EN

Azər Turan: Ədəbiyyatın və tariximizin iziylə

ain.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Samir ƏSƏDLİ

"Ədəbiyyat" qəzetinin baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru Azər Turanın yeni nəşr olunmuş "Qəbulə xanım və I Pyotr" kitabını böyük maraq və diqqətlə oxudum. Bu əsər yalnız tarixi faktları sadalamaqla kifayətlənmir, həm də Azərbaycan xalqının işğal və imperiya təzyiqlərinə qarşı göstərdiyi dirənişi bədii faktlarla təcəssüm etdirir. Kitabın mərkəzində dayanan Qəbulə xanım obrazı təkcə keçmişin bir siması deyil, milli iradənin, qadın müdrikliyinin və liderlik ruhunun bədii əksidir.

Qəbulə xanımın formalaşdığı tarixi və sosial mühit, Salyan bölgəsi  əsrlər boyu cəsur, iradəli və siyasi təfəkkürlü insanları ilə tanınıb. Bu torpaqlar yalnız əməksevərliyi ilə deyil, həm də dövlətçilik ənənələrinə sədaqəti və milli dəyərlərə bağlılığı ilə seçilib (Türk Dünyasının ən böyük ideoloqlarından biri olan Əli bəy Hüseynzadənin əslən bu bölgədən olması da təsadüfi deyil). Qəbulə xanım məhz belə bir mühitdə yetişmiş, dövrünün çətinlikləri qarşısında sarsılmamış, əksinə, siyasi uzaqgörənliyi və lider keyfiyyətləri ilə fərqlənmişdir. Qeyd etmək yerinə düşər ki, rus işğalına qarşı ilk üsyan məhz Salyanda baş verib. Bu həm də xalqımızın azadlıq və əsarətə barışmazlığının simvoludur.

Əsərdə təsvir olunan hadisələr XVIII əsrin əvvəllərində baş verir. Rus imperiyasının Cənubi Azərbaycana doğru genişlənmək planları fonunda, 1724-cü ildə Salyanı ələ keçirmək istəyən 500 nəfərlik rus hərbi birliyinin Qəbulə xanımın başçılığı ilə məhv edilməsi sadəcə bir toqquşma deyil, tariximizdə ilk antiimperialist müqavimət aktlarından biri kimi təqdim olunur. Bu fakt təkcə hərbi mübarizənin deyil, həm də milli ruhun, siyasi iradənin və qadın liderliyinin açıq manifestidir.

Qəbulə xanım Salyan Sultanlığının naibi Həsən bəyin həyat yoldaşı idi. O, dövrünün mürəkkəb siyasi mühitində yalnız ictimai şəxs kimi deyil, həm də siyasi lider olaraq çıxış etmişdir. Rus çarı I Pyotrun sevimli sərkərdəsi Matyuşinə yazdığı məktubda Qəbulə xanım barədə ifadə etdiyi fikirlər: "Salyan hakiməsi Qəbulə xanım asilərin böyüyüdür. Ondan ehtiyatlı olmaq lazımdır ki, bir bədbəxtlik üz verməsin". Bu fikirlər Azərbaycan türkü olan xanımın düşmən tərəfindən belə nə qədər ciddi qəbul olunduğunun bariz sübutudur.

Azər Turan bu tarixi faktları təqdim etməklə kifayətlənmir. O, Qəbulə xanımı həm də çağdaş oxucu üçün dəyərli bir örnəyə çevirir. Yazıçı bu obrazı yalnız bir qəhrəman kimi yox, həm də milli kimliyimizin simvolu kimi təqdim edir. Bu yanaşma həm ədəbi, həm də vətəndaşlıq baxımından mühüm əhəmiyyət daşıyır.

Azər Turan müasir Azərbaycan ədəbiyyatında dərin düşüncə, milli ideya və tarixi məsuliyyət daşıyan müəlliflərdən biridir. Onun ədəbi kimliyi ustad yazıçı İmamverdi Əbilovun ədəbi məktəbində formalaşıb. Azər Turan bu məktəbi davam etdirməklə yanaşı, onu zənginləşdirərək yeni məzmun və forma ilə müasir dövrün düşüncə sisteminə uyğunlaşdırır.

Onun publisistik və bədii yazılarında milli ruh, analitik baxış və estetik dəyərlər bir araya gəlir. Bu yazılar oxucunu həm düşündürür, həm də milli şüurun dirçəlişinə təkan verir. Xüsusilə Hüseyn Cavid yaradıcılığına həsr etdiyi məqalələrdə bu xüsusiyyətlər daha qabarıq hiss olunur. Azər Turan Cavidin poetikasını yalnız ədəbi deyil, həm də ideoloji kontekstdə araşdırır, onu müasir oxucu üçün yenidən aktual edir və milli romantizmin davamlılığını göstərir.

"Qəbulə xanım və I Pyotr" əsəri həm də sübut edir ki, ədəbiyyat tarixin yalnız bir təsviri yox, onun dərk və dirçəldilmə vasitəsidir. Bu əsər tarixi gerçəkliklərin ədəbi düşüncə ilə işıqlanması baxımından monoqrafik roman, sənədli-publisistik mətn və eyni zamanda milli yaddaş üçün çağırışdır. Azər Turan burada yalnız rəsmi tarixi xronologiya təqdim etmir, onu bədii təhlil süzgəcindən keçirərək oxucuya yeni mənzərə təqdim edir.

Onun publisistikası və ədəbi araşdırmaları Azərbaycan ədəbiyyatında milli-siyasi məsuliyyət daşıyan yazı nümunələridir. Bu yazılar estetik axtarışlarla yanaşı, milli kimliyi qorumağa və inkişaf etdirməyə yönəlib. Azər Turan təkcə ədəbi fikrin daşıyıcısı deyil, həm də milli şüurun formalaşmasında rol oynayan ziyalı mövqeyinin daimi təmsilçisidir.

Sonda qeyd etməyə dəyər bir həqiqət var: Azər Turanın yaradıcılığı yalnız keçmişi xatırlatmaq deyil, həm də gələcəyə dair yol xəritəsi təqdim etmək missiyası daşıyır. "Qəbulə xanım və I Pyotr" kitabı isə bu xəritədə xüsusi önəm daşıyan, qadın iradəsi, milli müqavimət və ziyalı qələmi ilə yoğrulmuş mühüm bir zirvədir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
29
525.az

1Sources