Gürcüstanın İqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvilinin son günlər Azərbaycana və Qazaxıstana etdiyi səfərlər Orta Dəhlizin inkişafı və regional əməkdaşlığın dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Səfər çərçivəsində keçirilən görüşlərdə nəqliyyat, logistika, ticarət və enerji sahələrində əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri müzakirə olunub. Tərəflər Orta Dəhlizin tam potensialının gerçəkləşdirilməsi üçün iştirakçı ölkələr arasında daha sıx koordinasiyanın vacibliyini vurğulayıblar.
Bu məqsədlə müştərək investisiya təşəbbüslərinin irəli sürülməsi, idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi və proseslərin sürətləndirilməsi əsas prioritetlər kimi önə çəkilir. Xüsusilə multimodal daşımaların təşkili üçün birgə müəssisələrin yaradılması, yüklərin çatdırılma vaxtının optimallaşdırılması və tranzit tariflərinin vahid sistemlə tənzimlənməsi istiqamətində razılaşdırılmış addımların atılması çox vacibdir.
Bəs rəsmi Tbilisi üçtərəfli əməkdaşlığa niyə bu qədər önəm verir və bunun nə kimi üstünlükləri var?
Əvvəlcə onu qeyd edək ki, Tbilisinin bu yanaşması həm regional logistik inteqrasiyanı gücləndirir, həm də Orta Dəhlizin Avropa ilə Asiya arasında rəqabətqabiliyyətli və etibarlı nəqliyyat marşrutu kimi mövqeyini möhkəmləndirir.
Azərbaycan, Gürcüstan və Qazaxıstan arasında formalaşan üçtərəfli əməkdaşlıq modeli son illər regional sabitliyin, geoiqtisadi transformasiyanın və qlobal enerji təhlükəsizliyinin mühüm dayaqlarından birinə çevrilib. Bu strateji tərəfdaşlıq təkcə adıçəkilən ölkələrin deyil, həm də Avropa və Asiya arasında körpü rolunu oynayan geniş bir regionun maraqlarına cavab verir. Əməkdaşlığın mərkəzində dayanan Orta Dəhliz artıq, sadəcə, bir nəqliyyat marşrutu deyil, həm də geosiyasi və iqtisadi inteqrasiyanın real təzahürüdür.
Çin və Mərkəzi Asiyanı Avropa ilə birləşdirən Orta Dəhliz dəyişən qlobal tədarük zəncirləri və artan logistik təhlükəsizlik çağırışları fonunda çevik, səmərəli və sabit alternativ kimi fərqlənir. Dəhliz üzərində qurulan çoxşaxəli əməkdaşlıq həm iqtisadi inkişafı təşviq edir, həm də siyasi sabitliyin qorunmasına töhfə verir.
Azərbaycan bu əməkdaşlıqda aparıcı mövqe tutur. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Ələt Azad İqtisadi Zonası və Bakı–Tbilisi–Qars dəmir yolu kimi mühüm infrastruktur layihələri ölkənin Orta Dəhlizin əsas qovşaqlarından birinə çevrilməsini təmin edib. Azərbaycanın təşəbbüsləri nəticəsində regionun logistika və nəqliyyat potensialı keyfiyyətcə yeni mərhələyə qədəm qoyub.
Gürcüstanın geostrateji mövqeyi və Qara dənizə çıxışı isə dəhlizin Avropa bazarları ilə birləşdirici rolunu gücləndirir. Gürcüstan dəhliz boyu keçən yüklərin Avropa ilə əlaqələndirilməsində həlledici keçid məntəqəsinə çevrilib. Ölkə bu statusunu möhkəmləndirmək üçün həm infrastruktur, həm də gömrük sahəsində islahatlara üstünlük verir.
Qazaxıstan isə Orta Asiyanın ən böyük iqtisadiyyatına malik ölkə olaraq, dəhlizin şərq cinahını gücləndirir. Neft, qaz və digər təbii sərvətlərin Qərbə nəqlində alternativ marşrut kimi Orta Dəhliz Qazaxıstan üçün strateji əhəmiyyət daşıyır. 2024-cü ilin statistik göstəricilərinə əsasən, Qazaxıstan və Gürcüstan arasında Azərbaycandan keçməklə quru yolla 1 milyon tona yaxın, dəmir yolu ilə isə 2,7 milyon tondan artıq yük daşınıb. Bu rəqəmlər dəhlizin reallıqda işlək olduğunu və region ölkələri üçün iqtisadi baxımdan effektiv vasitəyə çevrildiyini göstərir.
