EN

Mənim qərarlarım yalnız inkişaf və müasirləşmə gündəliyinə əsaslanır - TƏHLİL

Prezident İlham Əliyevin sərəncamlarına əsasən,  2025-ci il sentyabrın 1-dən etibarən ali təhsil müəssisələrimizdə təhsil alan tələbələr üçün Prezident təqaüdünün, həmçinin  doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan tələbələrə verilən   təqaüdlərin məbləği  artırıldı

Son vaxtlarda  dünya iqtisadiyyatında müşahidə olunan inqilabi- texnoloji dəyişikliklər şəraitində ölkələrarası rəqabət daha da artmışdır. Perspektiv həyat dərin rəqəmsallaşma, yeni texnologiyaların aktiv tətbiqi və insan iştirakı olmadan ən müasir sahələrin sürətli inkişafı ilə səciyyəvi olacaq. Gələcək illərdə dünyada artan rəqabətə hazır olmaq üçün hər bir ölkənin prioriteti yüksək rəqabətli insan kapitalını formalaşdırmaqdır. Bunun üçün müasir təhsil, innovasiyaları təşviq edən münbit şərait və insanların sağlamlığı əsas şərtdir. Bu çağırışlar tarixi Zəfərimizin yaratdığı yeni reallıqlar fonunda  təsdiqlənən «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər»də öz əksini tapıb. Təbii ki, hər dövrün öz tələbi, çağırışı vardır. Təhsilin inkişafı, savadlılıq səviyyəsinin yüksəldilməsi bütün dövrlərdə əsas çağırışlar sırasında olub. Hər bir ölkənin inkişafında bu amillərin rolu böyükdür. Milli Priortetlərdə bu mühüm hədəflər də açıqlanır ki, dünyada artan rəqabətə davam gətirə bilmək üçün iqtisadiyyatın uzunmüddətli inkişafı müasir və güclü təhsilə arxalanmalıdır. Məhz təhsil vasitəsilə insan kapitalının milli sərvətdə iştirak payı davamlı şəkildə artırılmalıdır. Cəmiyyətin inkişafının təminatçısı olan ümumi təhsilin gücləndirilməsi üçün təhsil sistemində gedən modernləşmə davam etdirilməli, məzmun islahatları dərinləşməli, inteqrativ tədris təcrübəsi inkişaf etdirilməlidir. Bu əsasda ölkənin beynəlxalq qiymətləndirmələrdə (PISA, PIRLS, TIMSS, ICILS) mövqeyinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına nail olunmalıdır. Təhsil sistemi gənc nəsli gələcək rəqəmsal texnologiyalar dövrünə hazırlamaq üçün onlara məktəb yaşından rəqəmsal səriştələrin aşılanmasına diqqət yetirməli, indikindən əsaslı şəkildə fərqlənən yeni bacarıqlar, ixtisaslar və peşələr verməlidir. İnsanların yüksək keyfiyyətli təhsil almaq imkanları genişləndirilməli, kadr hazırlığı əmək bazarının tələblərinə uyğunlaşmalıdır, peşə hazırlığı sisteminin inkişaf etdirilməsi tədbirləri çərçivəsində beynəlxalq sertifikatlara uyğun mütəxəssislər hazırlanmalıdır. Güclü təhsil hesabına yüksək peşə bacarıqlarına malik insan kapitalı yaratmaq üçün ali təhsil müəssisələrinin beynəlxalq səviyyədə keyfiyyət baxımından rəqabətədavamlığı təmin olunmalıdır.

