EN

Azəriqaz ın növbəti sayğac əməliyyatı So­sial şə­bə­kə­də ya­zı­lan­lar

ain.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

İlham Əzizov, yazıçı:

- Son günlər yas mərasimlərində verilən ehsanla bağlı rayonlardan xəbərlər gəlir. Camaat bu adətdən narahatdır, sözü bir yerə qoyub, imtina edirlər.

Həm yaşım, həm də ictimai vəziyyətimlə əlaqədar mən də öz doğma Salyan rayonunun ağsaqqallarına müraciət edirəm: yas mərasimlərində verilən ehsandan imtina edin, icazə verməyin! Bu adətin birbaşa yas vaxtı icra olunması tamamilə yanlışdır. Hüzür yiyəsinin ağır günlərində onu başqa bir problemlə də yükləmək insafdan deyil.  Belə bir arqument deyirlər ki, guya uzaqdan gələnlər var, onlar ac qalmasın. Ay millət, hansı zamənədir? Hər yer kafe, restoranla doludur. Hamının da qarnını doyurmağa imkanı çatır. Övladı, atası, anası ölən adamdan yemək ummaq düz deyil, vallah.

İmtinanı imkanlı şəxslər başlamalıdır ki, kasıblar töhmət altında əzilməsin. Bu proses İslamla da bəyənilmir. İmkanlı şəxslər həmin ehsanın əvəzinə ətrafdakı kasıblara əl tuta bilər.

Başqa vaxt nə qədər ehsan edirsiniz, edin! Yas zamanı etməyin!

İmkansız adamlar borca düşür!

Bu dəqiqə mənasız yeməklərdən çox yemək də zülümdür. Artıq yas mərasimlərimiz "obed"ə oxşayır. Bir stəkan çay, su, qənd, limon oldu bəsdir.

Əziz Salyan camaatı, əziz ağsaqqallarımız, bunu nə qədər tez etsəniz, Allaha da, bəndəyə də xoş olar!

Aqşin Yenisey, şair:

- Sosial şəbəkələrin varlığı bir çox klişelərin yanlış sosioloji hökmlər olduğunu üzə çıxardı. Onlardan ikisini deyəcəyəm.

"Elin gözü tərəzidir". Sosial şəbəkələr sübut etdi ki, kollektiv həyata aid qərarların verilməsində elin gözünə etibar etmək olmaz. Çünki bu cür dərin analiz və ətraflı bilgi tələb edən məsələlərdə elin gözü yaxşı görmür, tərəzisi isə düz çəkmir. Mütləq peşəkar fərdi yanaşmalara ehtiyac var.

"Elnən gələn dərd toy-bayramdır". Sosial şəbəkələr göstərdi ki, el dərdlə üzləşdikdə onu dərhal gülüş mövzusuna çevirir. Bu gülüş elin üzləşdiyi dərd qarşısında acizlik duyğusunun təzahürüdür.

El bilir ki, üzləşdiyi dərdin əlacını tapa bilməyəcək. Bu əlacızlıqdan doğan gülüş kütləvi ekzistensiya kimi üzə çıxır. Bu gülüş elin dərdə deyil, özünə, öz acizliyinə ironiyasıdır. Çarəsizliyin gülüşlə gizlədilmiş etirafıdır. Yenə də mütləq peşəkar fərdi müdaxiləyə ehtiyac var.  Bu da o deməkdir ki, ümumidən yox, xüsusidən muğayat olmaq lazımdır. Ümumi qaça bilər, amma dənizi ikiyə bölən xüsusi olmasa xilas ola bilməz.

Ramil Əhməd, şair:

- Heç bilmirəm, təxminən 40 il əvvəl anamla atam bu şəhərin hansı küçəsində üz-üzə gəliblər? Bu şəhər olmasaydı, o tanışlıq da olmazdı, mən də olmazdım, şeirlərim də olmazdı...

Şuşa bizim idealımızın məkanıdır. Mənim üçün isə həm də varlığımın, taleyimin başlanğıcıdır. Fotoşəkillərdən, videolentlərdən, xatirələrdən tanıdığım bu şəhərə 30 il sonra gəlirəm və burada heç nə mənə yad gəlmir! Mən bu şəhərin eşqindən doğulmuşam. Ona görə də hər addımda, hər küçədə, hər daşda nəsə tanış, doğma, izahı olmayan bir hiss tapıram...

