2026-cı ilin yanvar ayından etibarən Azərbaycanda gəlir vergisi üzrə tətbiq edilən güzəştlərin müddəti başa çatır. Bu, 2019-cu ildən qüvvədə olan yeddi illik güzəşt dövrünün sonu deməkdir. Hazırda əməkhaqqı 8000 manata qədər olan şəxslər gəlir vergisindən azaddır, yalnız 8000 manatdan yuxarı hissədən 14% vergi tutulur. Əgər güzəşt müddəti uzadılmasa, 2026-cı ildən etibarən maaşın 2500 manatadək hissəsindən 14%, 2500 manatdan yuxarı hissəsindən isə 25% gəlir vergisi tutulması nəzərdə tutulur.
Bəs növbəti ildə bizi nə gözləyir? 2026-cı il vergi siyasətində hansı istiqamətlər prioritet olacaq? Mövcud güzəştlər uzadılacaq, yoxsa sahibkarlar və işçilər yeni vergi yükü ilə üz-üzə qalacaqlar?
Kəmiyyət yanaşmasından keyfiyyət yanaşmasına
Millət vəkili Vüqar Bayramov “Kaspi” qəzetinə açıqlamasında bildirdi ki, payız sessiyasında vergi güzəştlərinin müddətinin uzadılması ilə bağlı məsələyə dair hökumət tərəfindən təqdim olunacaq layihə barədə daha ətraflı məlumat əldə edəcəyik: “Ümumilikdə, təklifimiz ondan ibarətdir ki, vergi güzəştlərində kəmiyyət yanaşmasından keyfiyyət yanaşmasına keçid təmin edilsin. Xüsusilə inkişaf etmiş ölkələrdə olduğu kimi, gəlir vergisi üzrə güzəştlərin istehlak göstəricilərinə əsaslanaraq tətbiq olunması məqsədəuyğundur. Yəni vətəndaş nə qədər çox rəsmi istehlak həyata keçirirsə və bu xərcləri plastik kart vasitəsilə rəsmiləşdirirsə, bir o qədər çox güzəşt əldə etməlidir”.
“Güzəştlərin saxlanılmasının tərəfdarıyıq”
Millət vəkili vurğulayır ki, hazırda mövcud olan məlumat bazaları bu modelin tətbiqinə real imkan yaradır: “Bu səbəbdən hesab edirik ki, vergi güzəştləri yalnız regional və ya kəmiyyət əsaslı deyil, fərdi istehlak davranışı və şəffaf iqtisadi aktivlik əsasında tətbiq edilməlidir. Bu, vergi siyasətində daha ədalətli və səmərəli nəticələrə gətirib çıxara bilər. Xüsusilə də nəzərə alsaq ki, istehlak real sektorun inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Məsələn, ABŞ-də inkişafı göstərən əsas indikatorlardan biri istehlak səviyyəsidir. Çünki istehlak real sektor üçün əsas mənbədir. Bu səbəbdən gəlir vergisi daxil olmaqla, keyfiyyət meyarlarının tətbiqi həm də istehlakın stimullaşdırılmasına gətirib çıxara bilər. İstehlakın təşviqi isə real sektorun inkişafı baxımından vacibdir. Amma bütövlükdə hansı yanaşmaya üstünlük veriləcəyi bu ilin payız sessiyasında məlum olacaq”.
“Güzəşt kompensasiya xarakteri daşıyırdı”
İqtisadçı-ekspert Radil Fətullayev deyir ki, yeddi il müddətində qüvvədə olan bu güzəşt qeyri-neft sektoruna ciddi dəstək verdi: “Güzəşt sosial sığorta ödənişlərinə müəyyən təsir göstərsə də, müəssisələrin yükünü azaltmaqla yanaşı, işçilərin əlində qalan məbləğin artmasına səbəb oldu. Sosial sığorta haqlarında artım müşahidə olunsa da, ümumi mənada bu dəyişiklik kompensasiya xarakteri daşıyırdı”.