Azərbaycan ərazisi ilə 2025-ci ilin ilk yarısında Orta Dəhliz vasitəsilə 1 milyon 741 min ton tranzit yük daşınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7 faiz artım deməkdir. Eyni zamanda, Bakı limanında daşınan konteynerlərin sayı 53 min TEU-yə çatıb. Bu göstərici əvvəlki illə müqayisədə 71 faiz çoxdur. Statistik məlumatlar göstərir ki, dəhliz üzərində yük dövriyyəsi ilbəil artır və bu, Orta Dəhlizin dünya ticarət sistemində mühüm rolunu təsdiqləyir.
Orta Dəhliz region ölkələrinin ticarət və iqtisadi inkişaf potensialını artırmaqla yanaşı, onların Avropa və Asiya bazarlarına inteqrasiyasını da asanlaşdırır. Xüsusilə limanlara çıxışın təmin olunması, gömrük prosedurlarının sadələşdirilməsi və rəqəmsallaşma kimi amillər ticarət dövriyyəsinin səmərəliliyini artırır,ə regionun qlobal iqtisadi sistemdə güclü mövqe tutmasına şərait yaradır.
Dəhlizə olan maraq regional çərçivədən kənara çıxaraq, Türkmənistan, Özbəkistan, eləcə də Mərkəzi Asiyanın digər ölkələrini də əhatə etməyə başlayır. Bu ölkələrin layihəyə inteqrasiyası ilə Orta Dəhliz daha geniş bir coğrafiyanı əhatə edən, çoxölçülü iqtisadi platformaya çevrilə bilər. Beləliklə, Orta Dəhliz yalnız fiziki bağlantı vasitəsi deyil, həm də region dövlətləri arasında yeni əməkdaşlıq formatlarının yaranmasına zəmin yaradan strateji təşəbbüsdür.
Azərbaycan uzun illərdir ki, Xəzər hövzəsindəki zəngin enerji ehtiyatları hesabına Qərb bazarlarının etibarlı təchizatçısı kimi çıxış edir. Bakı–Tbilisi–Ceyhan (BTC) neft kəməri və Bakı–Tbilisi–Ərzurum (BTƏ) qaz kəməri vasitəsilə Azərbaycanın karbohidrogen ehtiyatları beynəlxalq bazarlara çıxarılır və bu marşrutlar regionun enerji xəritəsində strateji mövqe tutur. Gürcüstan bu enerji axınının əsas tranzit qovşağı olaraq Azərbaycanın ixrac infrastrukturunun ayrılmaz hissəsinə çevrilib. Onun ərazisindən keçən neft-qaz kəmərləri yalnız iqtisadi gəlir mənbəyi deyil, həm də regionda sabitliyin və geosiyasi balansın əsas sütunlarından biridir. Bu səbəbdən Gürcüstan enerji təhlükəsizliyi məsələsində həm region ölkələri, həm də Qərb üçün mühüm tərəfdaş rolunu oynayır. Bundan başqa, onun tranzit ölkə kimi gəlirləri də hər il artır. Məslən, neft - qaz sahəsində əməkdaşlıq artıq real nəticələr verir. Bu ilin ilk 5 ayında Gürcüstana 1,6 milyard kubmetr qaz tədarükü təmin olunub.