Dünya sürətlə dəyişir. Süni intellekt, agile yanaşmaları, blockchain texnologiyaları və daha neçə-neçə yeni trendlər həyatımıza daxil olub. Hamısı bizi daha çevik, daha sürətli, daha nəticəyönümlü etməyə çalışır. Belə bir dünyada şeir nə işə yarayır? Bəlkə də, şeirdən uzaqlaşırıq, amma tarixin heç bir dövründə ona yaxın olmağa bu qədər ehtiyacımız olmamışdı. Bəlkə də, bütün bu poeziya, bütün bu söz bayramı ona görədir ki, biz sürət, texnologiya, hesab-kitablardan, faydalardan ibarət dünyada hələ də eşqi, sevgini, sevdanı, yəni insan olmağı unutmamışıq.

Cıdır düzündə ən sonuncu qayanın ucuna qədər gedirəm. İçimdə tərəddüd, qorxu yoxdur. Bilirəm ki, ayağım büdrəsə, bu ucsuz-bucaqsız uçurumun dibinə düşməyəcəm. Qanadlarım çıxacaq və azad bir quş kimi səmada süzəcəyəm. Bəlkə də, şeir elə budur - uçurumun kənarında dayanıb qorxmadan içimizdəki qaranlığa boylana bilmək cəsarəti! Və oradan atlanıb qanadlanacağımıza inanmaq səadəti! Bu şəhəri işğaldan azad edən igidlərin ruhu da sıldırım qayaların üzərində uçmurmu?

Elşən Məmmədov, jurnalist:

- "Rəqib bizdən güclüdür" deməklə iş bitmir. Lazım gəlsə, reytinqcə özündən yüksəkdə olanları da məğlub etməlisən. Bu ki milli komanda deyil!

Klubsan, nə qədər istəsən, legioner gətirə bilərsən. Şükür Allaha, limit də ləğv olunub, gətir doldur xariciləri komandana. Yerli çempionatda da oynat, beynəlxalq matçlarda da.

Əlbəttə, kimi gəldi gətirəcəksənsə, elə birinci mərhələdə burnunun üstündən vurub geri qaytaracaqlar. Səviyyəli, bahalı oyunçu almaq lazımdır! Bir dəfə alacaqsan, bəhrəsini illərlə görəcəksən. Sənin də "Qarabağ"ın bu gün baş sponsoruna ehtiyac duymadığı qədər büdcən olacaq. 

"Qarabağ" bu yerlərə elə-belə gəlməyib. Onlar "Rusenborq", "Tvente", "Kopenhagen" kimi özlərindən güclü rəqibləri üstələyərək, reytinq yığaraq, qruplara yüksələrək indi az qala Çempionlar Liqasının pley-off mərhələsində səpələnmişlər səbətinə düşürlər. Hələ "Anderlext", "Zaltsburq", "Nant" kimi komandalar üzərində qalibiyyətləri, "Atletiko", "Bayer" kimi komandalarla qələbəyə bərabər heç-heçələri demirəm.

"Qarabağ" nəinki özünün, hətta Azərbaycanın digər klublarının da avrokuboklarda daha üst mərhələlərdən başlamalarına vasitə olur.

Bəs o biri komandalar nə edir? Hamısı uduzan kimi "rəqib bizdən güclü idi, nə edə bilərik?" ritorikası ilə qulaqları deşib hamını borclu çıxarırlar.

Rəqibin güclü olduğunu bilirsənsə, sən də güclən. Azərbaycanda oyunçu tapmırsansa, get xaricdən daha yüksək səviyyəlisini al, transferlərə normal büdcə ayır. Əvvəl-axır mərhələlər keçməlisən, hər dəfə "Qarabağ"ın daha da irəli getməsinə ümid bəsləməməlisən.

Axı sən də ölkə futboluna hansısa xeyir verməlisən!

Premyer Liqada ondan ötrümü mövsüm ərzində özünü öldürürsən ki, avrokuboklarda ilk mərhələdəcə qarşını kəssinlər?

