EN

Deputat: Azərbaycan Fransanın qərəzli siyasəti qarşısında qətiyyətlə dayanacaq ŞƏRH

Bakı, 26 iyul, AZƏRTAC

Fransanın Milli Assambleyasında irəli sürülən, Azərbaycan əleyhinə yönəldilmiş əsassız ittihamlarla dolu qətnamə layihəsi Fransanın Cənubi Qafqaz regionundakı qərəzli və düşmənçilik siyasətinin daha bir bariz göstəricisidir. Bu sənəd Fransanın sadəcə ikitərəfli münasibətləri böhran səviyyəsinə çatdırmaqla kifayətlənmədiyini, həm də sülh və normallaşma ərəfəsində olan iki ölkənin işinə qarışmaqla, regional sülh və sabitliyə ciddi zərbə vurduğunu nümayiş etdirir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva söyləyib. O qeyd edib ki, qətnamədə yer alan ittihamlar tamamilə əsassızdır və beynəlxalq hüquq normalarına ziddir. “Azərbaycan Vətən müharibəsi zamanı əsir götürdüyü erməniəsilli hərbiçilərə münasibətdə humanizm nümayiş etdirərək onların hamısını azad edib. İstinad edilən şəxslər isə müharibədən 3 il sonra, fərqli qanun pozuntuları, habelə terrorçuluğu maliyyələşdirmə, dövlət sərhədini qanunsuz keçmə, həmçinin müharibə və insanlıq əleyhinə cinayətlərdə ittiham olunaraq həbs ediliblər. 30 il öncə Qarabağ və Şərqi Zəngəzurda yaşayan azərbaycanlılara amansız işğəncələr verərək, insanlıq adına bütün vəhşilikləri törədərək yüz minlərlə azərbaycanlını öz evindən, vətənindən didərgin salan, həmçinin etdikləri qanunazidd əməlləri, o cümlədən Azərbaycanın şəhərlərini raketlərlə atəşə tutaraq mülki əhalini qəsdən qətlə yetirməsini öz ifadəsi ilə etiraf edən cinayətkarlar hərbi əsir hesab edilə bilməz. Azərbaycanın öz ərazisindəki qanuni məhkəmə proseslərini “qondarma” adlandırmaq, müstəqil bir dövlətin suverenliyinə açıq şəkildə müdaxilədir”, - deyə deputat bildirib.

Qətnamədə Azərbaycanın əleyhinə yönəlik 7 bənddən ibarət tələblər irəli sürüldüyünə diqqət çəkən P.Vəliyeva vurğulayıb: “Burada Azərbaycanla davam edən danışıqlar çərçivəsində Ermənistan Respublikasının sülh səylərinə tam dəstək verilməsi və Avropa İttifaqının vasitəçilik rolunu qorumağa və gücləndirmək tələbi, Azərbaycanın Ermənistanın mövcudluğunu inkar etdiyi, bunun Azərbaycanın “Arstaxda” və digər nəzarət etdiyi bütün ərazilərdə erməni əhalisini məhv etmək siyasətinin davamı olduğu, eləcə də Azərbaycanın dini, mədəni və tarixi irsi məhv etdiyi kimi absurd iddiaları irəli sürülür. Bu iddialar Fransanın öz müstəmləkə keçmişi və hazırkı siyasəti ilə tamamilə ziddiyyət təşkil edir. Mədəni irsin qorunmasından dəm vuran Fransa öz ərazisində ucaldılan və qadınların azadlığı rəmzini özündə əks etdirən Natəvanın heykəlini Evian şəhərində təhqir olunmasının qarşısını almayıb. Fransa mətbuatında ölkəmizə qarşı aparılan qarayaxma kampaniyası çərçivəsində istifadə edilən tezislərin Milli Assambleyada irəli sürülmüş qətnamədə öz əksini tapması bu “orkestrin” arxasında Emmanuel Makron Administrasiyasının durmasının daha bir göstəricisidir. Fransada media azadlığı sadəcə sözdən ibarətdir.

Prezident E.Makron Azərbaycanın Vətən müharibəsindəki Qələbəsini qəbul edə bilmir və Fransanın Azərbaycana qarşı düşmənçilik siyasətində onun şəxsiyyətinin xüsusiyyətləri xüsusi rol oynayır. E.Makrona görə, Ermənistanın işğalı davam etməli idi, çünki bu, onun sələfləri tərəfindən uğurla dəstəklənirdi”.

Deputat əlavə edib ki, Fransa regionumuzda militarizasiya siyasəti həyata keçirir, Ermənistanı müasir hücum təyinatlı silahlarla təmin edir. “Fransanın Ermənistanı hərbiləşdirməklə oradakı revanşist qüvvələri təşviq etməsi, Azərbaycana qarşı yeni müharibəyə həvəsləndirməsi əsas məqsəddir. Fransa hesab edir ki, regionda qalmasının tək yolu Ermənistanın daxilinə daha dərindən inteqrasiya etməsidir. Nəticə etibarilə, Fransa Milli Assambleyasının növbəti qətnamə layihəsi beynəlxalq hüquqa, ədalətə və regional sabitliyə hörmətsizliyin nümunəsidir. Bu qətnamə layihəsi yalnız Fransanın öz geosiyasi maraqlarını Ermənistan üzərindən həyata keçirmək cəhdidir. Azərbaycan isə öz müstəqil siyasətini davam etdirəcək, ölkənin milli təhlükəsizliyinin qarantiyası kimi yalnız Azərbaycan dövlətini görəcək və heç bir xarici təzyiqə boyun əyməyəcək. Prezident İlham Əliyev isə bütün cəbhələrdə fransalı həmkarını açıq-aşkar üstələməyə nail olub. Bu, həm Vətən müharibəsindəki Zəfərdə, həm də dekolonizasiya məsələsində özünü göstərib. Azərbaycan daha da güclənir və Fransanın əsassız ittihamları və qərəzli siyasəti qarşısında qətiyyətlə dayanacaq”, - deyə P.Vəliyeva əlavə edib.

Chosen
32
azertag.az

1Sources