EN

Rüşvətxor prokuror həbs olundu

Moskvanın Zamoskvoretskiy rayon məhkəməsi keçmiş prokuror Aleksey Kulikovu 9 il 6 ay müddətinə ciddi rejimli cəza həbsxanasına məhkum edib.

NOCOMMENT.az yerli mediaya istinadla bildirir ki, ona həmçinin 7,5 milyon rubl məbləğində cərimə də kəsilib. Təqsirləndirilən şəxs rüşvət almaqda günahkar bilinib.

Kulikov paytaxt prokurorluğunun cinayət-prosessual və əməliyyat-axtarış fəaliyyətinə nəzarət idarəsinin rəis müavini vəzifəsini tutub. Məhkum olunmuş şəxsin vəkili bildirib ki, istintaq keçmiş prokuroru Moskvalı sahibkardan 7 milyon rubl məbləğində rüşvət almaqda ittiham edib. İddiaya görə, keçmiş prokuror bu məbləğ qarşılığında əməliyyat-axtarış tədbirlərinin dayandırılmasına yardım etməli imiş.

Rüşvətin verilməsində vasitəçilik etməkdə ittiham olunan iki şəxsin də adı cinayət işində keçib. Bunlar Hüquqi Yardım Mərkəzi “Status”un vəkili Andrey Zolotuxin və “Həbsdəki Rusiya” fondunun (xarici agent kimi tanınıb) koordinatoru Aleksey Fedyarovdur. Hər iki vasitəçi sonradan Rusiya Müdafiə Nazirliyi ilə müqavilə bağlayaraq Xüsusi Hərbi Əməliyyata (XHƏ) yollanıblar.

Aleksey Kulikov 2024-cü ilin fevral ayında FSB əməkdaşları tərəfindən saxlanılıb. O, irəli sürülən ittihamın (Rusiya CM-nin 290-cı maddəsinin 6-cı bəndi — böyük məbləğdə rüşvət alma) hüquqi təsnifatı ilə razılaşmayıb. Keçmiş prokuror pulların alındığını etiraf etsə də, bu əməli rüşvət deyil, dələduzluq kimi qiymətləndirib.

Chosen
13
1
nocomment.az

2Sources