Şair Alməmməd Eldaroğlu istedadlı bir müəllif kimi bir neçə kitabın müəllifidir. Onun "Vətən əmanətdir" (2011), "Mənim gördüyüm dünya" (2013), "Niyə belədir dünya?" (2021), "Dağlar qartalı" (2022), "Vətən harayı" (2022), "Zəfər Günəşi" (2024), "Gecələr, düşüncələr" (2024) kitablarında oxunaqlı şeir və poemaları toplanmışdır. Şair Alməmməd Eldaroğlu yaradıcılığı üçün də xarakterik olan Azərbaycanın qardaş həsrəti - Cənub ağrısı Azərbaycanın bütövlüyü idealına inam və Cənubi Azərbaycan məhəbbətinin ifadəsidir. Vaxtilə yazdığı "Qonaq getmişdim Araza" adlı poeması və bu mövzuda yazılmış digər əsərlərində özünün dəruni həsrət və duyğularını ifadə edən vətəndaş şair bütün xalqımızın duyğularını ifadə etməyə qabil olmuşdu. Son dövrlərdə baş verən hadisələr, görünür, şairin vətəndaşlıq duyğularını daha riqqətə gətirmişdir ki, müəllif ard-arda Cənubi Azərbaycana həsrət notları ilə zəngin çoxsaylı əsərlər ərsəyə gətirmişdir. "İstiqlal, Təbriz", "Təbrizim" kimi şeirlərində şairin həsrət duyğuları sözün qanadlarında qanad çalaraq poetik dünyanın üfiqlərində bütöv, böyük Azərbaycan günəşi kimi işıq saçır, inam, ümid şəfəqlərini yayır. Şair Təbrizə müraciətlə yazdığı şeirlərində Cənubi Azərbaycandakı xalq hərəkatını, azadlıq, istiqlaliyyət mübarizəsini, ölüm-qalım savaşını, xalqa tutulan divanı, ağrı-acıları, ölüm-qalım savaşlarını dilə gətirmiş, yana-yana, acıya-acıya ifadə etmişdir:
Rübabın gözündən çöz qara teli,
Dönüb sarı simin mən olum, Təbriz.
Yedim ürəyimi düz iki əsr,
Kədərdən, möhnətdən mən ölüm, Təbriz.
Ürəyim söz dolu, dilimə gəlmir,
Gedən durnalardan yoxdur səs-səmir.
Bu hicran, bu həsrət bağrımı dəlir,
Tükəndim möhnətdən , mən ölüm, Təbriz.
Ağrıdağ durulub, dumanı ötür,
Savalan Şəhriyar dilində ötür.
Sinəmdən körpü çək Araza xətir,
Keçim o körpüdən mən ölüm, Təbriz.
Ayrılıq qoymadı xoş gün görməyə,
Qardaş izn alır qardaş görməyə.
Oğrun boylanmaqdan döndüm körpəyə,
Belə rəzalətdən mən ölüm, Təbriz.
Nə vaxt ki çılğınsan, o vaxt dəlisən,
Babam Xətainin öz vətənisən.
Xoylu Alməmmədəm, qəribsəmişəm,
Qurtar bu həsrətdən, mən ölüm, Təbriz.
Şairin Təbrizə müraciətlə yazdığı bu əsər yüzlərcə bu mövzudakı şeirlər arasında özünəməxsus və orijinaldır. Şairin özünəməxsus poetik ifadələri çox dərin və özünəməxsus mənalandırıla bilər. Şair Təbrizə müraciətlə kədər, dərd, nisgil pələyən rübabın dərdli simi - sarı simi olmaqla özü bu kədərin göz yaşına, ağlayan gözünə, zarıyan dilinə çevrilmək istəyir. Şairin kədər və həsrət dolu qəlbi söz dolu olsa da, elə bil dili bağlanıb, dilinə bir söz belə gəlmir. Adətən köçəri quşlar olan, həsrətin bədii obrazına çevrilən durnalar getdiyi yerdən dönərlər. Lakin şair "Gedən durnalardan yoxdur səs-səmir" deməklə həsrətini daha da tündləşdirmiş, ümid əlini belə üzdüyünü ifadə etmişdir. Şair dos-doğma qardaşların bir-birini görməsinə qoyulan maneə və tələbləri, dünyanın anormallığını, taleyin dönüklüyünü "Qardaş izn alır qardaş görməyə" deməklə ifadə etməyə qabil olmuşdur.
