Bakı, 24 iyul, Tamilla Məmmədova, AZƏRTAC
AZƏRTAC Mərkəzi və Şərqi Avropa, Mərkəzi Asiya və Afrika üzrə “Binance”in regional rəhbəri Kirill Xomyakovla müsahibəni təqdim edir.
- “Sharia Earn” məhsulunu yaratmaq ideyası necə yarandı və nə üçün məhz indi “Binance” İslam maliyyəsinə daxil olmaq qərarı verdi?
- Biz artıq uzun müddətdir ki, müsəlman əhalisinin üstünlük təşkil etdiyi ölkələrdə rəqəmsal aktivlərə artan marağı müşahidə edirdik. İslam iqtisadiyyatı sürətlə inkişaf edir – ICD-Refinitiv məlumatlarına görə, İslam maliyyə aktivləri artıq 4 trilyon dolları keçib və artmaqda davam edir. Lakin mərkəzsizləşdirilmiş maliyyə (DeFi) uzun müddət müsəlman auditoriyası üçün əlçatmaz olaraq qalırdı, çünki şəriət normalarına uyğun alətlər demək olar ki, mövcud deyildi. “Sharia Earn” məhsulu inklüzivliyə əsaslanan strategiyamızın məntiqi davamı oldu. Biz rəqəmsal iqtisadiyyata bütün istifadəçilərin, o cümlədən dini və mədəni məhdudiyyətlərə malik olanların da çıxışını təmin etməyə çalışırıq. Hazırda bazar buna hazırdır, istifadəçilər kifayət qədər məlumatlıdır və bizdə həm texnoloji, həm də hüquqi baxımdan şəriətə tam uyğun məhsul təqdim etmək imkanı yaranıb.
- “Binance” şəriət normalarına uyğun gələn çoxvalyutalı steykinq təklif edən ilk qlobal oyunçu oldu. Sertifikatlaşdırma və İslam prinsiplərinə uyğunlaşdırma prosesində əsas çətinliklər nədən ibarət idi?
- “Sharia Earn” layihəsinin istifadəyə verilməsi nüfuzlu İslam konsaltinq şirkəti “Amanie Advisors” ilə aparılmış dərin əməkdaşlığın nəticəsidir. Bu şirkət məhsulların tam ekspertizasını həyata keçirdi və rəsmi şəriət sertifikatı təqdim etdi. Ən çətin mərhələ gəlir mexanizmlərinin İslam standartlarına uyğun şəkildə yenidən nəzərdən keçirilməsi oldu: ribanın (faizin) istisna edilməsi, yüksək şəffaflıq səviyyəsi və Vəkalə (“Wakala”) prinsipinə – yəni, İslam hüququnda passiv gəlirə icazə verən müqaviləyə – tam uyğunluğun təmin edilməsi oldu.
- Azərbaycan “Sharia Earn” məhsulunun əlçatan olacağı ilk ölkələrdən biri kimi seçilib. Bu qərarı verərkən yerli bazarın və istifadəçi üstünlüklərinin hansı xüsusiyyətlərini nəzərə aldınız?
- Azərbaycan rəqəmsal texnologiyaların tətbiqi və İslam mədəniyyətinin inkişafı baxımından Qafqaz regionunun liderlərindən biridir. Biz burada investisiyalara maraq göstərən fəal və gənc auditoriyanı müşahidə edirik, eyni zamanda, onlar məhsulların öz dəyərlərinə uyğun olmasını gözləyirlər.
Bundan əlavə, ölkədə İslam bankçılığı ilə bağlı müzakirələr aparılır və rəqəmsal savadlılıq səviyyəsi artmaqdadır. Bütün bu amillər Azərbaycan bazarını “Sharia Earn” məhsulunun tətbiqi üçün ideal başlanğıc platformasına çevirir.
- Sizin fikrinizcə, Azərbaycanda və ümumilikdə Cənubi Qafqaz regionunda halal maliyyə məhsullarına maraq hansı səviyyədədir? Bu bazarda genişlənmə potensialı görürsünüzmü?
