EN

BMT-nin dayanıqlı inkişaf üzrə yüksəksəviyyəli forumu başa çatıb

Bakı, 25 iyul, AZƏRTAC

BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında dayanıqlı inkişaf üzrə yüksəksəviyyəli forum (HLPF) başa çatıb.

AZƏRTAC xəbər verir ki, tədbirdə üzv dövlətlər, vətəndaş cəmiyyəti nümayəndələri və BMT agentlikləri arasında bir həftə yarım davam edən əsaslı müzakirələrin yekununa dair Bəyannamə qəbul edilib. ABŞ və İsrail sənədin əleyhinə səs verib, Paraqvay və İran isə bitərəf qalıb.

Bəyannamənin mətnində deyilir: “BMT-nin 2030-cu il Gündəliyi davamlı inkişafa nail olmaq və üzləşdiyimiz çoxsaylı böhranların aradan qaldırılması üzrə əsas yol xəritəsi olaraq qalır”.

BMT Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müşaviri Junhua Li üzv dövlətlərin bu Bəyannaməni “çoxtərəfli qətiyyətin güclü təsdiqi” kimi qəbul etməsini yüksək qiymətləndirib. O əlavə edib: “Bu HLPF-dən irəliyə doğru yol göstərmək üçün yenilənmiş qətiyyət, paylaşılan imkanlar və gücləndirilmiş məsuliyyət hissi ilə ayrılırıq”.

HLPF 2010-cu ildən bəri hər il keçirilir və BMT-nin İqtisadi və Sosial Şurası (ECOSOC) tərəfindən 2030-cu il Gündəliyinin bir hissəsi kimi 2015-ci ildə qəbul edilmiş və daha ədalətli və əhatəli dünya yaratmağa çalışan 17 Dayanıqlı İnkişaf Məqsədləri (SDG) üzrə irəliləyişləri və ya çatışmazlıqları müzakirə etmək məqsədi daşıyır.

Bu il forum bu məqsədlərdən beşi - yaxşı sağlamlıq və rifah, gender bərabərliyi, layiqli iş və iqtisadi inkişaf, su altında həyat və tərəfdaşlıq üzərində dayanıb.

Bəyannamədə üzv dövlətlər bildiriblər ki, həmin məqsədlərə nail olmaq üçün vaxt tükənir. BMT Baş katibinin HLPF-nin ilk günündə açıqlanan hesabatına əsasən, 2030-cu ilə qədər SDG-lərin yalnız 18 faizi ümid doğurur, onların yarıdan çoxu isə çox yavaş templərlə yerinə yetirilir.

Üzv dövlətlər davamlı inkişafa maneçilik törədən yoxsulluğun rolunu və inkişaf gündəliyinin bütün aspektlərini təhdid edən pisləşən iqlim böhranını xüsusi vurğulayıblar. Bəyannamədə bu iki problem dünyanın üzləşdiyi “ən böyük qlobal çağırışlar” adlandırılıb.

Hökumətlərin sülhün təşviqində oynamalı olduğu rolu vurğulayan SDG-nin 16-cı maddəsinə uyğun olaraq, üzv dövlətlər təsdiq ediblər ki, inkişafın ilkin şərti kimi sülhün reallaşdırılması üçün güclü idarəetmə və tərəfdaşlıq vacibdir. “Biz başa düşürük ki, davamlı inkişaf sülh və təhlükəsizlik olmadan həyata keçirilə bilməz, dayanıqlı inkişaf olmadan isə sülh və təhlükəsizlik risk altında olacaq”, -deyə sənəddə bildirilir.

Fəaliyyət Planı

Çoxtərəfliliyə qarşı maneələr ilə bağlı üzv dövlətlər bəyan ediblər ki, Bəyannamə BMT-nin bu il qeyd olunan 80-ci ildönümündə çoxtərəfliliyə sadiqliyinin təsdiqidir. Daha yaxşı bir dünyaya nail olmaq məqsədilə Fəaliyyət Planının əhəmiyyəti vurğulanıb. Hökumətlər və vətəndaş cəmiyyətinə bu istiqamətdə təcili tədbirlər görülməsi tövsiyə edilib: “Biz heç kimi geridə qoymadan insanlar, planet, firavanlıq, sülh və tərəfdaşlıq naminə Fəaliyyət Planını həyata keçirmək üçün təcili hərəkətə keçəcəyik”.

Fərqlər, dialoq və həll yolları

ECOSOC-un prezidenti Bob Rey etiraf edib ki, Bəyannamə çox gərgin müzakirələrdən sonra qəbul olunub və səslənən fikir ayrılıqları aradan qaldırılmalıdır. “Gəlin açıq danışaq. Gender, irq, rəng və ya məzhəbdən asılı olmayaraq, hamımızın bərabərliyi davamlı inkişaf, insan hüquqları və çoxtərəfli sistemimizin etibarlılığı üçün əsasdır”, deyən Şuranın prezidenti cəsarət və liderlik tələb edən yeni dialoqa təcili ehtiyac olduğunu vurğulayıb. O, BMT Nizamnaməsinə işarə edərək deyib ki, suveren dövlətlərin hüquqları ilə digər azadlıq və hüquqların universallığı arasında tarazlıq olmalıdır. Eyni zamanda, qlobal birliyin ən çox geridə qalan üzvlərinə diqqət daha da artırılmalıdır. “Bu gün stres şəraitində, yoxsulluğun sərhədində və aclıq içində yaşayan çoxlu insan var. Biz başa düşməliyik ki, əsas vəzifəmiz onlara yardım etməkdir”, -deyə Rey vurğulayıb.

 

 

 

Chosen
37
1
azertag.az

2Sources