EN

İncə ruhlu bir sənət fədaisi… - MÜSAHİBƏ

Ağxalatlı güc: Əlində  şəfa, gözündə ümid işığı, qəlbində insan sevgisi …

Nigar  Allahverdiyeva: Cərrah olmaq  insan həyatına birbaşa toxunmaq, hər anın məsuliyyətini daşımaq deməkdir

Həkimlik sənəti  insanlığın mənəvi tarixində ən qədim, eyni zamanda, ən ali peşələrdən biridir. Bu sənət öz mahiyyətində yalnız elmi bilikləri deyil, həm də yüksək mənəviyyatı, səbir, fədakarlıq və vicdan kimi dəyərləri birləşdirir. Həkimlərin səssiz fədakarlığı gecəsini gündüzünə qataraq insan həyatını xilas etməsi, sağlam gələcəyin təminatıdır. Həkimlik sənəti insan varlığının ən ali dəyərlərindən biridir. Bu sənət  yalnız xəstəni sağaltmaq deyil, eyni zamanda, ona ümid olmaq, həyatla yenidən bağ qurmasına yardım etmək deməkdir. Xüsusilə cərrahlar dəqiqliyin, səbrin, bilik və mərhəmətin bir nöqtədə birləşdiyi nadir peşə sahibləridir.

Bu gün Azərbaycan səhiyyəsində bu dəyərləri öz şəxsiyyətində birləşdirən, həm peşəkar, həm də vətəndaş mövqeyi ilə seçilən gənc və istedadlı həkimlər var. Onlardan biri də Nigar Allahverdiyevadır. Onun hekayəsi sadəcə bir tibbi karyeranın deyil, həm də qadının iradəsi, ruhun çağırışı və millətə xidmətdən doğan bir həyat yolunun ifadəsidir. Cərrahlığı yalnız bir ixtisas deyil, müqəddəs bir missiya kimi qəbul edən Nigar xanım həm Vətən müharibəsi dövründəki xidməti, həm də beynəlxalq aləmdə qazandığı uğurlarla öz adını səhiyyəmizin fəal simaları sırasına yazdırmışdır. Müsahibəmizdə onun uşaqlıqdan qəlbində bəslədiyi həkimlik sevgisindən tutmuş, əməliyyat masası arxasında yaşadığı dərin hisslərə, ölkəmizdə səhiyyənin inkişafı ilə bağlı baxışlarına və ən sonda bir insan, bir qadın və bir vətəndaş olaraq keçdiyi yola şahid olacaqsınız.

Cərrahiyyə mənim üçün sadəcə bir ixtisas deyil, bir çağırışdır. Ən böyük motivasiyam – xəstənin sağlamlığına qovuşmasıdır.

- İstərdik ilk olaraq söhbətimizə  təqdimatınızla başlayaq...

- Təhsilimi 2005-2011-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə işi  fakültəsində almışam. 2018-2023-cü ildə  Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda (ADHTİ)  ümumi cərrahiyyə ixtisası üzrə rezidentura təhsili alıb, elə həmin ildən də Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasında həkim-mütəxəssis, ümumi cərrah kimi fəaliyyətimi davam etdirirəm. Eyni zamanda, 2019-cu ildən “Modern Hospital”da da çalışıram. 2022-ci ildə İstanbul Aydın Universitetinin Florya Medicalpark Hospitalında keçirilmiş “Bariatric Surgery Training and Complication Management” adlı təkmilləşdirmə kursunu bitirmişəm. Azərbaycan Qastroenteroloji və İnvaziv Endoskopiya Cəmiyyətinin (AQİES), Bariatrik və Metabolik Cərrahlar Assosiasiyasının, Azərbaycan Cərrah və Qastroenteroloqlar Cəmiyyəti (ACQA), Türkiyə Cərrahiyyə Dərnəyinin (TCD), Türkiyə Obezite Cərrahiyyə Dərnəyinin (TOSS) üzvüyəm. Eyni zamanda, International Federation for the Surgery of Obesity and Metabolic Disorders (IFSO) təşkilatının Azərbaycanda ilk və yeganə qadın cərrah üzvüyəm.

- Maraqlıdır ki, niyə məhz cərrah olmaq istədiniz?