– Bəli, halal investisiyalara maraq sabit şəkildə artır, xüsusilə gənclər və kiçik sahibkarlıq subyektləri arasında. Regionda dini inanclara zidd olmayan alternativ investisiya həllərinə maraq güclənir. Biz hesab edirik ki, “Sharia Earn” bu sahədə maliyyə inklüzivliyinin artması və “Web3” texnologiyalarının inkişafı üçün katalizator rolunu oynaya bilər. Cənubi Qafqaz ölkələrinin geosiyasi mövqeyi, Yaxın Şərq və Mərkəzi Asiya ilə mədəni əlaqələrini nəzərə alaraq, burada genişlənmə potensialı olduqca böyükdür.
- “Sharia Earn” Azərbaycanda maliyyə inklüzivliyinə – xüsusilə dini dəyərlərə əsaslanan investorların kriptoiqtisadiyyata cəlb olunmasına necə təsir göstərə bilər?
– İslam standartlarına uyğun məhsullar, əvvəllər dini səbəblərlə kriptovalyuta bazarından kənarda qalan insanlar üçün yeni imkanlar açır. “Sharia Earn” passiv gəlir əldə etmək üçün təhlükəsiz, şəffaf və dini baxımdan uyğun bir yol təqdim edir. Bu isə rəqəmsal iqtisadiyyatı daha geniş auditoriya – o cümlədən dindar ailələr, İslam yönümlü qeyri-hökumət təşkilatlar (QHT) və tələbələr üçün əlçatan edir.
- Azərbaycan təcrübəsi “Sharia Earn” çərçivəsində gələcək yerli əməkdaşlıqlar – məsələn, İslam bankları, təhsil təşkilatları və ya tənzimləyici qurumlarla iş birliyi üçün əsas ola bilərmi?
- Biz bu cür tərəfdaşlıqlara tam şəkildə açığıq. İslam maliyyə savadlılığının artırılması məqsədilə təhsil müəssisələri ilə əməkdaşlıq imkanlarını araşdırırıq. Həmçinin gələcəkdə İslam bankları ilə istər birgə məhsullar, istərsə də texnoloji inteqrasiya sahəsində əməkdaşlığı istisna etmirik. Azərbaycan rəqəmsal maliyyə ilə İslam iqtisadiyyatının necə ahəngdar şəkildə yanaşı mövcud ola biləcəyini nümayiş etdirən nümunəyə çevrilə bilər.
- Sizin fikrinizcə, Azərbaycanın Avrasiya məkanında İslam rəqəmsal maliyyəsinin inkişafında rolu nə dərəcədə əhəmiyyətlidir?
- Azərbaycanın bir sıra unikal üstünlükləri var: rəqəmsallaşma səviyyəsinin yüksək olması, gənc əhali və İslam dünyası ilə dərin mədəni bağlılıq. Bu xüsusiyyətlər ölkəni Qafqaz regionunda və ondan kənarda İslam yönümlü fintex həlləri üçün təbii bir hab halına gətirir. Tənzimləyici qurumların bu sahəyə artan diqqətini nəzərə alaraq, biz Azərbaycanın regionda halal rəqəmsal aktivlər sahəsində liderə çevrilmək potensialını aydın şəkildə görürük.
- “Binance” yaxın gələcəkdə etik, inklüziv və mədəni həssas məhsullar istiqamətində hansı addımları atmağı planlaşdırır?
- “Sharia Earn” sadəcə başlanğıcdır. Biz daim müxtəlif mədəni və regional xüsusiyyətlərə uyğun məhsulların istifadəyə verilməsini nəzərdən keçirəcəyik. Bu, həm təhsil proqramlarının lokallaşdırılması, həm də müxtəlif normativ tələblərə uyğun yeni gəlir modellərinin hazırlanması ola bilər. Məqsədimiz kriptoiqtisadiyyatı həqiqətən qlobal və inklüziv etməkdir. “Sharia Earn” layihəsinin uğurlu startından ilhamlanaraq, biz bu istiqamətdə hərəkəti istifadəçilərimizin dəyərlərinə uyğun hörmətlə davam etdirəcəyik.