Qəbələ, 26 iyul, Mustafa Dadaşov, AZƏRTAC
“Gənclərə dəstək” Azərbaycan Dövlət Akademik Filarmoniyasının layihəsidir. Bu layihənin məqsədi gənc və istedadlı ifaçıların, bəstəkarların gələcək böyük sənət həyatına vəsiqə verməkdir. Layihə 2016-cı ildə yaranıb və artıq 2017-ci ildən başlayaraq bu layihənin iştirakçıları olan gənc istedadlar hər il ənənəvi olaraq keçirilən Qəbələ Beynəlxalq Musiqi Festivalında uğurla çıxış edirlər.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində “Gənclərə dəstək” layihəsinin rəhbəri Ayla Kərimova-Zəkəriyyə deyib. Bildirib ki, layihənin iştirakçıları beynəlxalq və respublika müsabiqələri laureatlarıdırlar. Beynəlxalq musiqi festivalında çıxış etmək onlar üçün çox gözəl bir stimuldur, gələcək musiqi həyatlarına çox böyük dəstəkdir: “Xüsusi istedadı olan uşaqların tanınması, onların peşəkarlıq səviyyələrinin artması, böyük səhnələrə yol tapmasında bu layihənin əhəmiyyəti danılmazdır”.