İran və “Avropa üçlüyü”nün (Böyük Britaniya, Fransa və Almaniya) nümayəndələri İstanbulda bir araya gələrək bu ölkələr arasında İranın nüvə proqramının həyata keçirilməsi ilə bağlı yaranmış gərginliyi müzakirə ediblər.
Referans xəbər verri ki, bu barədə İSNA agentliyi məlumat yayıb.
Nazir müavini səviyyəsində danışıqlar Aİ-3-ün İranın nüvə problemini həll edəcək ABŞ ilə razılığa gəlmədiyi təqdirdə, yayın sonuna qədər İrana qarşı beynəlxalq sanksiyaları bərpa etmək mexanizmindən istifadə etmək təhdidləri fonunda keçirilir. Yeri gəlmişkən xatırladaq ki, Tehran və Vaşinqton arasında danışıqlar hazırda dayandırılıb.
Bildirilir ki, danışıqlardan əvvəl İran xarici işlər nazirinin beynəlxalq məsələlər üzrə müavini Kazem Qarib-Abadi də təsdiqləyib ki, əgər “Avropa üçlüyü” İrana qarşı sanksiyaları bərpa etmək qərarına gəlsə, Tehran buna cavab verəcək. Eyni zamanda o, sanksiyaların bərpa olunacağı təqdirdə İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən (NPT) çıxa biləcəyini “istisna etməyib”, bununla belə, cavab tədbirlərinin hələ də nəzərdən keçirildiyini qeyd edib.
İran Britaniya, Almaniya və Fransadan nüvə danışıqlarında rol oynamaq istədikləri təqdirdə sanksiyaların bərpası ideyasından əl çəkmələrini və məsuliyyətli davranmağa başlamalarını tələb edir.
Qeyd edək ki, İran parlamentariləri çəkindirici olaraq, Aİ3-ün hələ də formal olaraq qüvvədə olan 2015-ci il nüvə sazişində nəzərdə tutulan beynəlxalq sanksiyaların bərpası mexanizmini işə salacağı təqdirdə NPT-dən çıxmaq üçün qanun layihəsi hazırlayıblar.