EN

"Qordonun Bakıya səfəri Qərbin oyunudur" - Mariya Zaxarova

"Belə simaların peyda olması Qərbə ümid bəsləyənlərə verilən qara işarədir..."

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ukraynadakı müharibənin ən sərt ideoloji müdafiəçilərindən biri kimi bu dəfə jurnalist Dmitri Qordonu hədəfə alıb. O, Qordonun Şuşada keçirilən Qlobal Media Forumuna dəvət olunmasının "təsadüfi olmadığı" və "Qərbin əli olduğu" qənaətinə gəlib. 

Zaxarova iyulun 24-də keçirdiyi brifinqdə deyib ki, Rusiya tərəfindən ekstremist və terrorçu elan olunmuş Qordonun Qarabağa səfəri onu "təəccübləndirib". Onun sözlərinə görə, belə simaların peyda olması "Qərbə ümid bəsləyənlərə verilən qara işarədir".

XİN sözçüsü Qordonun 2020-ci ildə Belarus prezidenti Lukaşenko ilə məşhur müsahibəsinə də toxunub və bu müsahibənin guya "anti-konstitusion çevriliş cəhdləri" üçün istifadə olunduğunu bildirib. Hərçənd, həmin hadisələrlə jurnalistin nə əlaqəsi olduğu açıqlanmayıb.

Zaxarova iddia edir ki, bu dəfə də Qordonun Azərbaycan səfəri məqsədyönlü şəkildə təşkil olunub:
"Bu ekstremist "quşcuğazı" bura elə-belə atmayıblar. Burada sülhə və sabitliyə nifrət edən Qərbin barmağı var. Bu, çox güclü və parlaq "siqnal lampasıdır".

"Siz müharibənin ideoloji cinayətkarlarısınız"

Zaxarovanın sərt açıqlamasına cavab olaraq Dmitri Qordon özünün "Telegram- kanal"ında bildirib ki, qonşu ölkələr Rusiyadan könüllü şəkildə uzaqlaşır və Zaxarovaya "müsahibələrini izləməyə davam etməyi" tövsiyə edib.

"İnanıram ki, sən, Solovyov, Skabeyeva və sizin illərlə Ukraynaya qarşı müharibəni qızışdıran və hərbi cinayətləri haqq qazandıran o şərli təbliğat komandanız minlərlə ukraynalının qətlində məsuliyyət daşıyırsınız və gec-tez həbsxanada olacaqsınız",  - o, bildirib.

Qordon əlavə edib ki, səfəri ilə bağlı Rusiyada yaranan rezonans bir həftədən çoxdur davam edir: "Əvvəl xırda təbliğatçılar partlayıb, sonra Solovyov kimi "top-təbliğatçılar" işə qarışıb, indi isə sıra "top-top" səviyyəsinə - Zaxarovaya çatıb".

Niyə ruslar qəzəblənib?

İyulun 19-da Şuşada keçirilən media forumunda Qordon Azərbaycan prezidenti İlham Əliyevə "torpaqlarını azad etmiş bir ölkənin lideri kimi Ukrayna xalqına nə məsləhət verərdi?" sualını ünvanlayıb. Prezident Əliyev isə cavabında "heç vaxt işğalla razılaşmayın, əsla təslim olmayın"
deyib.

Bu cavab Rusiya mediasında isterikaya səbəb olub. Bəzi təbliğatçılar Əliyevin fikirlərini "düşməncəsinə" qiymətləndirib, bəziləri isə Xəzətin növbəti müharibə teatrına çevriləcəyini iddia edib. Hətta radikal çağırışlarla çıxış edənlər də tapılıb: "Bakıya "Oresnik"lə zərbə endirilsin!" deyənlər də olub.

Hazırkı gərginlik Qordonun sualı ilə başlayan sadə bir diplomatik epizodun, əslində, Moskvanın Cənubi Qafqazda artan təcridinə dair yeni bir simptom olduğunu göstərir. Zaxarovanın hiddəti isə Kremlin bu təcridi "qara işarələrlə" deyil, real siyasi itkilərlə hiss etdiyinə işarədir.

Chosen
34
moderator.az

1Sources