 -Həkimliyə marağım, həvəsim özümü dərk edən andan başlayıb. Ailəmizdə tibbə bağlılıq çox güclüdür. Xalalarımın hər ikisi həkimdir. Onların işinə həvəsi, səbirlə insanlara yardım etməsi mənə böyük təsir gösdərib. Uşaqlıqdan bu peşənin nə qədər dəyərli, məsuliyyətli və şərəfli olduğunu anlayırdım. Cərrahiyyə isə mənim üçün sadəcə bir ixtisas deyil, bir çağırışdır. Cərrahlıq dəqiqlik, sakitlik və qərarvermə bacarığı tələb edən bir sənətdir. Mənim üçün ən böyük motivasiya hər bir xəstənin əməliyyatdan sonra sağalıb, həyatına sağlam şəkildə davam etdiyini görməkdir. Cərrah olmaq insanın həyatına birbaşa toxunmaqdır. İnsan həyatı əməliyyat masasında sənə əmanət edilir. Bu, həm qorxulu, həm məsuliyyətli, həm də müqəddəs hissdir. Hər dəfə bir xəstəni sağlamlığına qovuşduranda özüm-özümə deyirəm ki, sən düz yoldasan…

- Əgər həkim olmasaydınız…

-Əslində, bu haqda çox az düşünmüşəm. Amma həkim olmasaydım, yəqin ki, ailəmizdə nəsildən-nəsilə keçən sənət olan rəssamlığı seçərdim. Uşaqlıqdan babamın emalatxasında olan boyu qoxusu, kətanların, yarımçıq qalan rəsmlərin  arasında böyümüşəm. Zənnimcə, rəssamlıq da həkimlik kimi bir sənətdir. Hər ikisi insana toxunur, onu, dəyişdirir. Sadəcə, biri fiziki, digəri ruhani. Həkim kimi insanların həyatına,  rəssam kimi də insanların ruhlarına toxuna bilərdim. Hər ikisində də incəlik, diqqət və sevgi var. Amma əllərim fırça əvəzinə skalpel (cərrahi əməliyyatlarda istifadə edilən iti alət) tutmağı seçdi...

- Hansısa məqam və yaxud xatirənin həkim soyuqqanlılığına üstün gəldiyi, sizi duyğulandırdığı anlar olubmu? 

- Bəli, mənim üçün heç vaxt unutmayacağım an o idi ki, 44 günlük Vətən müharibəsi başlandığı gün mən Mirqasımov adına Respublika Klinik Xəstəxanasında rezident ümumi cərrah kimi fəaliyyət göstərirdim. Həmin gün xəstəxanamıza çatanda ilk gördüyüm səssizlik oldu. Bir gün əvvəl dolu olan xəstəxana birdən-birə boşalmışdı. Çünki xəstəxananın bir çox həkimləri və tibbi personalı, xüsusən də cərrahları artıq cəbhəyə yola salınmışdılar. Hər kəs bir anda ayağa qalxmış və hara lazımdırsa könüllü ora getmişdi. Qısa müddətdən sonra artıq yaralı əsgərlər gətirilirdi. Həmin gün əynimdəki ağ xalatın yalnız öyrənmək məqsədi ilə deyil, həm də insanlara xidmət etmək üçün geyildiyini bütün varlığımla dərk edirdim. Əsgərlərin gözündə həyatın nə qədər kövrək,  insanın isə nə qədər güclü ola biləcəyini anladım. Əsgərlərimizə bir az da olsa kömək edə bilmək, tibb elminin insana nə qədər güc verdiyini görmək mənim üçün dönüş nöqtəsi oldu. Həmin günlər mən cərrah kimi formalaşmadım, həm də bir vətəndaş kimi böyüdüm.

– Başqasına şəfa verməyin, sağaltmağın fəlsəfi, yaxud rəmzi mənasını necə mənalandırardınız?

- Birinə şəfa vermək Allahın insana əmanət etdiyi ən gözəl missiyadır. Sənin vasitənlə kimsə sağalır. Həqiqətən də bu, çox gözəl və müqəddəs bir hissdir. Rəmzi mənada şəfa vermək insanı yenidən öz hekayəsinin qəhrəmanına çevirməkdir. Hər müalicə, hər əməliyyat bir başlanğıcdır, yenidən doğulmaqdır.

- Hansı ağrılar üzrə daha çox müraciətlər olub və daha çox hansı xəstəliklərdə uğurlu nəticələr əldə etmisiniz?

