Bu əzmkarlığı Yunanıstanda da göstərə bilsək, daha yaxşı nəticə əldə edəcəyik.
Bunu Operativ Media-ya “Araz-Naxçıvan” klubunun futbolçusu Qara Qarayev UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Yunanıstanın “Aris” komandası ilə ilk oyundan sonra açıqlamasında deyib.
Təcrübəli yarımmüdafiəçi ilk oyunun nəticəsindən razı qaldığını bildirib:
“Əvvəlcə bütün azarkeşlərimizi və komandamızı təbrik edirəm. İlk oyunumuz olmasına baxmayaraq, yaxşı xarakter nümayiş etdirə bildik. Minimum hədəfə çatdıq və işimizin yalnız yarısını görmüşük. Rəqib güclü komanda idi. Hesab fərqli də ola bilərdi, lakin doğma meydanın və azarkeşlərin dəstəyinin sayəsində nəticəni xeyrimizə dəyişə bildik.”
Qarayev cavab oyununa ciddi şəkildə hazırlaşacaqlarını qeyd edib:
“Hələ işimiz bitməyib. Daha səbirli və əzmkar olub səfərə inamla yollanmalıyıq. Ümid edirəm ki, bu əzmkarlığı Yunanıstanda da göstərə bilsək, daha yaxşı nəticə əldə edəcəyik. Qarşıdakı bir həftə ərzində çatışmazlıqlarımızı aradan qaldıraraq oyuna maksimum səviyyədə hazırlaşacağıq. Azarkeşlərin bizə inanması isə qələbə əzmimizə böyük dəstək olacaq".
Qeyd edək ki, "Araz-Naxçıvan" iyulun 31-də Yunanıstanda cavab qarşılaşmasına çıxacaq.