Təhsili millətin gələcəyi kimi dəyərləndirən, hakimiyyətinin hər iki dövründə təhsil sahəsinin prioritetliyini önə çəkərək bugünümüz və gələcəyimiz üçün möhkəm təməl yaradan Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu son 21 ildən artıq dövrdə uğurla davam etdirən Prezident İlham Əliyevin son illərdə təhsil sisteminin təkmilləşdirilməsinə yönələn sərəncamları “Uğurlu iqtisadi tərəqqiyə məhz ali təhsil sisteminin beynəlxalq standartlar səviyyəsinə yüksəldilməsi sayəsində nail ola bilərik” çağırışına xidmət edir. Cənab İlham Əliyev daim çıxışlarında «Azərbaycan gəncləri fəaldır, vətənpərvərdir, biliklidir, savadlıdırlar. Gənclər, mən sizə inanıram, güvənirəm» çağırışı gələcəyimiz kimi dəyərləndirilən gəncliyin qarşısında mühüm tələblər qoyur ki, bunlardan da biri təhsilə diqqətdir: “Mən bütün gənclərə üz tutub deyirəm ki, təhsilə çox böyük fikir versinlər. Çünki bugünkü dünyada bilik, savad ön plandadır. Bu gün dünya o qədər sürətlə inkişaf edir, texnologiyalar o qədər sürətlə qabağa gedir ki, bilik, savad olmadan həyatda öz layiqli yerini tapmaq çox çətindir. Gənclər peşəkar olmalıdırlar. İstənilən sahədə işləyən gənclər çalışmalıdırlar ki, öz peşəkarlıqlarını artırsınlar.»”

Təhsilin səviyyəsinin dünyanın ən yüksək standartlarına cavab verməsi istiqamtəində atılan addımların davamlılığına diqqət yetirmək kifayətdir. Ölkəmizdə savadlılığın səviyyəsinin təxminən 100 faizə yaxın olması təbii ki, uğurlu, təkmil islahatların, təhsilin inkişafına göstərilən diqqət və qayğının nəticəsidir. Təhsilin inkişafında məktəblərin rolu önə çəkilərək, yenilərinin tikilməsi, yaxud əsaslı təmir olunması, maddi-texniki bazalarının daha da möhkəmləndirilməsi, kompyuterləşdirilməsi istiqamətində mühüm addımlar atılır. Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində 2 mindən artıq məktəb tikilib və ya yenidən təmir olunaraq istifadəyə verilib. Bugünümüzün əsas tələbləri sırasında Fondun «Hər şagirdə bir kompyuter» layihəsi xüsusi yer tutur. Məqsəd budur ki, təhsilə ayrılan xərclərdən səmərəli istifadə olunsun, gənc nəslin dünyada gedən proseslərə uyğun, eyni zamanda, milli dəyərlərə əsaslanaraq inkişafı təmin edilsin.

    Müasir dövrün sosial-siyasi reallıqlarının, dünyanın yeni çağırışlarının intellektual gənclik qarşısında qoyduğu mühüm vəzifələr əsas tutularaq  Gənc alimlərin qurultayının keçirilməsi də  təqdirəlayiq hal kimi dəyərləndirildi. İntellektual gəncliyin innovativ potensialının üzə çıxarılması, onların təhsil və məşğulluq məsələlərinə diqqətin artırılması, ölkəmizdə və xaricdə yaşayan gənc alimlərin fəaliyyətinin əlaqələndirilməsi istiqamətində işin gücləndirilməsi əsas hədəf kimi irəli sürüldü. Bütün bu addımlar ümumilikdə yenilikçi, müasir düşüncəyə malik olan gənclərin yeni texnologiyaların öyrənilməsinə və tətbiqinə marağının artırılması, ən əsası kadr hazırlığını iqtisadi inkişafın səviyyəsi ilə uyğunlaşdırmağa xidmət edir. Dövlətimizin başçısı İlham Əliyev bildirir: «Gənc alimlərimiz müxtəlif sahələrdə bizim elmi potensialımızı gücləndirirlər. Mənim təşəbbüsümlə bir neçə il bundan əvvəl Elmin İnkişafı Fondu, Gənclər Fondu yaradılmışdır. Bu fondlar vasitəsilə istedadlı gənclərə qrantlar verilir, müxtəlif tədqiqat proqramlarının həyata keçirilməsi üçün vəsait ayrılır. Yəni bizim gənclərimiz bu gün cəmiyyətdə çox fəal rol oynayırlar və əlbəttə ki, gələcəkdə siz ölkəmizi idarə edəcəksiniz. Ona görə bir daha demək istəyirəm ki, ilk növbədə, milli vətənpərvərlik yüksək səviyyədə olmalıdır. Hər bir gənc bilməlidir ki, bizim hamımızın əsas vəzifəsi dövlət müstəqilliyini möhkəmləndirməkdir, onu qorumaqdır... müstəqilliyi qorumaq üçün mütləq bilik, savad, vətənpərvərlik və milli təfəkkür olmalıdır.»