- Bildiyimiz kimi, ölkənin bütün rayonlarından  Respublika Klinik Xəstəxanasına müraciətlər gəlir. Bizim xəstəxanamızın respublikada ən çox ağır xəstələrin müraciət etdiyi tibb müəssisəsidir. Ən çox müraciət qarın ağrılarındandır ki, bu da bir çox səbəblərdən yarana bilər. Məsələn, mədə-bağırsaq problemləri, qaraciyər-öd yolları, appendisit iltihabı, mədə xorası və s. Qarın boşkuğunda müxtəlif orqanların xəstəlikləri bəzən oxşar simptomlarla özünü göstərə bilər. Diaqnozu xəstəxanamızda olan ən müasir laborator instrumental müayinə metodları ilə dəqiq qoyub, ən qısa zamanda xəstəni sağaltmağa çalışırıq.

- Səhiyyəmizə dövlət qayğısını necə dəyərləndirirsiniz?

- Dövlətimizin səhiyyə sisteminə gösdərdiyi qayğı və investisyalar təqdirəlayiqdir. Müasir tibbi texnalogiyaların tətbiqi, modern xəstəxanaların tikilməsi, kadrların ixtisasartırma imkanlarının genişləndirilməsi xəstələrin daha keyfiyyətli  xidmət almalarına səbəb olur. Təbii ki, səhiyyənin qarşısında duran daha çox işlər var və bu sahədə əlavə islahatların həyata keçirilməsi vacibdir. Ümumilikdə bu görülən işlər həm xəstələr, həm də tibb işciləri üçün böyük stimul və dəstək mənbəyidir. Və deyərdim ki, bu şəraitlə bağlı olaraq artıq rayonlardan müraciət gözlə görünəcək dərəcədə azalmışdır. Çünki rayon xəstəxanalarında olan kadr çatışmazlığı demek olar ki, son illər minimuma endirilib.

 - Ötən illərlə müqayisədə, xəstəlik xeyli gənc yaşlarda olan insanlarda müşahidə edilir. Bunu nə ilə əlaqələndirirsiniz? Xəstəlik niyə cavanlaşıb?

- Son illər həqiqətən də yüksək qan təzyiqi, ürək-damar xəstəlikləri, mədə-bağırsaq xəstəlikləri, xüsusən də onkoloji xəstəliklərin sayında artım müşahidə edirik. Bunun əsas səbəblərindən biri düzgün olmayan qidalanma, xüsusilə “fast food”lar, stresli həyat tərzi, siqaret, alkaqol, enerji içkilərindən istifadə olunmasıdır. İkinci məqam isə texnologiyanın inkişafı ilə artıq xəstəliklərə daha erkən və tez diaqnoz qoymaq olur.

-Tibb sahəsi adətən iki şəxsin- həkimlə xəstənin münasibətləri üzərində qurulur. Sizcə, ölkəmizdə həkim-pasiyent münasibətləri hansı səviyyədədir? 

-Biz həkimlər çalışırıq ki, pasiyentlə səmimi, dürüst və anlayışlı münasibət quraq. Bu münasibət etibar və mərhəmət üzərinə qurulur. Mənim üçün pasiyentlə münasibət müalicənin başlanğıcıdır. Etiraf edim ki, münasibətlər hər zaman ideal olmur. Bəzən pasiyent anlayışsız,  bəzən  isə biz yorğun oluruq. Amma unutmayaq ki, bu münasibət  iki insan arasında ümidə söykənən bir körpüdür.  Səmimi desəm ən böyük narazılığım odur ki, bəzən xəstələr müalicəyə, həkimin dediyinə ciddi yanaşmır və ya gənc həkimlərin sözlərinə etibar etmək istəməyib yaşca  daha böyük həkim axtarışına çıxırlar və ya qonşunun qohumun, internetden əldə etdikləri səhv informasiyaları həkimin sözündən üstün tuturlar. Bu isə xəstələyin daha ağırlaşmış və gecikdirilmiş bir formaya gətirilib çıxarılmasına səbəb olur. Unutmayaq ki, sağalma birgə səydən doğur.

- Oxucularımıza hansı tövsiyələri verərdiniz?

- Oxucularımıza tövsiyəm odur ki, sağlamlıqlarını sonuncu yerə qoymasınlar. Ən böyük sərvət sağlamlıqdır. Bunu yalnız xəstələnəndə yox,  sağlam olanda xatırlasınlar. Öz canınız sevin və ona vaxtında qulluq edin ki, sağlam olun, gümrah qalın!

-Müsahibə üçün təşəkkür edirik. Sizə möhkəm cansağlığı və gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq! Əllərinizin şəfalı, yolunuzun daim aydın olmasını diləyirik!

Yaqut Ağaşahqızı, “İki sahil”

Chosen
11
ikisahil.az

1Sources