləmək hər bir mühəndisin arzusudur”

- Bəs “Google”la yolunuz necə kəsişdi?

- “Google”da işləmək hər bir mühəndisin arzusudur. Universitetdə təhsil alarkən dəfələrlə “Google”a CV göndərsəm də, müsahibələrdən keçə bilmirdim. Amma əmin idim ki, özümü inkişaf etdirib, üzərimdə işləyib yenidən müraciət edəcəm və keçəcəm. İlk iş yerimlə bağlı təəssüratlarım çox yaxşı idi və buradakı hədəfimə də çatmışdım. Daha böyük miqyasda işləmək, daha çox inkişaf edə biləcəyim bir mühit axtarırdım. Təbii ki, “Google” bu sahədə texnologiyanın zirvəsində dayanır, həm də geniş imkanlar təqdim edir. Müraciət etdim, bu dəfə müsahibələrdən də keçdim. Təklif olunan vəzifə də tam mənə uyğun gəldiyi üçün arzularımı reallaşdırdım.

- “Google”da hansı vəzifəni icra edirdiniz?

- “Google”da işi konkret izah etmək çətindir, çünki hər kəs nəhəng sistemin kiçik bir hissəsi üzərində çalışır. Mən reklam texnologiyaları sahəsində işləyirdim. Məsələn, siz bir tətbiq (app) yaradırsınız və istəyirsiniz ki, o daha çox istifadə olunsun. Bunun üçün reklam kampaniyası qurursunuz. Mənim əsas vəzifəm bu reklamların düzgün işləməsini təmin etmək idi. Gündə milyonlarla insana göstərilən reklamların düzgün və effektiv şəkildə istifadəçiyə çatdırılması prosesi məhz bizim komandanın üzərinə düşürdü.

Chosen
82
50
publika.az

10Sources