Müasir dövrdə informasiya və kommunikasiya texnologiyaları (İKT) cəmiyyətlərin inkişafında həlledici amillərdən birinə çevrilib. Texnologiyanın həyatın bütün sahələrinə nüfuz etməsi ölkələrin iqtisadiyyatından tutmuş təhsilinə, səhiyyəsindən idarəetmə sistemlərinə qədər geniş təsir dairəsinə malikdir.
Bu səbəbdən də bir çox dövlətlər İKT-nin inkişafını prioritet sahə kimi müəyyənləşdirir və bu istiqamətdə genişmiqyaslı islahatlara start verirlər.
Bu, təkcə texnoloji deyil, həm də idarəetmə mədəniyyətində keyfiyyət dəyişikliyi yaradır
İKT-nin inkişafı ilk növbədə güclü rəqəmsal infrastrukturun qurulmasından başlayır. Fiber-optik internet şəbəkələrinin genişləndirilməsi, 5G texnologiyalarının tətbiqi və bulud əsaslı xidmətlərin yayılması ölkənin texnoloji inkişaf səviyyəsini müəyyən edən əsas göstəricilərdən sayılır. İnfrastrukturun regionlar üzrə bərabər şəkildə inkişaf etdirilməsi isə “rəqəmsal bərabərlik” prinsipini təmin etməyə xidmət edir. Azərbaycan bu istiqamətdə ciddi addımlar atır. “Onlayn Azərbaycan”, “Rəqəmsal transformasiya” və “Elektron hökumət” proqramları çərçivəsində ucqar kəndlərdə belə sürətli internetə çıxış təmin olunur, dövlət xidmətlərinə əlçatanlıq artırılır. İKT-nin cəmiyyətə ən real və gündəlik təsirini göstərən sahələrdən biri də elektron hökumət sistemidir. Bu sistem vasitəsilə vətəndaşlar dövlət orqanlarına fiziki olaraq getmədən, onlayn qaydada sənədlərini əldə edə, rüsumlarını ödəyə və müxtəlif müraciətlər edə bilirlər. Nəticədə bürokratiya azalır, şəffaflıq və vətəndaş məmnunluğu artır. Hazırda Azərbaycan “myGov”, “e-sosial”, “ASAN xidmət” kimi rəqəmsal platformalar vasitəsilə yüzlərlə elektron xidməti vətəndaşların ixtiyarına verir. Bu, təkcə texnoloji deyil, həm də idarəetmə mədəniyyətində keyfiyyət dəyişikliyi yaradır.
İKT sahəsində uğurlardan biri Azərbaycanın iki dəfə Kosmosa süni peyk göndərməsidir
Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının inkişafı sahəsində dövlətin həyata keçirdiyi bütün tədbirlər müasir dünyanın yeni çağırışlarına tam cavab verir. İKT sahəsində uğurlardan biri Azərbaycanın iki dəfə Kosmosa süni peyk göndərməsidir. Azərbaycanın ilk telekommunikasiya peyki olan "Azerspace-1" 2013-cü ilin fevralın 8-də "Ariane-5" daşıyıcı raketi ilə orbitə buraxılıb. Əhatə dairəsi Avropa, Afrika, Mərkəzi Asiya, Yaxın Şərq, Qafqaz olan peykin imkanlarının 20 faizi Azərbaycanın tələbatını ödəmək, qalan 80 faizi isə kommersiya məqsədi daşıyır. Dəyəri 233 milyon dollar olan peykin istismar müddəti ən azı 15 ildir. Azərbaycanın 2014-cü il iyunun 30-da orbitə göndərdiyi ikinci peyk isə "AzerSky" adlı müşahidə peykidir. "Azerspace-1" peykinin orbitə buraxılması ilə ölkəmizdə kosmik sənayenin yaradılması və peyklərin idarəolunması ənənəsinin əsası qoyuldu. Bununla yanaşı, bu günlərdə Prezident İlham Əliyev Xankəndidə “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə bir sıra sualları cavablandırıb. O cümlədən, Prezident qeyd edib ki, İKT və süni intellektin inkişafına xüsusi önəm veriləcək: “Əsas prioritet faydalı qazıntı sahəsi ilə bağlı deyil. Burada IT, aparıcı texnologiyalar sektorunu qeyd etmək istəyirəm. Biz süni intellektlə bağlı aparıcı şirkətlərlə artıq əməkdaşlıq edirik. Biz dünyadakı tendensiyaların arxasınca getməliyik. Sadəcə, oturub gözləyə bilmərik. Buna görə, mənim qərarlarım yalnız inkişaf və müasirləşmə gündəliyinə əsaslanır. Beləliklə, bizim aparıcı beynəlxalq şirkətlərlə yaxşı təmaslarımız var və onların əksəriyyəti ilə sərmayədar kimi işləyirik. Vəsaitlərimizi iri beynəlxalq qruplar vasitəsilə sərmayə kimi yatırırıq”.
Dövlətin süni intellekt sahəsinə investisiya qoyması strateji əhəmiyyət kəsb edir
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən media eksperti Yadigar Məmmədlinin fikrincə, son dövrlər İKT sahəsinin inkişafı mühüm sahələrdən biridir: “Ümumiyyətlə, inkişafın, tərəqqinin lokomotivlərindən biri də İKT sahəsidir. Sözügedən sahənin inkişaf etdirilməsi, istehsalatda, elmdə, digər bölmələrdə tətbiq olunması çox vacibdir. Yaxşı haldır ki, Azərbaycan İKT və süni intellektlə bağlı dünyada çağırışları nəzərə alır, bununla bağlı layihələrə önəm verir. Çünki süni intellekt texnologiyalarına nəzarət, onların hazırlanması və istifadəsi qlobal siyasi və iqtisadi qüvvələr nisbətini müəyyən edir. Süni intellekt sadəcə texnoloji bir yenilik deyil. Bu, idarəetməni, təhlükəsizliyi, iqtisadiyyatı, sosial həyatı köklü şəkildə dəyişdirən bir çevriliş dalğasıdır. “IV Sənaye inqilabı”nın əsasında dayanan bu proses artıq başlayıb və dünyanın qabaqcıl ölkələri süni intellekti milli təhlükəsizlik, rəqabətədavamlılıq və rifah faktoru kimi qiymətləndirir. Prezident İlham Əliyev tərəfindən informasiya-kommunikasiya texnologiyaları neft sənayesindən sonra prioritet sahə elan edilib. Dövlətin bu sahəyə investisiya qoyması məqsədlidir və strateji əhəmiyyət kəsb edir. Təsadüfü deyil ki, ölkə Prezidenti III Şuşa Qlobal Media Forumunda süni intellektin inkişafına xüsusi yer ayırdı. Bu istiqamətdə görülən işlərdən, perspektivlərdən danışdı. Çünki elə bir dövrdür ki, artıq süni intellekt, süni zəka inkişafa öz töhvəsini verir. Bu sahədə tendensiyalar sürətlə dəyişir. Deməyim odur ki, süni intellektlə bağlı ölkə başçısının toxunduğu məsələlər bir-birini tamamlayan məsələlərdir. Ona görə də bu sahənin inkişafına xüsusi önəm verilməlidir. Çünki Azərbaycan bir çox qlobal və regional layihələrin həm təşkilatçısı, həm də icraçısıdır”.
Vidadi ORDAHALLI
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.