    Dövlətimizin başçısı İlham Əliyevin 16 noyabr 2018-ci il tarixli “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın, həmçinin 23 noyabr 2018-ci il tarixli “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”nın təsdiqlənməsi haqqında sərəncamlarının davamı olaraq bu günlərdə imzalanmış iki mühüm sənəd – “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” 2019-cu il 14 fevral tarixli  Sərəncama edilən dəyişiklik və “Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında” 2001-ci il 3 sentyabr tarixli  Fərmana edilən əlavə və dəyişikliklər – Azərbaycan dövlətinin təhsilin bütün pillə və səviyyələrində oxuyan tələbələrə göstərdiyi sistemli və ardıcıl qayğının bariz nümunəsidir. Bu, ölkəmizdə təhsilin inkişafına və gənc nəslin dəstəklənməsinə yönəlmiş ardıcıl və məqsədyönlü dövlət siyasətinin növbəti təzahürüdür.

   Bu mühüm məqamı da xüsusi qeyd edək ki, dövlət büdcəsindən ayırmalarda müdafiə xərclərindən sonra ikinci yerdə təhsil xərclərinin olması bu sahənin inkişafının nə qədər önəmli olduğunu təsdiqləyir. Hər bir dövlətin müstəqilliyinin, suverenliyinin, təhlükəsizliyinin təminatında müdafiə qüdrəti nə kimi böyük rol oynayırsa, inkişafında, tərəqqisində də təhsilin rolu elə dəyərləndirilir. Prezident kimi fəaliyyətə başladığı gündən cənab İlham Əliyev «Neft kapitalını insan kapitalına çevirək!» tezisini irəli sürərək, bu istiqamətdə davamlı addımlar atdı. Təhsilin, elmin və iqtisadiyyatın vəhdətliyinin prioritetliyi atılan addımlardan da aydın görünür. Bir faktı nəzərə alsaq ki, iqtisadiyyatla elm zəncirvari şəkildə bir-biri ilə sıx bağlıdır, bu halda dövlətin təhsilin və elmin inkişafına göstərdiyi diqqətin mahiyyəti daha qabarıq şəkildə özünü büruzə verər. İqtisadiyyatı inkişaf etdirən yeni texnologiyalardır. Məhz İKT sektorunda əldə olunan uğurlara söykənərək bu  fikri böyük əminliklə qeyd edirik ki, Azərbaycan bu gün  dünyada təkcə neft-qaz ehtiyatlarına malik ölkə deyil, həmçinin yüksək səviyyəli elmi potensiala malik və informasiya-kommunikasiya texnologiyalarının tətbiq olunduğu innovasiyalar ölkəsi kimi tanınır. Dövlət başçısı İlham Əliyev bu günlərdə  Xankəndidə “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda keçirilən III Şuşa Qlobal Media Forumundakı çıxışında da bu məsələlərə xüsusi ditqqət yönəltdi. Jurnalistin « Gəlin, gələcəyə nəzər salaq. Biz süni intellekt dövründə yaşayırıq və Azərbaycan texnoloji güc olmaq istəyir. Siz şəxsən süni intellektin inkişafı ilə bağlı Milli Strategiyanın tərtib olunması göstərişini vermisiniz. Bu sahədə vəziyyət nə yerdədir» sualına cavab olaraq cənab İlham Əliyev bildirdi ki, biz bunu yeni başlamışıq. Onun nə dərəcədə uğurlu olacağını görəcəyik. Lakin aydındır ki, biz dünyadakı tendensiyaların arxasınca getməliyik. Sadəcə, oturub gözləyə bilmərik. Buna görə, mənim qərarlarım yalnız inkişaf və müasirləşmə gündəliyinə əsaslanır. Beləliklə, bizim aparıcı beynəlxalq şirkətlərlə yaxşı təmaslarımız var və onların əksəriyyəti ilə sərmayədar kimi işləyirik. Vəsaitlərimizi iri beynəlxalq qruplar vasitəsilə sərmayə kimi yatırırıq. Eyni zamanda, enerji sektoruna xarici sərmayələrin cəlb edilməsində yaxşı təcrübəmiz var. Son 20 ildə Azərbaycana yatırılmış yalnız xarici sərmayələrin məbləği 200 milyard ABŞ dollarına bərabər olub.  