Bakıda 20 yaşlı oğlan sevgilisini dişlədi — TƏFƏRRÜAT
Bakının Sabunçu rayonunda sevgililər arasında yaranan mübahisə cinayətlə nəticələnib.
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə Sabunçu rayonu, 2-ci Albalılıq massivində baş verib.
Bakı şəhər sakini, 2005-ci il təvəllüdlü Sərxan Məmmədov həmin ünvanda yerləşən evin qarşısında küçədə tanışı Dərya Səlimova (ad-soyad şərtidir – red.) ilə mübahisə edib.
Aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı qəsdən əllərini sıxaraq burub, sol əlini və qolunu dişləyib.
Hadisəni törədən S. Məmmədovun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edib.
Cinayət işi üzrə izahat verən S. Məmmədov ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, 2024-cü ildə D. Səlimova ilə tanış olub və sevgi münasibətləri yaranıb: “Bu barədə mənim və Dəryanın valideyinlərinin məlumatı olub. 2025-ci il də, saat 22.30-da Dəryanın yaşadığı ünvana getdim ki, sabahı gün görüşüb, saat 13 radələrində gəzməyə getməyi planlaşdıraq, gələcəkdə ailə qurmaqları barədə danışaq. Lakin həmin gün saat 13 radələrində şəxsi işlərim olduğuna görə Dərya ilə görüşə bilmədim. Lakin həmin gün saat 19 radələrində Dəryanın yaşadığı ünvana getdim. Darvazanın qarşısında onun məni gözlədiyini gördüm. Bu zaman Dəryanın əsəbləşdiyini gördüm və mənə nəyə görə gec gəlməyimi dedi, yaxamdan tutarkən əsəbləşdim. Dəryanın qollarından əlim ilə sıxdım, sol əlini və qolunu dişlədim. Əməlimdən peşmanam. Zərərçəkmiş şəxslə barışmışam”.
Bu cinayət işinə Sabunçu Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıb. Zərərçəkmiş sevgilisinə qarşı olan şikayətini geri götürüb.
Bu səbəbdən məhkəmə təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verib. O, cinayət məsuliyyətindən azad olunub.
Fariz Məlikli
Demokrat.az