Hə, bir yolu da var. O da məşqçi savadı, taktiki bacarıqdır. Biliyin varsa, keç özündən güclü rəqibi. Necə ki, bunu Qurban Qurbanov hələ 17 il əvvəl əksəriyyəti yerli futbolçulardan ibarət "Qarabağ"ın baş məşqçisi kimi "Rusenborq" zəfəri ilə bacarmışdı.

Osman Gündüz, Azərbaycan İnternet Forumunun prezidenti:

- Ölçmək  və tərəzidə çəkmək həmişə "incə məsələ" olub: smart sayğaclar yenidən qayıdır. Amma tərəzinin düz işləməsini, məlumatların emalını ayrı qurumlar reallaşdıracaq.

Rəsmi açıqlama verilib ki, "Azəriqaz"  2,5 milyon "ağıllı" qaz sayğacı alır. Bu layihəyə SOCAR tərəfindən 480 milyon dollar ayrılıb. Layihə BƏƏ-nin "Esyasoft Holding" şirkəti ilə birgə həyata keçiriləcək və 14 ili əhatə edəcək.

Xatırladıram ki, COP29 zamanı SOCAR və BƏƏ-nin "Esyasoft Holding" və "Presight AI" şirkətlərinin birgə müəssisəsi olan "IntelliGrid" arasında 14 illik əməkdaşlıq çərçivəsində yeni müqavilə imzalanıb. Bu müqavilə Azərbaycanda tam əhatəli Ağıllı Qaz Şəbəkəsinin İdarəetmə Sisteminin tətbiqini nəzərdə tutur.

Ümumiyyətlə isə, indiyədək "Azəriqaz"ın çoxsaylı sayğac əməliyyatları olub. Gah "ağıllı" sayğacları kütləvi olaraq mexanikiyə çeviriblər, gah mexaniki-elektron sayğaclara nəsə əlavə avadanlıq və proqram təminatları quraşdırmaqla onlayna çeviriblər, gah da mobil operatorların sim-kartı ilə təmin edilən, GPRS və digər texnologiya ilə onlayn rejimdə işləyən sayğacları pilot olaraq sınaqdan keçiriblər. Gah sayğacları xaricdən alıblar, gah da Gəncədəki yerli zavodun istehsalından istifadə ediblər.

Görünür ki, indi "Azəriqaz"da yeni dövr başlayır.

Açıqlamalarına görə rəqəmsal şəbəkə qurmaq, qaz itkilərini azaltmaq, müştəri məmnunluğunu artırmaq və əməliyyat xərclərini optimallaşdırmaq istəyirlər. Bu məqsədlə rəqəmsal alətlərdən, süni intellek tətbiqlərdən də istifadə edəcəklər.

Düşünürəm ki, kommunal sektorda istehlakçılar üçün şəffaf, güvənli  və əlçatan bir sayğac sisteminin qurulması, real vaxt rejimində istifadə monitorinqinə imkan yaradılması, real vaxtda və onlayn formada istehlak məlumatlarına asan çıxış imkanlarının yaradılması əhəmiyyətlidir və təqdirəlayiqdir. Amma qeyd edim ki, hələlik kommunal sektorda sayğac ekosistemi ilə bağlı çox şey əvvəlki qaydadadır.

Təbii inhisar subyekti olan "Azəriqaz" və eləcə də digər kommunal qurumlar bütün sayğac məsələlərinə, onlara avadanlıq və proqram təminatı yüklənməsinə, billing məsələlərinə, məlumatların ötürülməsinə və öz ofislərində emal edilməsinə, bildirişlər hazırlanmasına özləri nəzarət edirlər. Dəfələrlə qeyd etmişik ki, təbii inhisar suyektləri üçün bütün bunların bir əldə cəmləşməsi ciddi risklər yaradır. SOCAR-ın rəhbərliyi ilə həyata keçiriləcək bu yeni layihədən sonra "Azəriqaz"da nələrin dəyişəcəyini yəqin ki zaman göstərəcək.

Hazırda isə bu ekosistemdə müsbət istiqamətdə dəyişən iki məsələ var. Hökumət tərəfindən kommunal sektorun bütün məlumatlarının vahid informasiya sistemində, vahid şəxsi kabinetdə toplanması və email ilə bağlı işlər aparılır.