Azərbaycan sabit, özünü təmin edən və gələcəyə aydın baxışları olan ölkədir: «Biz ön cərgədə olmalıyıq. Bir daha nə dərəcədə uğurlu olacağımızı söyləmək çətindir. Süni intellektlə bağlı nə baş verəcəyini söyləmək mənim üçün çətindir. Çünki bilirsiniz, müxtəlif cəmiyyətlərin fərqli təbəqələrində buna güclü və artan müqavimət var. Bu proses hələ yeni başlayıb, görərik. Mənim üçün indi “nəyə nail olacağıq, nəyə yox” söyləmək düzgün olmazdı. Biz yalnız müəyyən nailiyyətlərimiz olduqda bildiririk. Ümid edirik, gələn il Şuşa Forumuna gəlsəniz biz sizinlə müəyyən məsələləri bölüşəcəyik.» Prezident İlham Əliyev, eyni zamanda, «Siz süni intellektdən istifadə edirsinizmi» sualına cavab olaraq vurğuladı ki, yox, mən özüm istifadə etmirəm. Amma ailə üzvlərim var ki, ondan istifadə edirlər. Mənə də bəzən bu barədə məlumat verirlər. Amma yəqin ki, nə vaxtsa, mən də istifadə edəcəyəm. Çünki süni intellektin yayılması o qədər sürətlə gedir ki, istifadəçilərin sayı çox olacaq. Əsas odur ki, süni intellekt bizi bildiyimiz kriteriyalardan, meyarlardan uzaqlaşdırmasın.

   Hər bir yenliliyin tətbiqi, təbii ki, müəyyən meyarlara uyğunlaşdırılır. Azərbaycan innovasiyalar ölkəsi olaraq bu yeniliklərə nə qədər maraq göstərsə də, onun nə vəd etdiyinin, həmçinin, hansı kriteriyalara cavab verdiyinin geniş təhlilini aparır.

  Yeni çağırışlar, təkmilləşmələr öz növbəsində gəncləri daha  fəal olmağı, biliklərini artırmağı bir tələb kimi qarşıya qoyur.  Bu baxımdan qeyd edə bilərik ki, ölkəmizdə  təhsil sisteminin müasirləşdirilməsi və insan kapitalının gücləndirilməsi ölkənin sosial-iqtisadi inkişaf strategiyasının prioritet istiqamətlərindən birini təşkil edir. Prezident İlham Əliyevin yuxarıda qeyd etdiyimiz sərəncamlarına əsasən,  2025-ci il sentyabrın 1-dən etibarən ali təhsil müəssisələrimizdə təhsil alan tələbələr üçün Prezident təqaüdünün məbləği 270 manatdan 350 manata yüksəldildi. Bununla yanaşı, doktorantlara, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan tələbələrə verilən digər dövlət təqaüdləri də artırıldı. Bütün bunlar təhsil alan gənclərin sosial rifahının yaxşılaşdırılması, onların maddi təminatının gücləndirilməsi istiqamətində atılmış  addımların əsas tərkib hissəsi kimi qeyd edilir. Təqaüdlərin artırılması  onların sosial müdafiəsinin gücləndirilməsi ilə yanaşı,  həm də təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət edir.  Dövlətimizin təhsil siyasəti gələcək nəsillərin bilikli, vətənpərvər və yüksəkixtisaslı kadrlar kimi formalaşmasına xidmət edir.