Alməmməd Eldaroğlu üçün Cənubi Azərbaycan mövzusu həm də ona görə aktual, özünəməxsusdur ki, o özünün əslinin-nəslinin məhz Cənubi Azərbaycandan gəldiyinə inanır. Şair bu inancı müxtəlif əsərlərində - həm lirik şeirlərində, poemalarında, həm də yeni ərsəyə gətirəcəyi avtobioqrafik dedektiv əsərində əks etdirmişdir. Ata-babalarının dediyinə görə, şair Alməmməd Eldaroğlunun ulu nəsli həm Cənubi Azərbaycanın Xoy şəhərindəndir, həm də Şah İsmayıl şəcərəsinə mənsubdurlar. Buna görə də şair şeirdə "Xoylu Alməmmədəm" deməklə özünün əcdadının Cənubi Azərbaycandan - Xoydan gəldiyinə işarə etməş istəmişdir.
Şair Azərbaycanın hələ də paralanmış, doğmaları ilə həsrət içində qalmasını, Cənubi Azərbaycanla Şimali Azərbaycanın ayrılığını, Cənubda qardaşlarımıza tutulan divanı, zülmü "İstiqlal, Təbriz" adlı başqa bir şeirində kədər və qəzəblə qarşılayır, zalıma lənət oxumaqla bərabər zülmə qarşı mübarizəyə və birliyə səsləyir:
Məzlumlar Allaha tutub üzünü,
Zalımlar fağırın əzdi yüzünü.
Ahımız bürüyüb bu yer üzünü!
Bitsin bu əsarət, qeylü-qal, Təbriz,
Ya olum, ya ölüm! - İstiqlal, Təbriz!
Xalqa zülüm verir molla - koramal.
Niyə danışılmır, verilmir sual,
Edir dar ağacı ölüm istehsal?
Bu nə işkəncədi, nə məlal, Təbriz,
Ya olum, ya ölüm!- İstiqlal, Təbriz!
Ədalət boğulub doğduğu gündən,
Vicdanlar korşalıb lap əzəlindən.
Əlimiz üzülür Urmu gölündən,
Qalmadı salamat bir mahal, Təbriz,
Ya olum, ya ölüm! - İstiqlal, Təbriz!
Bəsdir, oyan daha, dur, qalx ayağa,
Dumanlı, vulkanlı, ey susmuş lava.
Sarıl Azərbaycan, vahid bayrağa,
Nə vaxt parlayacaq, istiqbal, Təbriz?!
Ya olum, ya ölüm? - İstiqlal, Təbriz!
Şair Alməmməd Eldaroğlu Təbrizlə bağlı yazdığı şeirlərində çox cəsarətlə davranaraq açıq ifadələr işlədir, konkret məsələlərdən bəhs edir, həmçinin dəqiq mesajlar verir. Xalqı müxtəlif bəhanələrlə avamlığa, cəhalətə və köləliyə sürükləyən "molla koramal"lara müraciət etməklə yalançı din adamları və hökmlərini lənətləyir, xalqa zülm edən, ölümə aparan, keçmişindən, mənliyindən, azadlığından qoparan qüvvələrə qarşı savaş açır. Bütöv Azərbaycanın mədəniyyət və tarix beşiyi olan Urmunun məhv edilməsi planına, eləcə də azərbaycanlıların tarixi keçmişi və vətəninə unutdurulma xəyanəti hazırlayanlara qarşı qətiyyətlə səslənir, "susmuş lava" olan Azərbaycanı - Azərbaycan xalqını vətən və birlik naminə mübarizəyə səsləyir
Şairin poema yaradıcılığında da Cənubi Azərbaycan motivləri yer almışdır. Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə yazılmış "Qonaq getmişdim Araza" poeması sırf Cənub mövzusuna həsr edilib. Şairin "Qonaq getmişdim Araza" poeması yenidən işlənmiş və daha da təkmilləşdirilmiş əsər kimi Cənub mövzusunda yazılmış ən yaxşı əsərlərdən biri olaraq diqqəti cəlb edir. Əsərin orijinal quruluşu vardır. Poemanın daxilində həm müəllifin özünün, həm də digər sənətkar və dövlət xadimlərinin fikirlərindən yaradıcılıqla istifadə edilmiş və poemaya zənginlik qatmışdır. Şair yeri gəldikcə cənub mövzusunda yazmış B.Vahabzadədən, M.Arazdan, habelə Xalq şairi Səməd Vurğundan, Cənubi Azərbaycan şairi M.