Qazaxıstan isə Xəzərin şərqində yerləşən enerji nəhəngi kimi Avropa bazarlarına çıxışını diversifikasiya etmək məqsədilə alternativ nəqliyyat və ixrac marşrutları axtarır. Rusiya–Ukrayna münaqişəsi və Qərbin enerji siyasətindəki dəyişikliklər Qazaxıstanı öz ixrac yollarını şaxələndirməyə sövq edir. Bu baxımdan, Azərbaycanın müasir nəqliyyat-logistika infrastrukturu, xüsusilə də Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Bakı–Tbilisi–Qars dəmir yolu Qazaxıstan üçün strateji əhəmiyyət daşıyır. Qazaxıstan neftinin Bakı vasitəsilə Ceyhan limanına və oradan dünya bazarlarına çıxarılması istiqamətində artan əməkdaşlıq bu tendensiyanın bariz nümunəsidir. Onu da qeyd edək ki, Qazaxıstan Aktau–Bakı–Ceyhan marşrutu üzrə neft tranzitini 2025-ci ildə 1,7 milyon tona çatdırmağı planlaşdırır.
Ənənəvi neft və qaz ixracı ilə yanaşı, son illər yaşıl enerji – külək, günəş və hidroenerji sahələrində irəliləyişlər bu əməkdaşlığın yeni mərhələyə keçdiyini göstərir. Bu kontekstdə “Xəzər–Qara dəniz–Avropa Yaşıl Enerji Dəhlizi” layihəsi xüsusi önəm daşıyır. Azərbaycanın zəngin yaşıl enerji potensialı Gürcüstan üzərindən Qara dəniz vasitəsilə Avropa bazarlarına ötürüləcək. Bu marşrut həm enerji mənbələrinin diversifikasiyası, həm də qlobal iqlim çağırışlarına cavab baxımından mühüm alternativ kimi çıxış edir.
Azərbaycanın Energetika naziri Pərviz Şahbazovla Mariam Kvrivişvilinin görüşündə bu məqam xüsusi vurğulanıb. Bildirilib ki, yaşıl enerji dəhlizi çərçivəsində planlaşdırılan sualtı kabel layihəsi, həmçinin Azərbaycan–Gürcüstan–Türkiyə–Bolqarıstan interkonnektor layihəsi Cənubi Qafqaz regionunu Avropa enerji sisteminə inteqrasiya edən mühüm infrastruktura çevrilə bilər. Bu təşəbbüslər həm də regionda bərpa olunan enerji mənbələrinin effektiv istifadəsini təşviq edir və yeni investisiya imkanları yaradır.
Qazaxıstanın da bu dəhlizdəki rolu nəzərəçarpandır. Xəzər dənizi vasitəsilə enerji bağlantıları genişləndikcə, Qazaxıstan özünün yaşıl enerji ambisiyalarını bu regional əməkdaşlıq kontekstində reallaşdırmaq imkanı əldə edir. Nəticə etibarilə, bu üç ölkə arasında enerji sahəsindəki əməkdaşlıq təkcə iqtisadi maraqlara deyil, həm də qarşılıqlı etimada və uzunmüddətli strateji planlara əsaslanır. Həm də Avropanın enerji şaxələndirmə siyasətinə töhfə verir, Orta Dəhlizin geosiyasi əhəmiyyətini artırır.
Bu dəyişikliklər kontekstində Azərbaycanın təşəbbüsü ilə gündəmə gələn “Zəngəzur dəhlizi” layihəsi xüsusi əhəmiyyət kəsb edir. Dəhliz Çindən Avropaya qədər uzanan yeni ticarət yollarının daha təhlükəsiz və çevik marşrutlar üzrə qurulmasına şərait yaradır. Cənubi Qafqaz və Mərkəzi Asiya regionları bir-birinə daha sıx şəkildə, vahid iqtisadi və nəqliyyat sisteminin elementlərinə çevrilirlər.
Nəticə etibarilə, Bakı–Tbilisi–Astana strateji tandemi Orta Dəhliz başda olmaqla bir sıra nəqliyyat və enerji layihələrinin uğurla həyata keçirilməsində mühüm rol oynayır. Bu əməkdaşlıq modeli təkcə regionun inkişafına deyil, həm də Avropa və Asiya arasında dayanıqlı, səmərəli və təhlükəsiz iqtisadi əlaqələrin qurulmasına ciddi töhfələr verir. Yaxın gələcəkdə bu əməkdaşlıq modelinin daha geniş coğrafiyanı əhatə edəcəyi və regionun qlobal iqtisadi sistemə sıx inteqrasiyası real görünür.
Pünhan ƏFƏNDİYEV
XQ