     Gənclərimizin xarici ölkələrdə təhsilinin davam etdirilməsi ilə bağlı imzalanan sənədlər də təhsil sahəsinin prioritetliyini təsdiqləyən mühüm addımlar sırasındadır. Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən «Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı» da bunin bariz nümunəsidir. Sənəddə qeyd olunduğu kimi, hər bir ölkənin sosial-iqtisadi inkişafı həmin ölkədə insan kapitalının inkişaf səviyyəsindən asılıdır. Son dövrdə dünya iqtisadiyyatında müşahidə olunan texnoloji dəyişikliklər şəraitində rəqəmsal bacarıqlara malik, yeni texnologiyaları aktiv tətbiq edə bilən, gələcək illərdə dünyada artan rəqabətə hazır olan yüksəkixtisaslı insan kapitalının formalaşdırılması xüsusi aktuallıq kəsb edir.  Qlobal dəyər zəncirinin formalaşmasında innovasiyaların rolu dayanmadan artmaqdadır. İnkişaf etmiş ölkələrdə ÜDM-in artımının 80-95 faizini məhz yeni texnologiyaların yaratdığı məhsullar, işlər və xidmətlər təşkil edir. Hazırda iqtisadi artımı səciyyələndirən amillər ciddi dəyişikliklərə məruz qalmaqdadır. Bu dəyişikliklərin təməl hərəkətvericilərindən biri də rəqəmsallaşmadır. İqtisadiyyatın rəqəmsallaşdırılması dünyada iqtisadi proseslərin və resursların idarə olunmasını, optimallaşdırılmasını, paylaşılmasını və yerləşdirilməsini əsaslı şəkildə dəyişdirir. Bu proses məhsuldarlığı artırır, sahibkarlıq subyektlərini innovativ ideyalara, texnologiyalara, müasir idarəetmə və biznes modellərinə keçməyə təhrik edir və bazarlara yeni çıxış kanalları yaradır. Müasir dünyada bilik iqtisadiyyatı və innovasiya cəmiyyəti, davamlı və hərtərəfli inkişafın təmin edilməsi bütün dövlətlərin qarşısında duran vacib vəzifələrdəndir. Qloballaşma ölkələr arasındakı əlaqələri genişləndirir və bunun nəticəsi olaraq, təhsil sistemlərinin fəaliyyətinin və effektivliyinin müqayisəsinə maraq artır. Hazırda bir çox dövlətlər tərəfindən xaricdə peşəkar kadr hazırlığının xüsusi Dövlət proqramları ilə həyata keçirilməsi siyasəti dəstəklənir. Belə proqramların həyata keçirilməsi qloballaşan dünyada prioritet hesab edilən sahələr üzrə ölkənin əmək bazarının gələcək ehtiyaclarını müəyyənləşdirmək baxımından da xüsusi əhəmiyyət kəsb edir.

Təhlillər belə bir ümumiləşdirməyə əsas verir ki, qarşıda duran məqsədlərə nail olmaq üçün Azərbaycan XXI əsrin tələblərinə uyğun təhsil siyasətinin həyata keçirilməsi ilə keyfiyyətli insan kapitalını daha da gücləndirməyi hədəfləyir.

Yeganə Əliyeva, "İki sahil"

Chosen
42
ikisahil.az

1Sources