"Azərişıq", ADSEA, "Azəriqaz" , "Azəristiliktəchizat" xidmətləri ilə bağlı məlumatların vahid mərkəzdə cəmləşdirilməsi nəzərdə tutulub. Uzun illərdir ki, bu məsələ gündəmdə olmasına, hətta Prezident tərəfindən təsdiqlənən sənədlərdə öz əksini tapmasına baxmayaraq, bu məsələ öz həllini tapa bilməyib. Son zamanlar Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyada, İRİA çərçivəsində bu istiqamətdə işlərin canlanması müşahidə olunur.

İkinci diqqətçəkən məsələ isə ölçmə vasitələrinin - sayğacın texniki ekspertizasının artıq Azəriqaz-ın əlindən alınmasıdır. Sayğacların metroloji yoxlaması və sertifikatlaşdırılmasını, yəni, necə deyərlər, tərəzinin düz işləməsini Azəriqaz deyil, Metrologiya və Standartlaşdırma strukturu tərəfindən həyata keçiriləcək. Bu da, prinsipial dəyişiklikdir.

Amma bu müstəqillik praktikada necə təmin olunur, hansı testlər aparılıb, nəticələr ictimaiyyətə niyə təqdim olunmur - suallar hələ də açıqdır.

Elxan Şahinoğlu, politoloq:

- Belçika Parlamenti və ya ABŞ Konqresi erməni lobbisinin təsiri ilə "Qarabağda etnik təmizləməylə" bağlı mənasız sənədlər qəbul edəndə həm öz ölkələrinin hökumətlərinə Azərbaycanla münasibətlərdə problemlər yaradırlar, həm də Emənistanın özünə pislik edirlər. Çünki başda Baş nazir Nikol Paşinyan olmaqla Ermənistan cəmiyyəti Qarabağın Azərbaycan ərazisi olduğu reallığını qəbul edib, "etnik təmizləmə" söhbətini etmirlər, İrəvan Bakı ilə sülh sazişinin imzalanması məqsədilə danışıqları intensivləşdirib. Ermənistanın Baş naziri bir dəfə də dilinə "etnik təmizləmə" ifadəsini gətirməzkən, Qərbdəki bəzi dairələr ermənidən çox erməni olmağa çalışırlar. Onlar ermənilərə kömək etmək istədiklərini göstərmək istəyərkən, əslində ən böyük pisliyi elə ermənilərə edirlər. Bir gün Ermənistan Azərbaycanla sülh sazişi imzalayarsa, Qərbdəki həmin dairələrin özləri pis vəziyyətdə qalacaq.

Buna baxmayaraq, Azərbaycan Xarici İşlər Nazirliyi, ABŞ və Belçikadakı səfirliklərimiz fəallıqlarını artırmalıdırlar. Erməni lobbisi həmin ölkələrdə güclü ola bilər, ancaq onların müxtəlif ölkə parlamentlərinə nüfuz etmələriylə mübarizəni gücləndirmək lazımdır. Misal üçün ABŞ Senatının üzvü, Missuri ştatından olan respublikaçı senator Coş Houli və Nümayəndələr Palatasının üzvü Rayli Mur Konqresə Azərbaycana qarşı yeni qətnamə layihələri təqdim ediblər. ABŞ Prezidenti Donald Tramp isə azərbaycanlı həmkarı İlham Əliyevın Qarabağdakı çıxışının bir hissəsini sosial şəbəkəsində paylaşıb. ABŞ Konqresində Trampı dəstəkləyən respublikaçı az deyil. Həmin respublikaçılardan bir neçəsi ABŞ-ın Azərbaycanla əməkdaşlığının vacibliyi və Rusiyanın Cənubi Qafqazdan sıxışdırılmasıyla bağlı bölgə və ölkəmiz lehinə qətnamə hazırlaya bilməzlərmi? Bu mümkündür, sadəcə, bunun üçün fəallığımızı artırmalıyıq, əks halda hər dəfəsində erməni lobbisinin təxribatlarının nəticələriylə mübarizə aparmalı olacağıq.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
29
525.az

1Sources