Ağdam və Cəbrayıla növbəti köç baş tutdu...
Vaxtilə doğma torpaqlarından didərgin düşmüş vətəndaşlarımızın doğma torpaqlarına qovuşmaq həsrəti sona çatır. Hər keçən gün keçmiş məcburi köçkünlərimiz hissə-hissə dədə-baba yurdlarına qayıdırlar. Bu gün öz sakinlərini yeni bir ab-hava ilə qarşılayan şəhərlərimizdən biri də Cəbrayıl və Ağdamdır.
110 ailə sevinc içindədir...
Dünən Ağdam rayonunun Xıdırlı kəndinə və Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb. Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə Xıdırlı kəndinə 60 ailə - 235 nəfər, Cəbrayıl şəhərinə isə 50 ailə - 199 nəfər köçürülüb.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Cəbrayıla vurulan maddi və mənəvi ziyan...
İkinci Qarabağ müharibəsində 27 il işğalda olan Cəbrayıl şəhəri azadlığına qovuşdu. Cəbrayıl şəhəri və rayonu 1993-cü il avqustun 23-də işğal edilib. İşğal vaxtı Cəbrayıl rayonu 1 şəhər, 4 qəsəbə və 97 kənddən ibarət idi. İşğal nəticəsində Cəbrayıl rayonuna 13,928 milyard ABŞ dolları həcmində maddi ziyan dəyib, mənəvi ziyanı ölçmək isə mümkün deyil...Cəbrayıllı məcburi köçkünlər respublikamızın 58 rayonu üzrə 2 minədək yaşayış məntəqəsində, eləcə də qaçqın düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşmışdı. İşğala məruz qalarkən rayonun 52 min nəfər əhalisi olub. Cəbrayıldan Birinci Qarabağ müharibəsində 362 nəfər şəhid, 191 nəfər əlil olub. Rayonun 6 sakini Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
1050 kvadratkilometri əhatə edən Cəbrayıl rayonunun ərazisi, o cümlədən 100-ə yaxın kənd, 72 ümumtəhsil məktəbi, 150 mədəniyyət ocağı, 132 tarixi abidə işğal vaxtı vəhşicəsinə talan edilib, dağıdılıb.
Cəbrayılda mədəniyyət, elm-təhsil, maarif mühiti kifayət qədər zəngin idi. Rayonda 3 musiqi məktəbi, 12 mədəniyyət evi, 32 klub, 10 mədəni çadır və avtoklub, 78 kitabxana və 1 muzeydə 508 mədəniyyət işçisi, 72 məktəbdə 1660 nəfərdən çox müəllim çalışıb. Rayon Tarix-diyarşünaslıq muzeyində 20 mindən çox eksponat olub.
Qeyd edək ki, Cəbrayılın yaşayış məntəqəsi kimi tarixi 8-ci əsrə bağlanır. 1930-cu ildə inzibati mərkəzi olan Cəbrayıl rayonu yaradılıb və şəhəri də məhz həmin illərdə formalaşmağa başlayıb. Şəhərin ilk Baş planı 1984-cü ildə işlənilib. O zaman şəhərin ərazisi 258 hektar, əhalinin sayı 5200 nəfər idi.
Bütün güclər səfərbər olunub...
Azərbaycanın Ermənistan üzərində qələbə qazanmasından sonra qısa bir zamanda azad olunan ərazilərimizdə bərpa-təmir, abadlıq və quruculuq işlərinə start verildi. Bildiyimiz kimi, işğal altında saxlanılan ərazilərimizdə dağıdılan yaşayış məntəqələri, orada həyat üçün zəruri olan sosial-iqtisadi infrastruktur obyektləri dağıdılıb, tarixi-mədəniyyət və dini abidələrimizə ciddi ziyan dəyib, fərdi və çoxmənzilli yaşayış evləri məhv edilib. Bu ərazilərdə ermənilər tərəfindən aparılan şumlama əməliyyatı neçə əsrlik tarixi olan yeraltı və yerüstü sərvətlərimizə qarşı olan vandallıq əməlləridir. Bu gün artıq ərazilərimizdə intensiv şəkildə bərpa və yenidənqurma işləri həyata keçirilir, Azərbaycan öz ərazilərini bərpa edir. Ordumuz tərəfindən azad edilən Cəbrayıl şəhəri yeni dövrünü yaşıyır. Dağıdılmış əraziləri yenidən qurmaq böyük güc, potensial və zaman tələb edir. Ölkəmizdə yenidənqurma, abadlıq və quruculuq işlərinin aparılması məqsədi ilə bütün güclər səfərbər olunub və işğaldan azad edilən ərazilərdə yeni işıqlı həyata başlanılıb. Cəbrayılda çoxsaylı bərpa və quruculuq işləri görülüb və bu işlər yenə də sürətlə davam etməkdədir.
Ağdam da yenidən qurulur...
30 illik işğal dövründə tamamilə dağıdılan Ağdam şəhəri, rayonun bütün kəndləri bir daha düşmənin xislətinin, düşmənçiliyinin göstəricisidir. Lakin Ağdam bu gün yenidən qurulur. Bərpa-quruculuq işlərində xüsusi diqqət göstərilən məsələlərdən biri infrastruktur layihələrinin icrasıdır. Bunu Ağdam şəhərinin, rayonun kəndlərinin timsalında da aydın görmək mümkündür. Ağdam-Bərdə yolu yenidən quruldu. Ağdam-Xankəndi yolu inşa edilir. Dəmir yolu çəkilir. Ağdama dəmir yolu ilə rahat gəlmək mümkün olacaq. Vağzal kompleksi inşa edilir. Birinci bərpa olunan bina Ağdam məscidi oldu. Muğam Mərkəzi inşa edilir. “İmarət” Kompleksi bərpa edildi. Natəvanın qəbri bərpa olundu. Xaçınçay su anbarı yenidən quruldu. Məktəb binası, xəstəxana tikilir, böyük sənaye kompleksi fəaliyyət göstərir. Artıq Ağdamda bir neçə müəssisə fəaliyyət göstərir ki, bu, Qarabağ, Şərqi Zəngəzur bölgəsinin ən böyük sənaye kompleksi olacaq. Bir neçə yaşayış kompleksi inşa edilir və bu il istifadəyə veriləcək.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 50 mindən çox insan yaşayır.
Yeganə BAYRAMOVA