Şəhriyardan, dahi Üzeyir Hacıbəylinin musiqisini bəstələdiyi, müəllifi Ə.Cavad olan Azərbaycan Dövlət Himninin sözlərindən, şair və dövlət xadimi Şah İsmayıl Xətayi kimi müəlliflərin şeirlərindən örnəklər daxil etmiş, Ulu Öndər Heydər Əliyevin, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və 44 günlük Vətən müharibəsində Türkiyə Cümhuriyyəti və türk dünyası adından hər zaman qardaş Azərbaycanın yanında olan Rəcəb Təyyib Ərdoğanın fikirlərindən də istifadə edilərək əsərə daxil edilmiş, əsər forma və məzmun etibarilə daha da mükəmməl bir şəkil almışdır. Poema forma etibarilə müxtəlif janrlarda yazılmış əsərlərin qatılması yolu ilə zənginləşdiyi kimi, müxtəlif şeir ölçülərində yazılması ilə də püxtəlik və orijinallıq nümayiş etdirmişdir. Əsərdə Cənubi Azərbaycana qovuşmaq idealı işığında işğal edilmiş ərazilər üzərində Azərbaycanın qazandığı şanlı Zəfər və Qərbi Azərbaycana qayıdış ümidləri də qovuşuq şəkildə yer almışdır. Poemada Araz baş qəhrəman - obraz olaraq çıxış edərək Azərbaycan xalqı və dövlətinin taleyi kimi çıxış edir, öz qayğılarını, dərdlərini dilə gətirir, sevincini, kədərini ifadə edir, vətəndaşları, övladları qarşısında gələcəyə yönəlik mühüm vəzifələr qoyur, hamını birliyə, həmrəyliyə çağıraraq bütövlük və birlik naminə mübarizə idealına səsləyir:
Yıxılacaq sərhədlər də
Ayrılıqlar yox olacaq.
Yellənəcək al bayrağım,
Vüsət alıb, yüksələcək,
Tam qalxacaq bu millətim
Borçalı, Göyçə qarışıq
İrəvan, Naxçıvan, Təbriz,
Xoyum, Zəncan, Ərdəbilim,
Düz Bakıdan Dərbəndədək
Öndə Ali Baş Komandan
Yürüşlərə düzüləcək.
Ulu xalqım, qədim torpaq,
Sevinc dolu qucaq-qucaq
Azərbaycan sədasıyla
Zəfər himnin oxuyacaq,
Cəm olacaq, birləşəcək!
Həsrətinin sevgisinə -
Həmrəyliyə qovuşacaq!
Xalq-Öndər vəhdətindən
Bütöv Azərbaycan doğacaq!
Bəli, bu gün də sözümüzün qibləsi Vətəndir! Həm də ona görə ki, Azərbaycan xalqı twkchr("39")nmchr("39")z milli qeyrətlə yeni əsrə və minilliyə keçmiş dövrün köhnə problemlərini birdəfəlik çözərək daxil olmuş, işğal edilmiş Qarabağ və ətrafı ərazilərini azad edərək Azərbaycanın suverenliyini təmin etmişdir. Bu günün siyasi mənzərəsində daha qüdrətli, daha güclü bir Azərbaycan var ki, özünün siyasi-strateji mövqeyilə xalqına iftixar gətirir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik sərkərdəliyi ilə Müzəffər Azərbaycan Ordusu düşmənlərinə elə bir dərs verdi ki, çətin bir də Azərbaycan sərhədlərinə baxalar. Məhz belə bir zamanda Cənubi Azərbaycan haqqında qayğılanma, Azərbaycanın bütövlüyü barədə düşünmək də aktual, zəruri, günün nəbzidir. Bu ümdəlik şair Alməmməd Eldaroğlunun da yaradıcılığında yer alaraq xalqın idealı, arzu və istəklərini ümumiləşdirmişdir.
Ramiz QASIMOV
AMEA Naxçıvan Bölməsinin şöbə müdiri,
filologiya üzrə fəlsəfə doktoru, dosent